Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3989/2023 27.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2022-ci il tarixli **********1 saylı qərarının ləğv edilməsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının qullqu stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesbalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1. maddəsinə əsasən pensiya təyin olunduqdan sonrakı dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla “əmək pensiyasının” yenidən hesablanması öhdəliyini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanma barədə” xx.xx.2023-cü il tarixli **********1 saylı qərarının ləğv edilməsi və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının qullqu stajına görə əlavələr azaldılmamaqla əmək pensiyasının yenidən hesbalanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 14 iyul 2010-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyasına çıxdıqdan sonra 6 ildən yuxarı əmək fəaliyyəti olmuşdur. Bununla bağlı 2022ci ilin aprel ayında cavabdeh idarəyə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını tələb etmişdir. Lakin əmək pensiyasının miqdarında hər hansı artım olmamışdır, məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, cavabdeh əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul etmişdir, lakin qulluq stajına görə əlavələr qədər azaltmışdır ki, nəticədə onun pensiyasında hər hansı artım baş verməmişdir. Bununla bağlı iddiaçı həmin qərarın ləğv edilməsini və qulluq stajılna görə əlavələr qədər azaldılmanın aparılmadan əmək pensiyasının yenidən hesbalanmasını tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı cavabdehə xx.xx.2022-ci il tarixdə müraciət edərək, ona xx.xx.2010-cu il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İnzibati orqanın xx.xx.2022-ci il tarixli **********3 nömrəli məktubu ilə iddiaçının müraciəti əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın məbləğinin yenidən hesablandığı bildirilmişdir. Belə ki, iddiaçının əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 17842,27 manat pensiya sığorta kapitalı qeydə alınmışdır. Onun 17842,27 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 158 (17842,27:158 (65 il-57 il 10 ay=86 ay+(144 ay-72 ay)- 112,93 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (270,02 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi 382,95 (270,02+112,93) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq onun qulluq stajına görə əlavə məbləği (562,63 manat) həmin artım qədər (112,93 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 382,95 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 449,70 (562,63-112,93) manat təşkil edir. İddiaçıya 1 yanvar 2022- ci il tarixindən hesablanmaqla ((Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-83,27 manat maddi yardım ödənilir. Əlavə olaraq M.X1 11 aprel 2023-cü il tarixində əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmişdir. İnzibati orqanın xx.xx.2023-cü il tarixli 3- 17-172-A-100528/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, iddiaçının 08 aprel 2022-ci il tarixindəki müraciəti ilə əlaqədar əmək pensiyasının sığorta hissəsi pensiya təyin edildikdən sonra topladığı pensiya sığorta kapitalına görə həmin tarixdə qüvvədə olmuş qanunvericiliyə uyğun olaraq yenidən hesablanıb. Belə ki, ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 17842,27 manat pensiya sığorta kapitalı əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci, 29.2ci və 45-ci maddələrinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi yenidən hesablanıb. Nəticədə hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 382,95 manat, qulluq stajına görə əmək pensiyasına əlavə məbləği isə 449,70 manat təşkil edir. Göründüyü kimi, onun müvafiq pensiya sığorta kapitalı müraciətinə əsasən istifadə olunub. Buna görə də, topladığı pensiya sığorta kapitalına görə Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının təkrar olaraq yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İddiaçı M,Allahverdiyevə xx.xx.2010-cu il tarixdən əmək pensiyasının sığorta hissəsi -270.02 manat qulluq stajına görə əmək pensiyasına əlavəsi-562,63 manat müəyyən edilməklə hərbi qulluqçu kimi güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyin edilmişdir. X4 mövcud olan məlumatlara əsasən iddiaçının əmək pensiyaçısı kimi işləməyə davam etdiyi üçün, yəni işləməyən əmək pensiyaçısı kateqoriyasına keçmədiyindən əmək pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablanması mümkün deyil. İddiaçı əmək pensiyasının müraciətdə qeyd olunan əsaslarla yenidən hesablanması məsələsinə yenidən işlədikdən sonra işdən azad olduğu təqdirdə və ya işləyən əmək pensiyaçısı kimi pensiyasının topladığı pensiya sığorta kapitalına əsasən yenidən hesablandığı tarixdən 6 il keçdikdən sonra baxıla bilər. İş materiallarında olan 10xx.xx.2023-cü il tarixli **********1 nömrəli qərardan görünür ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən İddiaçı əmək pensiyası yenidən hesablanmışdır. Məhkəmənin sorğusuna əsasən İddiaçı barəsindəki inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.3 hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Maddə 1.0.5 təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.2 Yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən. Maddə 9.6 Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 29.2. Bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddə 37.3 İşləyən əmək pensiyaçılara : -37.3.1 Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir. Həmin Qərara görə əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 14 iyul 2010-cu il tarixdən əmək pensiyası təyin edilmişdir. Əmək kitabçasında aparılan qeydərə görə o, xx.xx.2010cu il tarixdən xx.xx.2013+-cü il tarixədək "xxxx" ASC-də, xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC Texniki Qazlar zavodunda və s.müəssisələrdə iş yerlərində işləmişdir və hazıradək də əmək fəaliiyətini davam etdirir. Beləliklə, o, pensiyaya çıxandan sonra iş stajı 6 ildən çox müddət təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının əmək pensiyası yenidən hesablansa da, cavabdeh onun barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1ci maddəsinə əsaslanaraq əmək pensiyasına qulluq əlavələrini azaltmışdır. Nəticədə isə yenidən hesablanma nəticəsində iddiaçının vəziyyətində hər hansı yaxşılaşma baş verməmişdir. Faktiki olaraq cavabdeh əmək pensiyasının sığorta hissəsini artırsa da, bir o qədər qulluq stajına görə əlavələri azaltmışdır. Beləliklə, cavabdeh tərəfindən qəbul edilmiş pensiyanın yenidən hesablanması barədə qərar əlverişsiz inzibati aktdır və iddiaçının sosial təminatını yaxşılaşdırmağa xidmət etmir. Bununla bağlı məhkəmə hesab edir ki, pensiyanın yenidən hesablanması barədə cavabdehin qəbul etdiyi qərar ləğv edilməli və pensiyanın yenidən hesablanmasının qulluq stajına görə əlavələr azaldılmamaqla aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iddia müddətinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya cavabdeh tərəfindən lazımi qaydada təqdim edilməsi və ya elan edilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının qəbul etdiyi xx.xx.2022ci il tarixli **********1 saylı saylı qərar ləğv edilsin və fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən əmək pensiyasının qullqu stajına görə əlavələr azaldılmadan yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-3989/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3989/2023
27.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver