Məhkəmə qərarları › İş №2-1(118)-3996/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3996/2025

26.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3996/2025 26.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X4rşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X4rşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Hökməli bələdiyyəsinin 15 aprel 2008-ci il tarixli 11 nömrəli qərarına əsasən iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh olan “ X5 üzərinə qoyulmasını xahiş etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən Cavabdeh1 X5 strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən Cavabdeh1 X5 tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən cavabdeh əsl olan cavabdeh X7 ilə əvəz edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Hökməli bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 nömrəli qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli Bələdiyyə torpaqlarından iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 0,05 ha torpaq sahəsi ayrılmış və torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini X2 Bankının Abşeron rayon filialındakı **********0 saylı xüsusi hesabına iddiaçı tərəfindən 20 saylı mədaxil qəbzi ilə 500 manat pul ödənilmişdir. Abşeron rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin 11 aprel 2008-ci il tarixli ayrınc aktına əsasən Hökməli bələdiyyəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra iddiaçıya, fərdi yaşayış evinin tikilməsi üçün 0,05 ha torpaq sahəsi ayrılaraq təhvil verilmiş və həmin tarixli Abşeron rayon Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarış verilmişdir. Abşeron rayon Torpaq və Xəritəçəkmə Şöbəsinin 11 aprel 2008-ci il tarixli ayrınc Aktına əsasən Hökməli bələdiyyəsinin Baş İnkişaf Planı əsasında fərdi yaşayış evlərinin tikintisi üçün ayrılan həyətyanı torpaq sahəsindən yerində ölçülüb nişangahlar qoyulduqdan sonra torpaq sahəsinin yerləşmə və cizgi planına əsasən həmin torpaq sahəsi iddiaçı tərəfindən daş hasara alınmış və bugünədək onun istifadəsindədir. Hazırda Abşeron rayonu, Hökməli bələdiyyəsinin qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq Dövlət reyestrindən çıxarış alınmasına zərurət yaranmışdır. Abşeron rayonu, Hökməli Bələdiyyəsinin qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli bələdiyyə torpaqlarından iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi barədə müvafiq sənədləri ərizəyə əlavə edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli imtina ərizəsində göstərilir ki, aparılmış araşdırma zamanı Abşeron raon Hökməli Bələdiyyəsinin 15 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə 0,05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı aşkar edilmişdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və ya müsabiqə vasitəsi ilə satılmalı olduğu halda bilavasitə satılmışdır. İddiaçı hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 05 dekabr 2024-cü il tarixli imtinası əsassız və qanunsuzdur. Yuxarıda göstərilənləri nəzərə alaraq Abşeron rayon Hökməli bələdiyyəsinin 11 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Hökməli Bələdiyyə torpaqlarından iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün 0,05 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmaqla Dövlət reyestrindən çıxarış verilməsi üçün iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 4 saylı Abşeron Ərazi İdarəsi qanunsuz və əsassız olaraq imtina cavabı verilmişdir. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələbləri baxımından iddiaçıya məxsus torpaq sahəsinin daşınmaz əmlakının dövlət reyestrində mülkiyyət hüququ ilə ərizəçinin adına rəsmiləşdirilməsi üçün əsaslar mövcuddur. Lakin cavabdeh idarə qanunsuz və əsassız olaraq iddiaçıya məxsus torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

5. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 49.1, 49.2, 55, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 3.0.4, 6.3, 7.1.2, 9.8, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 10.2, 10.2.1, 10.2.2, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1-ci maddələrinə istinad olunmuşdur.

6. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Hökməli Bələdiyyəsi tərəfindən 15 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə 0.05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, alqı-satqı aktının və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmadığı, Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

10. Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 saylı qərarına əsasən iddiaçıya 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır.

11. xx.xx.2008-ci il tarixli 20 saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən Hökməli bələdiyyəsinin bank hesabına 500 manat məbləğində ödəniş edilmişdir. 12 Abşeron rayon Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı ayrılmış 0,05 ha torpaq sahəsinin ölçüləri və yerləşmə vəziyyəti göstərilmişdir.

13. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 2520 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 2003-cü ildən uşaqları ilə birlikdə Hökməli qəsəbəsi, Nübar y/m-də yaşayır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Hökməli bələdiyyəsi tərəfindən 15 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə 0,05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, alqı-satqı aktının və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmadığı, Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub- olmamasını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7n 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto görüntüsü, baş planın surəti və qonşuluqlara dair məlumatlar təqdim edilir.

16. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Hökməli Bələdiyyəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, bələdiyyələrin torpaqayırma sənədlərinin qanunvericiliyə uyğun olaraq 5 ildən bir Dövlət Arxiv İdarəsinə təhvil verilməsi həyata keçirilir. Odur ki, qeyd olunan bələdiyyə tərəfindən 15 aprel 2008-ci il tarixli, 11 saylı qərarla ayrılmış torpaq sahəsinin torpaqayırma sənədləri Abşeron rayon Dövlət Arxivinə təhvil verilmişdir.

17. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron rayon Dövlət Arxivi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktuba Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli qərarının və digər sənədlərin təsdiq edilmiş surəti əlavə olunmuşdur.

18. Məhkəmənin sorğusuna cavab olaraq Baş Pasport Qeydiyyat və Miqrasiya Xidməti tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı xx.xx.2005-ci il tarixdən hazıradək ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

19. xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki 0,11 ha ölçüdədir. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsində 1 ev, 1 yüngül konstruksiyalı istixana mövcuddur. Torpaq sahəsinin qərb tərəfindən 13.2m-13.6m məsafədən 220 KVT YGEX, şərq tərəfindən 4.6m-6.2m məsafədən 220 KVT YGEX keçir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunub.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

21. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

24. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

26. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

31. Belə ki, Abşeron rayon Hökməli Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 11 saylı qərarına əsasən iddiaçıya 0,05 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İddiaçı tərəfindən Hökməli bələdiyyəsinin bank hesabına 500 manat məbləğində ödəniş edilmişdir. İddiaçı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, Hökməli bələdiyyəsi tərəfindən 15 aprel 2008-ci il tarixli, 11 saylı qərarı ilə 0,05 ha torpaq sahəsinin bilavasitə, bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, alqı-satqı aktının və arxiv arayışının hazırkı ərizənizə əlavə olunmadığı, Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub- olmamasını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir.

32. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Hökməli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 2520 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 2003-cü ildən uşaqları ilə birlikdə Hökməli qəsəbəsi, Nübar y/m-də yaşayır.

33. Digər imtina səbəbi kimi Abşeron rayonu Hökməli bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürləri ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi qeyd edilmişdir.

34. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir.

35. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarla torpaq sahəsi ayrılan zaman yerquruluşu planından çıxarışın təsdiqlənməməsində iddiaçının təqsiri yoxdur. Həmin çıxarışda torpaq sahəsinin yerləşdiyi yer, koordinatları və ölçüləri qeyd edilmişdir. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın təsdiqlənməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Bu isə bir daha olaraq cavabdeh təşkilatın ilkin imtinasının əsassız olmasına dəlalət edir. Bu hal iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır.

36. Sonuncu imtina əsası kimi torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyqun olub-olmamasını müəyyənləşdirmək üçün iddiaçı tərəfindən texniki baxışın keçirilməsinə şərait yaradılmadığı qeyd edilmişdir. Məhkəmə bildirir ki, məhkəmə icraatının gedişində torpaq sahəsi yerində müayinə olunaraq xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı tərtib edilmişdir. Həmin aktda qeyd edilir ki, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki 0,11 ha ölçüdədir. Torpaq sahəsi yol və qonşu torpaq sahələri ilə sərhəddir. Torpaq sahəsində 1 ev, 1 yüngül konstruksiyalı istixana mövcuddur. Torpaq sahəsinin qərb tərəfindən 13.2m-13.6m məsafədən 220 KVT YGEX, şərq tərəfindən 4.6m-6.2m məsafədən 220 KVT YGEX keçir. Torpaq sahəsi daş hasarın daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə olunub.

37. İddiaçıya göndərilmiş imtina məktubunda qeyd edilməyən, lakin məhkəməyə təqdim edilən xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktıında qeyd edilmişdir ki, Torpaq sahəsinin qərb tərəfindən 13.2m- 13.6m məsafədən 220 KVT YGEX, şərq tərəfindən 4.6m-6.2m məsafədən 220 KVT YGEX keçir. Qeyd olunan halla bağlı məhkəmə bildirir ki, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan tələbləri gözlənilməlidir.

38. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

40. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

41. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

42. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu Hökməli bələdiyyəsinin 15 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X5 üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Abşeron rayonu Hökməli bələdiyyəsinin 15 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X5 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar