Məhkəmə qərarları › İş №2-1(118)-4005/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4005/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4005/2024 26.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması barədə məlumatın banka ötürülməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı “daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 8 fevral 2023-cü il tarixdə "xxxx" ASC-nin Nizamnamə əsasında fəaliyyət göstərən direktor müavini X1 və iddiaçı arasında “Mənzil alqı-satqısına dair” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, satıcı (“Kristal ünvan 2 ünvanında inşa edilən 17-ci bina, 5-ci mərtəbə, 23 (mərtəbə 5, mənzil 4) nömrəli binada yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 84,30 kv.m olan 61 saylı mənzilin tikintisi, mənzillər yerləşdiyi yaşayış binasının bünövrəsi qoyulduqdan sonra hesablanmaqla 18 ay ərzində tamamlayıb, payçıya (iddiaçı) verməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilir ki, həmin mənzilin dəyəri 196.419 (əsas məbləğ 166.456,78 ƏDV məbləğ 29.962,22 manat) manat təşkil edir. Müqavilənin dəyərinin ilkin ödənişi 30,05 faiz, yəni ƏDV daxil 59.019 (əsas məbləğ 50.016,10, ƏDV məbləğ 9.002,90) manat məbləğində vəsait təşkil edir. “Alıcı” 59.019 (əsas məbləğ 50.016,10, ƏDV məbləğ 9.002,90) manat məbləğində vəsaiti 5 təqvim günü ərzində “satıcı”nın bu müqavilədə göstərilən bank hesabına ödəməyi öhdəsinə götürür. Müqavilə dəyərinin qalan ƏDV daxil 137.400 (əsas məbləğ 116.440, ƏDV məbləğ 20.959,32 manat) manat məbləğində hissəsi alıcı ilə "xxxx" ASC arasında bağlanacaq Kredit müqaviləsinə əsasən, “Alıcıya veriləcək kreditin hesabına tam ödənilməsi ilə həyata keçiriləcəkdir” ifadəsi qeyd olunmuşdur. Qeyd edilir ki, payçı tərəfindən sonrakı müddətlərdə Banka qalan borclardan 137.400 manat məbləğində pulun 30.340,64 manatı da ödənilmiş və banka olan ümumi borc məbləği – 113.429,29 manat təşkil edir. “Kristal Bakı“ ASC ilə evin alqı-satqısı zamanı ƏDV məbləğinin geri qaytarılması ilə bağlı iddiaçıya, şifahi də olsa, məlumat verilməmiş və payçıya alqı-satqı müqaviləsinin surəti və bank rekvizitləri özünün uzun müddətli tələbindən sonra 31 sentyabr 2023-cü il tarixdə təqdim olunmuşdur. İddiaçı tərəfindən 2 oktyabr 2023-cü il tarixdə **********729300 nömrəli “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-vaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması" ilə bağlı elektron ərizə ilə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidmətinin 6 oktyabr 2023-cü il tarixli qərarı ilə iddiaçının ƏDV-nin geri qaytarılmasına dair müraciəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tərəfindən 23 aprel 2024-cü il tarixdə “elektron kabineti” vasitəsilə məhkəməyə ərizə təqdim edilərək, iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3-cü və 55.5ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir. İPM-də iddiadan imtina edilməsinin hüquqi nəticələri göstərilsə də (55.4-cü maddəyə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir.), iddianın geri götürülmüş sayılmasının nəticələri göstərilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddianın geri götürülmüş sayılması (hazırkı halda iddianın geri götürülməsi) eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna etmir. Məhkəmənin həmin qərardadından apellyasiya şikayətinin verilməsi məsələsinə gəldikdə, qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 aprel 2014-cü il tarixli qərarının 2-ci bəndində belə bir qənaətə gəlinmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddianın geri götürülməsinə dair ərizə təmin edildiyindən iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənlərə əsasən və İPM-in 55.5, 80, 81.1, 85.1-cı maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “daşınmaz əmlaka görə ödənilmiş ƏDV-nin 30%-nin qaytarılması barədə məlumatın müvəkkil banka ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar