Məhkəmə qərarları › İş №2-1(118)-4020/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4020/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4020/2023 20.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinə qarşı “Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” qeydiyyat nömrəsi ********** olan, xx.xx.2015-ci il tarixli “Çıxarış”a əsasən İddiaçı məxsus ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən üçüncü şəxslər, o cümlədən, xx.xx.1982-ci il təvəllüdlü X2 və xx.xx.1976-cı il təvəllüdlü X3 qeydiyyatdan çıxarılması öhdəliyinin Siyəzən rayon Polis Şöbəsinin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 0.03 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur (əsas:“Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli “Çıxarış” əlavə edilir). Belə ki, fərdi yaşayış evini X7 ilə aralarında bağlanan xx.xx.2015-ci il tarixdə AN-İ 0513211№ №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında əldə etmişdir (alqısatqı müqaviləsinin surəti əlavə edilir). Onlar notariat kontorunda evin alqı-satqı barədə müqaviləsi bağlayarkən, nəyinki, hazırda iş üzrə üçüncü şəxslər,heç evin satıcısı Eldar Güləliyev həmin ünvanda, yəni evdə pasport qeydiyyatında olmamışlar. Bu fakt, o dövrdə evin satıcısı tərəfindən Siyəzən Rayon İHB-nın Siyəzən şəhər İƏD üzrə nümyəndəsi tərəfindən verilən və notariat kontoruna təqdim edilmiş arayışın, qeydiyyatda olanlar barəsində məlumat hissəsində "bu ünvanda qeydiyyatda heç kim yoxdur’’ qeydi ilə də təsdiq edilir (arayış təqdim edilir). Formal və əsassız qeydiyyatda olanlar, (üçüncü şəxslər) iddiaçının bacılarıdır, onların qeydiyyatda olmaları anadan olduqları ünvan 3 ünvanında olmaları etimal edilir.Ona görə ki, ünvan 4 yerləşən fərdi yaşayış evinin satıcısı, yəni keçmiş mülkiyyətçisi Eldar Güləliyev satdığı evin üzərində xx.xx.2015-ci il tarixdə mülkiyyət hüququları əldə etmişdir. Formal qeydiyyatda olanlar heç bir zaman bu ünvanda yaşamamışlar. Başqa sözlə satılan fərdi yaşayış evinə dair mülkiyyət sənədi 2015-ci il tarixində əldə edildiyindən və əsassız qeydiyyata düşənlərdən 01,05.1982-ci il təv. X4 2002-ci ildə gəlin köçüb Siyəzən şəhəri,Nizami küç. 24 nömrəli evdə yaşamış,daha sonra 2010-cu ildə Türkiyə Respublikasına köçərək hal-hazırda orada yaşayır, xx.xx.1976-cı il təv. X5 isə kiçik yaşlarından Siyəzən şəh.C.Cabbarlı küçəsində yaşayan Şahnabat adlı ana nənəsinin himayəsində və yanında yaşamış və hal-hazırda Xaçmaz rayonuna gəlin köçərik 2021-ci il tarixindən orada yaşayır .Onu da qeyd edir ki, iddiaçının onlarla əlaqə və ünsiyyəti yoxdur. Bununla da yuxanda qeyd edilənlərlə müəyyən olunur ki, Xalidə və Xəyalə Güləliyevalar nəməlum səbəblərdən, habelə iddiaçının razılığı və xəbəri olmadan Şəhriyar küçəsi,ev 31A ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyata düşmüşlər və formal qeydiyyatda olduğları ünvandan qeydiyyatda çıxmaları barədə dəfələrlə onlara müraciətlər etsə də əvvəllər müxtəlif bəhanələr gətirərək qeydiyyatdan çıxmaqdan qəsdən boyun qaçırmışlar ,hazırda isə onların dəqiq yaşayış yerləri iddiaçıya məlum olmadığından onlarla əlaqə saxlaya bilmir. Beləliklə şərh edilənlərlə bir daha məlum olur ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair alqı-satqı müqavilə bağlayarkən Siyəzən rayon polis şöbəsi tərəfindən verilən, "Yaşayış yer üzrə qeydiyyat haqqında” ******* nömrəli və xx.xx.2023-cü il tarixli ayrayışda adları qeyd edilənlər, xx.xx.1982- ci il təv. X4 və xx.xx.1976-cı il təv. X1 evdə qeydiyyatda olmamışlar. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, bacılarının mənzilindən qeydiyyatdan çıxarılmasını istəyir, lakin üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. İddiaçıya izah edilsin ki, üçüncü şəxslərin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar