Məhkəmə qərarları › İş №2-1(118)-40/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-40/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-40/2023 20.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin 30 aprel 2021-ci il tarixli imtinasının qanunsuz hesab olunması və seriya RX, ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin 30 aprel 2021-ci il tarixli imtinasının qanunsuz hesab olunması və seriya RX, ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o alqı-satqı yolu ilə Abşeron rayonu, Novxanı kəndi ərazisindən yaşayış evi tikmək məqsədilə 0.10 ha torpaq sahəsi almışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnu 01 mart 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. İş materiallarına əlavə etdiyi Seriya RX, ******* nömrəli çıxarışdan da görünür ki, qeyd olunan torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqlarına aiddir və xüsusi mülkiyyətdir. Mübahisə predmeti olan torpaq sahəsinə çıxarış verilən zaman həmin torpaq sahəsinin planı və ölçüsü də hazırlanaraq ona təhvil verilmişdir. Bu isə həmin torpaq sahəsinin başqa şəxslərlə naturada heç bir mübahisənin olmamasını sübut edir. Belə ki, torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş koordinatlar və döngə nöqtələri qonşu sərhədlərlə üst-üstə düşmür. Məlum məsələdir ki, əvvəldən o ailəsi, övladları ilə Abşeron rayonu, Novxanı kəndində yaşamışdır. Artıq övladları böyüdükləri üçün qeyd olunan torpaq sahəsində onlara başqa ev tikdirmək istəmişdir. Bunun üçün tələb olunan sənədləri Abşeron Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Başçısı İradə Gülməmmədova 15 aprel 2019-cu il tarixdə 350-T nömrəli məktubla müraciətinə müsbət cavab verərək, həmin torpaq sahəsində zirzəmli, iki mərtəbəli fərdi yaşayış evinin tikinti layihəsi razılaşdırılmışdır. Fərdi yaşayış evinin layihəsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırıldıqdan sonra tikinti işlərinə başlamışdır. Lakin həm pandemiya ilə əlaqədar olaraq, həm də uzun müddət işləmədiyi üçün bəzi arakəsmə divarlarını hördürə bilməmişdir. Əlində olan sənədlərlə cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət edərək, daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Lakin cavabdeh 26 yanvar 2021-ci il tarixdə müraciətinə imtina verərək, arakəsmə divarların inşa edilmədiyini bildirmişdir. Cavabdehin bu imtina məktubundan yuxarı orqanı olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (bundan sonra Xidmət) elektron qaydada şikayət etmişdir. Xidmət 31 mart 2021-ci il tarixdə elektron poçt ünvanına məktubla cavab yazaraq yenidən müraciət etməsi tövsiyyə olunmuşdur. 06 aprel 2021-ci il tarixdə cavabdehə eyni mənzmunlu təkrar müraciət etmişdir. Cavabdeh müraciətinə yenə də eyni cavabı verərək, bildirmişdir ki, arakəsmə divarlar yoxdur. Bundan başqa layihələndirilmiş tikili fərdi yaşayış evi kimi bəyan olunsa da, qeyri-yaşayış tipli olduğu müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 06 aprel 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli 4 saylı Abşeron Ərazi İdarəsinə müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin faktiki vəziyyətinin təqdim edilmiş layihə vəziyyətinə uyğun olmadığı aşkar edilmişdir. Belə ki, eskiz-layihədə 1-ci (birinci) və 2-ci (ikinci) mərtəbədə göstərilən arakəsmə divarlarının inşa edilmədiyi, yalnız sütünlarla ayrıldığı, həmçinin yeni layihələndirilmiş tikili fərdi yaşayış evi kimi bəyan olunsa da, qeyri-yaşayış tipli olduğu müəyyən edilmişdir. Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə müvafiq olaraq, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Eləcə də, Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydalan”nın 10-cu bəndinə əsasən dövlət reyestrinin bölmələri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 13.5-ci maddəsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestr nömrələri (bundan sonra - reyestr nömrələri) ilə nömrələnir. Dövlət reyestrinin bölmələrinə konkret daşınmaz əmlak növünün (torpaq sahələri, torpaqla möhkəm bağlı olan bütün obyektlər, o cümlədən su obyektləri (sututarlar), meşələr, çoxillik əkmələr, binalar, qurğular, qeyri-yaşayış sahələri, mənzillər, fərdi yaşayış və bağ evləri, əmlak kompleksi kimi müəssisələr, kommunikasiyalar və yer təki sahələri) adı verilir. Fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı veriləcək çıxarışda və texniki pasportda daşınmaz əmlakın dövlət reyestr nömrəsinə uyğun olaraq fərdi yaşayış evi adı verilməlidir. Təyinatın konkretliliyi baxımından - təyinat çoxməqsədli olduğu halda funksiyalarının cəmi bütöv bir vahid kimi qəbul edilir. Obyektin öz aralarında birbaşa əlaqəsi olmayan ayrıca baxılan funksional hissələri inventar obyekti deyildir. Bina və qurğuların təyinatından kənar, bu və ya digər məqsədlər üzrə istifadəsi texniki inventarlaşdırılma sənədlərində əks etdirilmir. Fərdi yaşayış evinin tərkibindəki ticarət obyekti digər təyinatlı olduğundan texniki pasport və çıxarışda əks etdirilmir. Qeyd olunan binanın qeyri-yaşayış binası kimi qeydiyyatının aparılması üçün tikintiyə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməlidir. “Memarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən tikintiyə icazə — memarlıq layihəsi mövcud qaydalar əsasında təsdiq edildikdən və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdikdən sonra həmin orqan tərəfindən sifarişçiyə verilən rəsmi icazə sənədi., 4-cü maddəsinə əsasən memarlıq obyektinin yaradılması üçün sifarişçi qanunvericilikdə nəzərdə tutulmuş qaydada torpaq sahəsinə və obyektin tikintisinə dair icazə almalıdır. Obyektin müvafiq icra hakimiyyəti orqanının tərəfindən təsdiqlənmiş layihəsi təqdim edilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 48.1. Tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Həmin Məcəllənin 47.4.2-ci maddəsinə əsasən tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir, 48.3.3-cü maddəsinə əsasən sifarişçinin, müvafiq icra hakimiyyəti orqanının və texniki şərtləri müəyyən edən əlaqədar qurumlarla şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun iradları əsasında layihədə müvafiq dəyişikliklərin aparılmasını təmin edir və dəyişdirilmiş layihəni müəyyənləşdirilmiş qaydada razılaşdırır və s. Habelə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 30 dekabr 1999-cu il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydalan”nın tələblərinə cavab verən tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında Akt təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır və özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən planlaşdırılması Mənzil Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin 26 yanvar 2021-ci il və 30 aprel 2021-ci tarixli məktubları ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - RX seriyalı, ******* saylı, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçıa məxsusdur. - A № 354230 saylı, xx.xx.2019-cu il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı adına qeyd edilmişdir. - Abşeron rayon İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçıya ünvanlanmış 350-T saylı, xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Novxanı kəndi ərazisində iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş zirzəmili, iki mərtəbəli fərdi yaşayış evinin ( 880 kv.m) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən razılaşdırılmışdır. - Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən yaşayış binasının eskiz layihəsindən görünür ki, həmin yaşayış evinin eskiz layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7334 saylı, 30 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki vəziyyətdə Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ila razılaşdırılmış eskiz laihəyə uyğun gəlmədiyi və həmin tikilinin faktiki vəziyyətdə qeyri-yaşayış sahəsi tipli inşa olunduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/4303 saylı, 25 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən mübahisə predmeti olan tikiliyə dair tərtib edilmiş eskiz layihədə tədqiq olunan tikilinin 1-ci mərtəbəsinin 1 tambur, 1 dəhliz, 3 yaşayış otağı və 2 sanitar qovşaqdan, 2-ci mərtəbəsinin isə 1 dəhliz, 4 yaşayış otağı və 3 sanitar qovşqadan ibarət olduğu qeyd olunsada, faktiki olaraq həmin tikilinin 1-ci mərtəbəsinin 1 otaq və 1 sanitar qovşaqdan, 2-ci mərtəbəsinin isə 1 otaqdan ibarət olduğunu nəzərə alaraq qeyd olunan tikilinin iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihəyə uyğun olmadığı müəyyən olunur; Azərtikintiprojekt” MMC tərəfindən tərtib edilmiş eskiz layihədə qeyd olunan yaşayış otaqlarının, dəhliz və mətbəxin faktiki olaraq həmin tikilidə möcvud olmadığı nəzərə alınaraq mübahisə predmeti olan tikilinin qeyri-yaşayış tipli olduğu müəyyən olunur.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı seriya RX, ******* nömrəli çıxarışla mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. İddiaçının yaşayış sahəsi qeyd etdiyi ünvana, yəni mübahisəli obyektə yerli baxış zamanı əyani müayinə və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan obyektin yaşayış obyekti olması bildirilsə də və həmin ünvan yaşayış sahəsi kimi sənədləşməsinə və eskiz layihəsi Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmasına baxmayaraq, faktiki olaraq mövcud olan obyekt qeyri-yaşayış tiplidir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Məhkəmə araşdırması və məhkəmənin mübahisəli tikiliyə əyani baxışı zamanı məlum olmuşdur ki, iddiaçının yaşayış sahəsi kimi qeyd etdiyi obyekt əslində qeyriyaşayış obyektidir və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış eskiz layihəyə uyğun tikilməmişdir. Qeyd olunan halları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/7334 saylı, 30 mart 2022-ci il tarixli və 10/4303 saylı, 25 noyabr 2022-ci il tarixli ekspert rəyləri də təsdiq edir. Cavabdeh orqan da iddiaçının müraciətinin təmin edilməsindən imtinasının dəlilləri kimi eskiz-layihədə 1-ci (birinci) və 2-ci (ikinci) mərtəbədə göstərilən arakəsmə divarlarının inşa edilmədiyi, yalnız sütünlarla ayrıldığı və yeni layihələndirilmiş tikili fərdi yaşayış evi kimi bəyan olunsa da, qeyri-yaşayış tipli olduğunu bildirmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin 30 aprel 2021-ci il tarixli imtinasının qanunsuz hesab olunması və seriya RX, ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin 30 aprel 2021-ci il tarixli imtinasının qanunsuz hesab olunması və seriya RX, ******* nömrəli çıxarışla iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 150,00 (bir yüz əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ41NABZ********************) köçürülsün. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar