Məhkəmə qərarları › İş №2-1(118)-4003/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4003/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4003/2025 01.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “ev növbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, Füzuli rayonu, Veysəlli kəndində xx.xx.1955-ci il tarixdə anadan olmuş, hazırda məcburi köçkün olan, xx.xx.2016-cı ildən İ qrup gözdən əlil hesab edilmiş İddiaçı 1992-ci il tarixdən götürülməklə Füzuli Rayon İcra Hakimiyyətində olan ev növbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Füzuli rayonunun Veysəlli kəndində anadan olmuşdur. Hazırda məcburi köçkündür. xx.xx.2016-cı ildən İ qrup gözdən əlil hesab edilmişdir. 1992-ci il tarixdə Füzuli Rayon İcra Hakimiyyətində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil növbəsinə dayanmışdır. Halhazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Hazırda Abşeron rayon s/t Sumqayıt ərazisi 1001 mənzil kompleks, ev 4, mənzil 5-də məcburi köçkün kimi məskunlaşmışdır. Bununla əlaqədar Füzuli Rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, ev növbəsinə uyğun ona mənzil verilsin. Lakin Füzuli Rayon İcra Hakimiyyəti bildirir ki, onun ev növbəsində durmağı barədə cavabdeh idarədə heç bir məlumat yoxdur. Belə ki, idarənin arxivi Füzuli rayonun Horadiz şəhəri işğal olunan zaman bütün sənədlər məhv edilmişdir. Hansı ki, bu səbəbdən onun ev növbəsindən məhrum olmağı əsaslı deyildir. Cavbdeh idarə ona bu barədə imtina məktubunda yazırlar ki, onun 1-ci qrup gözdən əlil kimi mənzil növbəsində olubolmamağı barədə məlumat verilməsinə köməklik göstərilməsi barədə Rayon İcra Hakimiyyətinə ünvanlanmış müraciətə şöbədə baxılmışdır. 1993-cü il tarixdə Horadiz şəhərinin ermənilər tərəfindən işğalı zamanı Rayon İcra Hakmiyyətinə aid bütün sənədlər məhv edilmişdir. Ona görə də İ qrup gözdən əlil kimi mənzil növbəsində olub-olmadığı barədə hazırda Rayon İcra Hakmiyyətində heç bir məlumat yoxdur. Əlavə olaraq bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərs. Hansı ki, belə bir cavab əsaslı deyildir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin belə məsələləri həll etməsi qeyrimümkündür. Bu vəzifələrin icrası cavabdehin borcudur. Azərbaycan Respublikası Dövlət X1 ərizəyə cavab olaraq bildirir ki, Füzuli rayon İcraiyyə Komitəsinin ev növbəsinə aid sənədləri arxivə təhvil verilməyib. Bununla bağlı Füzuli rayon İcra Hakimiyyətinə və Füzuli şəhər İcra Nümayəndəliyinə müraciət etməyi tövsiyə edilir. Belə bir vəziyyətdə isə onun konstitusiyon hüquqları pozulur. Məhkəmə iclasında iştirak edən iddiaçı işin aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan Füzuli Rayon İcra Hakimiyyətidir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.4-cü maddəsinin müddəası tətbiq edilməklə cavabdehin olduğu yer üzrə inzibati məhkəmədə baxılmalıdır. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Füzuli rayonu Şirvan İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 80, 81.1-ci maddələrinə əsasən məhkəmə qərara aldı : İddiaçı cavabdeh Füzuli Rayon İcra Hakimiyyətinə qarşı “ev növbəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar