Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-400/2021 09.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı özünə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş evin üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı özünə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş evin qeydiyyata alınması və mülkiyyət hüququnun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barəd ərizə verərək özünə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,02 ha torpaq sahəsində inşa edilmiş evin üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, 2013-cü ildə alqı-satıq müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində 0.02 torpaq sahəsi alıb ev tikmişdir. Artıq neçə illərdir ki, yaşlı və xəstə anası ilə birlikdə həmin evdə yaşayır. Evin qaz, su və işıq kimi kommunal xidmətlərini ödəyir. O, yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona imtina cavabı verilmişdir. İmtina ərizəsində göstərilir ki, istifadə rejiminə uyğun tələbləri gözləmədən torpağın üzərində fərdi yaşayış evi tikmişdir. Halbuki, qonşuluqda yerləşən evlərə çıxarışlar verilmişdir. Cavabdeh Azərbaycan Respublikası DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddaçının ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0.02 ha torpaq sahəsi ehtiyat fondu torpaqlarına aid olmaqla sahibkarlıq məqsədi ilə ayrılmış torpaqdır. İddiaçı qanunvericiliyin tələblərinə zidd olaraq həmin torpaq sahəsinin üzərində təyinatına uyğun olmayan fərdi yaşayış evini inşa etmişdir. Lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırmasını, onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. İş materiallarında olan : -RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu Masazır kəndi ərazisində 0.02 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 11.03.2013-cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, həmin sənəd İddiaçı Abşeron rayonu notariusu G.İ.Məsimova şəh. №078, 15.02.2013-cü il tarixli 4ə-01-338 nömrəli alqısatqı müqaviləsi əsasında satılmış 0,02 ha ölçüdə torpaq sahəsinə dair tərtib edilmişdir. -AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0.09 ha torpaq sahəsindən 0.02 ha torpaq sahəsi 15.02.2013-cü il tarixdə X2 tərəfindən İddiaçı 1000 manata satılmışdır. -İddiaçının təqdim etdiyi eskiz layihəsindən görünür ki, həmin layihə 2013-cü ildə İddiaçı məxsus fərdi yaşayış evinə dair tərtib edilmişdir. -DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 07.10.2020-ci il tarixli, **********24 saylı imtina məktubundan görünür ki, Abşeron rayonu, Masazır kəndində yeni layihələndirilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyyat fondu torpaqlara aid edildiyi, təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözləmədən üzərində fərdi yaşayış evinin inşa edildiyi aşkar edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 2-3-cü bəndlərinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir (Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) Həmin Məcəllənin 48-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Mübahisəli torpaq sahəsi sənaye təyinatlı olduğundan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən onun qeyd olunan kateqoriyası yaşayış məntəqəsi təyinatına dəyişdirilmədən iddiaçının həmin torpaq üzərində inşa etdiyi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması mqəsədəuyğun deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddələrinə əsasən lazımi icazələr almadan və ya tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mülkiyyətində olan məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etmiş, tikintinin aparılması üçün icazə almamış və tikinti başa çatdıqdan sonra evin istismara qəbul edilməsi barədə akt tərtib edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-400/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-400/2021
09.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver