Məhkəmə qərarları › İş №2-1(118)-4000/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4000/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4000/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İş materialına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu, Ərəbmehdibəyli kəndində doğulmuş və həmin ünvanda qeydiyyatdadır.

2. Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş “Şəxsiyyət vəsiqəsi məlumatları”nda X2 yaşayış yeri kimi “Ağsu ray., Ərəbmehdibəy ərazi d., Ərəbmehdibəy k.” göstərilmişdir.

3. Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş “Qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsi məlumatları”nda X3 dair hər hansı bir məlumat qeyd olunmamışdır.

4. X3 məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 3 yanvar 1991-ci il tarixdə Ağsu rayonu Ərəbmehdibəy kəndində doğulmuşdur. Hərbi bilet Ağsu rayon hərbi komissarlığı tərəfindən verilmişdir. Ağsu rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmışdır.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 12 fevral 2024-cü il tarixli, 2/2-1779 nömrəli məktubda, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Bu məktub Ağsu rayonu, Ərəbmehdibəyli kəndinə göndərilmişdir.

Məhkəmələrin mövqeləri:

Bakı İnzibati Məhkəməsində olan icraat:

6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra – “cavabdeh”) qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

7. İddia tələbinin əsasları: - 27 sentyabr 2020-ci tarixdə "xxxx" MMC-nin tərkibində çilingər kimi döyüş bölgəsinə qrup ilə birlikdə ezam olunmuş, Cəbrayıl rayonu, Daşkəsən dağ-tumas, Daş veysəlli, Havİsli kəndi, Qubadlı rayonu Balasoltanlı, Xanlıq, Padar, Aşağı mollu kəndində, Füzuli rayonunun Kənd horadiz, Seyidəhmədli, Aşağı Əbdürəhmanlı, Füzuli şəhəri, Laçın rayonunun Güləbürt, Başarat kəndlərində, Xocalı şəhərinin Çanqçı, Daşaltı Sığınaq kəndlərində Xocavənd rayonunu Tuğ Tağlar kəndlərində və Şuşa şəhərində, sıradan çıxmış texnikanın bərpa olunmasında iştirak etmişdir. Bunu N №-li hərbi hissənin komandiri Qərargah Rəisi tərəfindən verilmiş arayış təsdiq edir; - N №-li hərbi hissənin N avqust 2022-ci il tarixli, 17/1204 №-li arayışından göründüyü kimi müharibə zamanı döyüş bölgəsinə cəlb olunmuş, həmin ərazilərdə mühəndis texnikalarını yerində təmirini bərpasını icra etməklə, texnikanı döyüş hazırlığı vəziyətində saxlanılmasını təmin etmişdir. N №-li hərbi hissə tərəfindən təqdim edilmiş 13 yanvar 2023-cü İl tarixli 22 nömrəli arayışında öz əksini tapmışdır. 27 sentyabr 2020-ci il tarixdən, 10 noyabr 2020- ci il tarixədək gedən döyüş əməliyatlarmda iştirak etmişdir. Texnikanı yaxşı təmir etdiyi üçün hərbi hissələrin Komandirləri tərəfindən yazılı Fəxri Fərmanlar yə Təşəkkümamələr almışdır.

8. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz təqdim edilərək, iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

9. Etirazın əsasları: - 211 və N nömrəli hərbi hissələrdən təqdim olunmuş arayışlardan da göründüyü kimi iddiaçının 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək müddətdə döyüş bölgələrinə cəlb olunaraq həmin ərazilərdə mühəndis texnikaların yerində təmiri, bərpasını icra etməsi və texnikaların döyüşə hazır vəziyyətdə saxlanılamsının təmin edilməsində yaxından iştirak etməsi qeyd olunmuş, lakin onun barəsində hərbi hissənin şəxsi heyətin siyahısına daxil edilməsi, şəxsi heyətin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində müvafiq qeydlər aşkar olunmamışdır. İddiaçının döyüş əməliyyatlarında iştirak etməsi hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz təsdiqini tapmamışdır; - İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

10. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2-1(112)-7464/2024 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

11. Məhkəmənin mövqeyinə görə iddiaçının yaşayış ünvanı Xırdalan şəhəri, Quşçuluq massivi, C.Hüseynov küçəsi ünvanı olduğu üçün, iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir.

Sumqayıt İnzibati Məhkəməsində olan icraat:

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. Məhkəmə iş materialında və “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş məlumatlara istinad edərək belə qənaətə gəlir ki, işin Sumqayıt İnzibati məhkəməsinə göndərilməsi düzgün olmamışdır.

14. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

17. Bundan əlavə, İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

18. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

19. Normanın mənasına görə mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir.

20. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçı məcburetmə iddia növü kimi, müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, hazırkı iddiaya iddiaçının yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılmalıdır.

21. Göründüyü kimi, yuxarıda şərh olunan, ərazi aidiyyəti qaydalarını müəyyən edən normalların tələbləri baxımından hazırkı iddianın ərazi aidiyyəti iddiaçının yaşayış yeri üzrə müəyyən edilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir.

23. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

25. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

26. Həmin Qanunun 5-ci maddəsinə görə yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır.

27. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.

28. İş materiallarında olan sənədlərdən (§1-2, 4) müəyyən olunur ki, o, Ağsu rayonunun Ərəbmehdibəy kəndində doğulmuş və hazırda orada qeydiyyatdadır.

29. Ona görə də, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının yaşadığı yer üzrə səlahiyyətli məhkəmə olan Şəki İnzibati Məhkəməsidir.

30. Belə ki, “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə Ağsu rayonu Şəki İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir (19.2-ci bənd).

31. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş üzrə səlahiyyətli məhkəmə Sumqaıt İnzibati Məhkəmə deyil, Şəki İnzibati Məhkəməsidir.

32. Məhkəmə Bakı İnzibati Məhkəməsinin istinad etdiyi (§10) hala münasibətdə bildirir ki, yalnız iddia ərizəsində qeyd olunmuş Xırdalan şəhəri, Quşçuluq massivi, ünvan 4 ünvanla əlaqəsinə dair (müvəqqəti olsa belə) iş materialında heç bir sənəd mövcud deyildir. İddiaçı ilə məhkəməyə qədər olan rəsmi yazışmalar da Ağsu rayonunun Ərəbmehdibəy kəndinə göndərilmişdir (§ 5).

33. Məhkəmə inzibati iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materiallarının baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini məqsədəmüvafiq hesab etmişdir.

34. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2-1(102)-447/2023 saylı qərarında göstərilmişdir ki,” ... 13. Həmin Qanunun (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun) 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; ...14. Qanunun tələbindən göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. 15. İddiaçının şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən, o, yaşayış yeri üzrə ... qeydiyyatdadır. ...”

35. İPM-in: Maddə 9. Ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi 9.1. Aşağıdakı hallarda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir: (-) 9.1.3. mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda. 9.2. Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.

36. Normanın məzmunundan aydın olur ki, inzibati məhkəmələr tərəfindən aidiyyətli bağlı İPM-in 9.1-ci maddəsində qeyd olunmuş əsaslardan biri olduqda apellyasiya məhkəməsinə, Məcəllənin 9.2-ci maddəsində qeyd olunmuş hal mövcud olduğu təqdirdə isə Ali Məhkəməyə müraciət edilməlidir.

37. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-4000/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbinə dair iş üzrə fikir ayrılığının həll edilməsi məqsədilə iş materialları baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

38. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli məktubu ilə inzibati iş məhkəməyə qaytarılmışdır.

39. Məktubda qeyd olunmuşdur ki, İPM-in 9.1 və 9.2-ci maddələrinin tələblərinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, o cümlədən bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir.

40. Odur ki, İPM-in 9.1 və 9.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəninin verilməsi” tələbi ilə əlaqədar ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi məqsədilə iş materialı baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar