Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-400/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 4971 nömrəli müqavilə ilə ayrılmış 151/4838 nömrəli 0,2295 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 19 dekabr 2022-ci il tarixli, **********56 nömrəli imtinasını qanunsuz və əsassız hesab edilməsi və ona mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus Sumqayıt şəhəri Novxanı kəndində yerləşən xx.xx.1968-ci il tarixli 4971 nömrəli müqavilə ilə verilmiş, 151/4838 nömrəli sahəsi 0,25 hektar olan bağ sahəsinin Pərixanım Şükralı qızının adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçını nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 4971 nömrəli müqavilə ilə ayrılmış 151/4838 nömrəli 0,2295 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 151/4838 nömrəli sahəsi 0,25 hektar olan bağ sahəsi iddiaçının nənəsi Pərixanım Şükralı qızına ayrılmışdır, Pərixanım Şükralı qızı 1974-cü ildə vəfat etmişdir. Lakin bağ sahəsi onun adında qalmışdır. İddiaçının atası Xanəhməd Mürşüd oğlu 28 aprel 1975-ci ildə vəfat etmişdir. Bağ sahəsi verildiyi vaxtdan iddiaçının nənəsi Pərixanım Şükralı qızı, sonra atası Xanəhməd Mürşüd oğlu, hal-hazırda isə iddiaçı həmin bağ torpaq sahəsindən istifadə edir. Abşeron rayon Məhkəməsinin 15 may 2018-ci il tarixli 2(012)-1797/2018 nömrəli qətnaməsinə əsasən Pərixanım Şükralı qızının iddiaçının nənəsi olması və Pərixanım Şükralı qızının 1974-cü ildə Abşeron rayonu, Masazır kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. İddiaçının nənəsi rəhmətə getdikdən sonra vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün 2 saylı notariat ofisinə müraciət etmişdir. Təqdim edilmiş sənədlər əsasında 1974-cü ildə vəfat etmiş Pərixanım Şükralı qızının adına vərəsəlik işi açılmışdır. 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimova tərəfindən 02 sentyabr 2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə məktub yazılaraq göstərilmişdir ki, 1974-cü ildə vəfat etmiş Pərixanım Şükralı qızının adına vərəsəlik işi açılmışdır. Qeyd olunanlarla bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanunun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq vəfat etmiş Pərixanım Şükralı qızının adına olan Sumqayıt şəhəri Novxanı kəndində yerləşən 151/4838 nömrəli sahəsi 0,25 hektar olan bağ sahəsinə dair çıxarışın notariat ofisinə göndərilməsi xahiş olunmuşdur. Lakin mərhum ata nənəsi Pərixanım Şükralı qızının adına Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 151/4838 nömrəli sahəsi 0,25 hektar olan bağ sahəsinə dair çıxarış həmin idarədə mövcud olmamışdır. Bundan sonra iddiaçı vərəsə olaraq mərhum ata nənəsi Pərixanım Şükralı qızının adına olan Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 151/4838 nömrəli sahəsi 0,25 hektar olan bağ sahəsinə dair çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Cavabdeh etiraz edərək göstərmişdir ki, sözügedən bağ sahəsinə mütəxəssisləri tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, göstərilən torpaq sahəsinə dair Sumqayıt Xalq Deputatları Sovetinin nəzdində olan Bağ Təsərrüfatı İdarəsinin verdiyi 4971 nömrəli bağ icarə müqaviləsinin bağlandığı tarixin qeyd olunmaması, həmçinin bağ sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin ardıcılığına uyğun gəlməməsi səbəbindən dövlət qeydiyyatından imtina edilmişdir. Halbuki, həmin ərazidə yerləşən bağ sahələrinin hər birinin öz sahibi vardır və həmin bağ sahələri ilə bağlı bağ sahiblərinin bölgü sxemi ilə bağlı heç bir mübahisəsi yoxdur. Eyni zamanda 4971 nömrəli bağ icarə müqaviləsində bağlanma tarixi 01 yanvar 1968-ci il kimi göstərilmiş və həmin müddətdən həmin bağ sahəsində tikili tikilmiş və hazırda həmin evdə yaşayırlar. Artıq 55 ildən çoxdur ki, göstərilən bağ sahəsinə sahiblik edərək ondan istifadə edirlər. Həmin bağ sahəsinə dair Sumqayıt şəhəri Sumqayıt bələdiyyəsi Bağ Təsərrüfatı şöbəsi tərəfindən Pərixanım Şükralı qızının adına vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu tərtib edimişdir. Cavabdeh istifadəsində olan bağ sahəsinə dair çıxarış vermədiyinə görə iddiaçı da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək izah etmişdir ki, göstərilən torpaq sahəsinə dair Sumqayıt Xalq Deputatları Sovetinin nəzdində olan Bağ Təsərrüfatı İdarəsinin verdiyi 4971 nömrəli bağ icarə müqaviləsinin bağlandığı tarixin qeyd olunmaması, həmçinin bağ sahəsinin nömrəsinin qonşu torpaq sahələrinin ardıcılığına uyğun gəlməməsi səbəbindən dövlət qeydiyyatından imtina edilmişdir. Bundan başqa bağ icarə müqaviıəsinin qeydiyyat nömrəsində düzəliş edilmiş, lakin bu düzəliş müvafiq qurum tərəfindən təsdiq edilməmişdir. Həmçinin, icarə müqaviləsində müqavilənin bağlanmasına əsas olan protokol barədə məlumat qeyd olunmamışdır. İş materiallarında olan: - Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat Tresti tərəfindən verilmiş 1974 nömrəli icarə müqaviləsindən görünür ki, 151/4838 nömrəli 0,25 ha bağ sahəsi Pərixanım Şükralı qızına icarəyə verilmişdir. -Azərbaycan Respublikası Sumqayıt şəhəri Sumqayıt Bələdiyyəsi Bağ Təsərrüfatı şöbəsi tərəfindən verilmiş vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportundan görünür ki, texniki pasport Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 4971 saylı müqavilə ilə Pərixanım Şükralı qızına ayrılmış 0,25 ha bağ sahəsinə dair tərtib edimişdir. -Abşeron rayon Məhkəməsinin 2(012)-1797/2018 saylı 15 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, Pərixanım Şükralı qızınınMÜrşüdəvoa Çəfaqət Xanəhməd qızınını nənəsi olması və onun 1974-cü ildə Abşeron rayonu Masazır kəndində ölməsi faktı müəyyən edilmişdir. -AZ-İ № 963253 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, Pərixanım Şükralı qızı 1974-cü ildə vəfat etmişdir. -xx.xx.2022-ci il tarixli Pərixanım Şükralı qızına ayrılmış 0,2295 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsinin bir tərəfi yol, digər tərəfləri qonşudur, torpaq sahəsi mişar daşı ilə hasarlanmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il cavab məktubundan görünür ki, xx.xx.1968-ci il tarixli 4971 nömrəli bağ icarə müqaviləsi üzrə verilmiş bağ torpaq sahəsinin qonşuluğunda yerləşən B-4855 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququ verilməsinə əsas olmuş bütün sənədlərin təsdiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindın verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər İcraiyyə Komitəsi Bağlar Təsərrüfat Tresti tərəfindən Pərixanım Şükralı qızının adına verilmiş 4971 nömrəli icarə müqaviləsinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0 və 8.0.1 maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.4-cü maddəsində «bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri» hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə görə üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi bağ icarə müqaviləsinin giriş hissəsində bağlanma tarixi qeyd olunmasa da, 13-cü bəndində müqavilənin qüvvədə olma müddəti qrafasında “01 yanvar 1968-ci ildən 01 yanvar 1978-ci il tarixədək” qeydi vardır ki, bu hal da müqavilənin 1968-ci ilə aid olduğunu təsdiq edir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinini Sumqayıt filialı müəyyən etmişdir ki, Sumqayıt şəhər ZDS İK-nin 14 iyun 1968-ci il tarixli 12 saylı protokolundan görünür ki, bir sıra vətəndaşlara, o cümlədən Pərixanım Şükralı qızına Masazır qəsəbəsində 0.25 ha ölçüyə malik 151 saylı bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, toplanan sübutların məcmusu iddianın təmin edilməsi üçün zəmin yaratmışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin nömrəsinin qonşu bağ torpaq sahələrinin ardıcıllığına uyğun olmaması vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas ola bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə qeyd edir ki, iddiaçıya hüququn ölmüş şəxsə məxsus olması haqqında cavabdeh tərəfindən arayış verilməlidir. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassız hesab edilərək iddia təmin olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən xx.xx.1968-ci il tarixli, 4971 nömrəli müqavilə ilə ayrılmış 151/4838 nömrəli 0,2295 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Novxanı kəndində yerləşən 4971 nömrəli müqavilədə göstərilmiş 151/4838 nömrəli 0,2295 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı mərhum nənəsi Pərixanım Şükralı qızına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-400/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-400/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver