Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-401/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X1 icarəsinə verilmiş, sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, 100 kv.m torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********05 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006- cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsi mərhum həyat yoldaşı X1 icarəsinə verilmişdir. Eyni zamanda onunla Sumqayıt Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair sonuncu dəfə 01 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi bağlanılmışdır ki, adı çəkilən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 avqust 2008-ci il tarixli 245 saylı sərəncamı ilə həyat yoldaşı X1 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin layiləndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi layihə sənədləri əsasında icarəyə ayrılmış torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsi inşa edilmiş və bugünədək də fəaliyyət göstərir. Həyat yoldaşı X3 06 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra adı çəkilən torpaq sahəsi üzərində icarə hüququ və inşa edilmiş qeyri-yaşayış obyekti miras əmlak olaraq iddiaçı tərəfindən qəbul edilmiş və bugünədək də istifadə olunmaqdadır. Mərhum həyat yoldaşı X1 ölümündən sonra onunla Sumqayıt Bələdiyyəsi arasında torpaq sahəsinə dair 01 yanvar 2011-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi üzrə icarəçinin hüquq və vəzifələri iddiaçıya keçmiş, iddiaçı tərəfindən həmin müqavilə üzrə icarə haqları bələdiyyəyə ödənilmişdir. Adı çəkilən icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra isə torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında icarə münasibətləri yeni müqavilə bağlanılmaqla rəsmiləşdirilmişdir. Bir müddət əvvəl sözügedən qeyri-yaşayış obyektinin dövlət qeydiyyatına alınması üçün ilkin olaraq torpağın sənədləşdirilməsini başa çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində koroğlu prospektində yerləşən və Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə mərhum həyat yoldaşı X1 icarəsinə verilmiş sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsini xahiş etdikdə, cavabdeh müraciətindən əsassız olaraq imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən sözügedən müraciətinə verilmiş 29 dekabr 2022-ci il tarixli, **********05 saylı cavab məktubunda onunla Sumqayıt Bələdiyyəsi arasında 03 mart 2022-ci il tarixdə bağlanılmış torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinəcəyi göstərilərək, həmçinin torpaq sahəsinə idarənin mütəxəssislərinin keçirdiyi baxış zamanı həmin torpağın 0,0049 ha hissəsinin guya dövlət mülkiyyətinə aid edilmiş torpaq olduğunun müəyyən edildiyi iddia edilərək torpaq üzərində hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın verilməsinə dair ərizənin icrasından imtina olunduğu bildirilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsindən cavabdehin imtinasını tamamilə əsassız və qərəzli sayır. Belə ki, sözügedən torpaq sahəsi 2006-cı ildə X2 ayrılarkən ləğv edilmiş Dövlət Tortpaq və Xəritəçəkmə Komitəsinin, eləcə də Sumqayıt şəhər icra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin rəyləri alınmışdır ki, həmin rəylərdə sözügedən 100 kavadret metr torpaq sahəsinin torpaq islahatı nəticəsində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahəsi olduğu öz təsdiqini tapmışdır. Nə torpaqdan istifadə edilərkən, nə də üzərində tikili inşa olunarkən hər hansı dövlət qurumu tərəfindən müdaxilə edilməmiş, torpağın hansı əsaslarla istifadələrində olması ilə maraqlanılmamış və torpağın bir hissəsinin dövlət torpaqlarına aid edildiyi bildirilməmişdir. Torpağın bir hissəsinin bələdiyyə mülkiyyətində saxlanılması, bir hissəsinin isə guya dövlət torpağı kimi elektron baza məlumatlarında göstərilməsi cavabdeh tərəfindən hər hansı hüquqi əsaslar olmadan 2018-2019-cu illərdə həmin elektron məlumatların dəyişdiriləcək yanlış şəkildə yerləşdirilməsinin nəticəsidir. Həmçinin, cavabdehin iddiaçı ilə bələdiyyə arasında torpaq icarə müqaviləsinin mövcud qanunvericiliyə uyğun bağlanılmadığı, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində hüquqların yalnız açıq torpaq hərracları, yaxud müsabiqələri yolu ilə əldə edilə bilinməsi ilə bağlı mülahizəsi də əsassızdır. Belə ki, qanunvericiliklə yalnız 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edildiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə mərhum həyat yoldaşı X1 icarəsinə ayrıldığından, həmin torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılmasına münasibətdə 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılmasına dair müəyyən edilmiş qaydalar tətbiq edilə bilməz. Bu müddəalar müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Belə olan halda hesab edir ki, cavabdehin hər hansı qanuni əsasa söykənmədən iddiaçının müraciətindən imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsassız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövge onun tərəfindən “İnzibati icraat" haqqında Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə,yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki,“İnzibati icraat” haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibatı orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, bütün bu sadalananlardan cavabdehin iddiaçının müraciətindən imtina etməsinin əsaslarının səhv olduğu anlaşılır. Hesab edir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli,25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində ayrılmış 100 kvadrat metr torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsindən imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən iddiaçı cavabdeh tərəfindən pozulmuş hüququmun müdafiəsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, mərhum həyat yoldaşı sağlığında sözügedən torpaq sahəsini icarə hüququ əsasında sənədləşdirmə işlərini başa çatdıra bilmədiyindən, mərhumun vərəsəsi olaraq sənədləşmənin davam etdirilməsini zəruri sayır və qüvvədə olan qanunvericiliyə əsasən hüququnu dövlət qeydiyyatından keçirə bilməyən şəxsin vərəsəsi kimi hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayış təqdim olunmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, 03 mart 2022-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən, bələdiyyələr tərəfindən 1 dekabr 2007-ci il tarixindən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 9.6-cı maddəsində edilmiş dəyişikliyə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən torpaq sahəsinə dair əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı 0.0049 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu məlum olmuşdur. Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi ilə həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı qismən əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan iddiaya cavab verməli olan orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən qismən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X1 icarəsinə verilmiş, sahəsi 100 kvadrat metr olan torpaq sahəsi üzərində icarə hüququnun mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, 03 mart 2022-ci il tarixində qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsi üzərində Sumqayıt Bələdiyyəsi ilə vətəndaş İddiaçı arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 9-cu bəndinə əsasən əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qeyd olunmuş normaya görə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. İşin hallarından görünür ki, Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006- cı il tarixli,25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X1 icarəsinə verilmişdir. Eyni zamanda onunla Sumqayıt Bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair sonuncu dəfə 01 yanvar 2011-ci il tarixli torpaq icarə müqaviləsi bağlanılmışdır ki, adı çəkilən müqavilənin qüvvədə olma müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 01 avqust 2008-ci il tarixli 245 saylı sərəncamı ilə həyat yoldaşı X1 avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə icarəsinə verilmiş Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində yerləşən sahəsi 100 kvadrat metr olan torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsinin layiləndirilməsinə icazə verilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin təsdiq etdiyi layihə sənədləri əsasında icarəyə ayrılmış torpaq sahəsində avtomobillərə texniki xidmət məntəqəsi inşa edilmiş və bugünədək də fəaliyyət göstərir. İddiaçınınb həyat yoldaşı X3 06 fevral 2015-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra adı çəkilən torpaq sahəsi üzərində icarə hüququ və inşa edilmiş qeyri-yaşayış obyekti miras əmlak olaraq iddiaçı tərəfindən qəbul edilmiş və bugünədək də istifadə olunmaqdadır. Mərhum həyat yoldaşı X1 ölümündən sonra onunla Sumqayıt Bələdiyyəsi arasında torpaq sahəsinə dair 01 yanvar 2011-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi üzrə icarəçinin hüquq və vəzifələri iddiaçıya keçmiş, iddiaçı tərəfindən həmin müqavilə üzrə icarə haqları bələdiyyəyə ödənilmişdir. Adı çəkilən icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra isə torpaq sahəsinə dair onunla Sumqayıt Bələdiyyəsi arasında icarə münasibətləri yeni müqavilə bağlanılmaqla rəsmiləşdirilmişdir. 03 mart 2022-ci il tarixli 10 saylı torpaq icarə müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, məhəllə 41, Koroğlu prospekti ərazisində yerləşən ümumi sahəsi 100 kv.m olan torpaq sahəsi İddiaçı müvəqqəti istifadəsinə vermişdir. İcarə müqaviləsi 01 yanvar 2022-ci il tarixdən 31 dekabr 2023-cü il tarixədək bağlanmışdır. Bundan əvvəl tərəflər arasında icarə müqaviləsi 11 yanvar 2007-ci il tarixdə bağlanmış, iddiaçının icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. (xx.xx.2007-ci il tarixli, 04 saylı icarə müqaviləsi) Məhkəmə qeyd edir ki, torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanmış növbəti müqavilə mahiyyət etibarilə yeni müqavilə olmamış, əvvəlki icarə münasibətlərinin davamı olaraq bağlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanuna əsasən : Maddə 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən sənədlər və qanun normaları iddianın təmini üçün əsas təşkil edir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, cavabdehin imtinasının digər əsasına görə idarənin mütəxəssisləri tərəfindən qeydiyyata alınması nəzərdə tutulan əmlaka müayinə baxışı keçirilərkən torpaq sahəsinə dair əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı 0.0049 ha torpaq sahəsinin dövlət mülkiyyətində olduğu məlum olmuşdur. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi 0.0049 ha torpaq sahəsinə münasibətdə təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X1 icarəsinə verilmiş, sahəsi 100 kvadrat metr olan torpaq sahəsinin 0.0049 ha hissəsi istisna olmaqla qalan hissəsi üzərində icarə hüququnun iddiaçının mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Sumqayıt Bələdiyyəsinin 18 iyul 2006-cı il tarixli, 25 saylı qərarı ilə avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi məqsədi ilə Sumqayıt şəhərinin 41-ci məhəlləsi ərazisində Koroğlu prospektində mərhum həyat yoldaşı X1 icarəsinə verilmiş, sahəsi 100 kvadrat metr olan torpaq sahəsinin 0.0049 ha hissəsi istisna olmaqla qalan hissəsi üzərində icarə hüququnun iddiaçının mərhum həyat yoldaşı X2 məxsus olması barədə müvafiq arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-401/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-401/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver