Məhkəmə qərarları › İş №2-1(118)-40/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-40/2021

29.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-40/2021 29.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X11 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X10 (işləməyən, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Nərimanov küçəsi ev 22B-də yaşayan), Cavabdehin nümayəndəsi X3 (ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1853 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1853 ha torpaq sahəsinin dövlət qeydiyyatının aparılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, JN-2668 kod 30800027 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.1853 ha torpaq sahəsi iddiaçıya məxsusdur. O, həmin torpağı alı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdikdə ona bildirilmişdir ki, həmin torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin üzərinə düşdüyü, bir hissəsinin isə zəbt edildiyi bildirərək ona imtina cavabı vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X13 iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi E.Dostəliyev iddianı qəbul etmədi və bildirdi ki, 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən torpaq sahəsinin bir hissəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumatlara əsasən **********38, **********03 reyestr nömrəli çıxarışlarla mülkiyyətə verilmiş torpaq sahələrinin üzərinə düşdüyü, bir hissəsinin isə zəbt edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan torpaq sahələri artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün iddiaçı tərəfindən hər-hansı mötəbər sübut işə əlavə edilməmişdir. İş materiallarında olan : -JN-2668 KOD 30800027 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, həmin dövlət aktı İddiaçı Abşeron rayon DNK tərəfindən təsdiq edilmiş 19.04.2005-ci il tarixli 4Ə/06-1096 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi 0.1853 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - DTXK-nin Abşeron rayon şöbəsinin məsləhətçisi E.Abbasov, Mehdiabad bələdiyyəsinin sədri N.Dünyamalıyev və İddiaçı tərəfindən tərtib edilmiş 06.11.2009-cu il tarixli aktdan görünür ki, mülkiyyətçi İddiaçı məxsus 0,1853 ha torpaq sahəsinin döngə nöqtələri ölçülərək ona təhvil verilmişdir. - Məhkəmənin sorğusuna əsasən DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 12.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, **********38 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənəd DTXK Abşeron rayon Şöbəsinin Hərrac və müsabiqə komissiyasının 21 avqust 2014-cü il tarilxi protokol qərarı, **********3 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənəd 05.07.2007-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi olmuşdur. - İş üzrə təyin edilmiş və ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssinin iştirakı ilə keçirilmiş 25 sentyabr 2020-ci il tarixli 10/1940 nömrəli məhkəmə-tikinti-texniki ekspertizasının rəyindən görünür ki, DTXK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-2668 kod 30800027 saylı dövlət aktına əsasən İddiaçı məxsus 0.1853 ha torpaq sahəsinin naturada mövcud olub-olmamasının, həmin torpaq sahəsinin koordinatları daxilində başqa torpaq sahələrinin koordinatları qeydə alınıb-alınmamasının, iddiaçıya satılmış torpaq sahəsinin koordınatlarının başqa şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə duşub-düşməməsinin araşdırılması mümkün olmamışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh imtina məktubunda göstərilən **********38, **********03 reyestr nömrəli çıxarışların verilməsi üçün əsas olmuş sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, X1 rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Abşeron rayon Mehdiabad bələdiyyəsindən 21.08.2014-cü il tarixdə keçirilən hərrac nəticəsində, X7 isə 0.641979 ha torpaq sahəsini 05.07.2007-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X8 və qeyrilərindən əldə etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquq i qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmillədirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını tələb etmək hüququna malikdir. Lakin həmin torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklə olduğundan, yəni başqa şəxslərin hüquqları qeydə alındığından iddiaçının tələbini təmin etmək mümkün deyildir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ümumi məhkəməyə müraciət edərək üçüncü şəxslərin həmin topraq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirdikdən və bu yolla ona satılmış torpaq sahəsini hüquqi cəhətdən yüklülükdən azad etdikdən sonra həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını iddia edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı artıq cavabdehlər X2 və X5 qarşı mülkiyyətində olan torpaq sahəsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış və həmin iş üzrə məhkəmənin 15.07.2021-voi il tarixli qərardadı ilə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Bu hal bir daha iddiaçının iddia etdiyi torpaq sahəsi üzərində başqa şəxslərin mülkiyyət hüquqlarının qeydə alındığını təsdiq edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM- 14.3). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 109-cu maddəsinə əsasən prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə ekspertizanın keçirilməsinə sərf edilmiş 50 (əlli) manat pul vəsaiti iddiaçıdan tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X6, KOD 210005,VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. İddiaçı Ağasəlimoviçdən 50 (əlli) manat ekspertiza xərcləri tutularaq müvafiq olaraq Az.MEM, VÖEN**********, X6, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar