Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4001/2024 07.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “yeni doğum şəhadətnamənin verilməsi” iddia tələbi üzrə işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında hazırlıq icraat qaydasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ a) İşin halları
1. 1 sentyabr 1983-cü il tarxili, 264 nömrəli “Doğum haqqında akt qeydi”ndən görünür ki, X3 13 avqust 1983-cü il tarixdə doğulmuşdur.
2. İX-ЖГ seriyalı, 336417 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, X4 13 avqust 1983-cü il tarixdə doğulmuşdur. İddiaçı atası, X6 anasıdır.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər X1 Afət Şamil oğluna göndərilmiş 12 yanvar 2024-cü il tarixli, 3-16-5/8-xx/xx/2024 nömrəli məktubundan görünür ki, sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, adının dəyişiklik edilməsi ilə bağlı hər hansı bir təsdiqedici sənəd təqdim edilməmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”ına əsasən, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbə İN-i tərəfindən 1 sentyabr 1983-cü il tarixdə tərtib edilmiş 264 nömrəli doğum haqqında akt qeydində qızının adının “Cəmilə” dən, “Cəmalə”yə dəyişiklik edilməsinə dair Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən imtina edilir. Sumqayıt şəhər qeydiyyat şöbəsi dəyişikliklə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.
MÜBAHiSƏLi HÜQUQi MƏSƏLƏNiN QİSA XÜLASƏSi
İddia tələbinin dəlilləri:
4. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı Əkbərova (Süleymanova) Cəmalənin dəqiq adı yazılmış yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Əkbərova (Süleymanova) Cəmalə Afət qızı onun himayəsində yaşayır. O, ikinci dərəcəli ömürlük əlildir. Cəmalənin “şizofreniya” diaqnozu ilə əlil olduğunu səbəb göstərərək, əri Əkbərov Əkbər tərəfinədən nikah pozulmuşdur. İddiaçı qızı Cəmaləyə öz şəxsi, çıxarışlı kiçik dərzi dükanını hədiyyə etmək üçün notariusa müraciət etmişdir. Notarius tərəfindən digər sənədləri ilə birlikdə doğum haqqında şəhadətnamə tələb edilmişdir. Cəmalənin doğum şəhadətnaməsi əri Əkbərov Əkbər tərəfindən gərəzli şəkildə qizlədildiyi üçün iddiaçı yeni dublikat doğum şəhadətnaməsi almaq üçün qızı Cəmalənin anadan olduğu Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin rəisinə müraciət etmişdir. Şöbə rəisi bildirmişdir ki, arxivdə olan qeydiyyat aktında qızının adı “Cəmalə” deyil, “Cəmilə” qeyd edilmişdir. Buna görə də iddiaçının rəsmi müraciətinə cavab olaraq imtina verilmişdir. Cavabdehin 13 avqust 1983-cü il tarixdə etdiyi texniki səhvə görə onun düzəlişi və dublikat şəhadətnaməsinin verilməsi üçün Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin qərardadı ilə ərizənin qəbul edilməsindən imtina edilmiş və belə işlərə inzibati məhkəmələrdə baxılması qeyd olunmuşdur.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
7. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
İddia tələbinə dair etirazın dəlilləri:
8. Cavabdeh etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbə İN-i tərəfindən verilmiş doğum haqqında şəhadətnaməsinə müdaxilə edib adını Cəmalə kimi göstərmişdir. İddiaçı Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət edərək qızının adını “Cəmilə”dən “Cəmalə”yə dəyişmək istədiyini bildirmişdir. Lakin qeydiyyat şöbəsində doğum haqqında akt qeydində qızının adı Cəmilə kimi qeyd edildiyi məlum olmuşdur. Sumqayıt şəhər qeydiyyat şöbəsi göstərilənlərə görə iddia tələbi ilə razılaşmır.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
10. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, qızı Əkbərova (Süleymanova) Cəmilə şizofrenik diaqnozla müddətsiz əlil olduğuna görə məhkəmə iclasında iddiaçı qismində iştirak edə bilmir və iddiaçının himayəndəsindədir, lakin qızının fəaliyyət qabiliyyətinin olmaması və iddiaçının himayəndəsi olduğu barədə məhkəmənin qüvvəyə minmiş qərarı yoxdur və həmin tələb ilə heç bir məhkəməyə müraciət etməmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, Əkbərova (Süleymanova) Cəmilə Afət qızının iddiaçının himayəndəsində olduğu barədə məhkəmənin qərarı olmadığı üçün, Əkbərova (Süleymanova) Cəmilə Afət qızının adın doğum haqqında akt qeydində dəyişdirilməsinə dair iddiaçının müraciətinə baxılması mümkün olmamışdır. Bu səbəbdən hazırki iddianın da mümkün sayılmamasını xahiş etmişdir.
İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:
12. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
13. Məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
14. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
15. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.
16. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
17. İPM-in 31.2-ci maddəsinə əsasən, prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər.
18. MPM-in: 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir; 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; 74.2-ci maddəsinə görə, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.
20. Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, İddiaçı tərəfindən qızı Əkbərova (Süleymanova) Cəmalə Afət qızını təmsil edə biləcəyinə dair heç bir sənəd məhkəməyə təqdim edilməmişdir.
21. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında “sonuncu müayinəyə dair məlumat”dan görünür ki, 13 avqust 1983-cü il təvəllüdlü X5 12 fevral 2021-ci il tarixdə müddətsiz “Şizofreniya, paranoid forma, fasiləsiz gedişli, psixi qüsur halı” diaqnozla ikinci dərəcəli əlillik təyin edilmişdir.
22. MPM-in: 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.2-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. ... 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir.
23. Məhkəmə prosesində iştirak etmiş İddiaçı qızı Əkbərova (Süleymanova) Cəmalə Afət qızının məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilməsi üçün heç bir müraciətinin olmadığını qeyd etmişdir. Məhkəmə prosesində izahat verən cavabdeh orqanın nümayəndəsi də bu halın onlar tərəfindən də müəyyən edildiyi və tələb üzrə mümkünlük şərtlərinin ödənilmədiyini bildirmişdir.
25. Məhkəmə iclasında İPM-in 12-13-cü maddəsinin tələbləri baxımından İddiaçı qanunvericiliyin tələbləri izah edilmiş və müvafiq hüquqi yardım göstərilmişdir.
26. Yuxarıda göstərilən səbəblərdən məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilənlərin iddiaçının iradə ifadəsi kimi qiymətləndirilməsi üçün qanunvericiliyin tələbləri ödənilməmişdir. Məhz bu səbəbdən, iddia mümkün sayılmamalıdır.
27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ:
28. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “qızı Əkbərova (Süleymanova) Cəmalənin dəqiq adı yazılmış yeni doğum şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova