Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4022/2024 29.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2-1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia qaldıraraq “2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-238/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 13 noyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4022/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4458/2023 saylı, 25 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilmiş, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2- 1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Tərtər hərbi Prokrorluğunun müstəntiqi vəzifəsində işləyərkən xidməti vəzifəsini icra edən zaman hər iki qıç nahiyyəsinin aşağı ətraflarını don vurduğundan "oblitirasiya edici indoartrid "diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar aparılmış, toplanmış materiallar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 saylı qərarının 1.1 maddəsinin 4-cü bəndinə əsasaan, aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə göndərilibdir. Nazirliyin yanında Dövlət Əmək müfəttişliyi tərəfindən araşdırmalar aparılmış, araşdırmanın nəticəsinə dair təhqiqat aktı tərtib olunmuş, Azərbaycan Respublikası Hərbi Prokurorluluğunun əməkdaşlarının iştirakı ilə "İZ" formalı akt tərtib olunmuşdur. Eyni zamanda Dövlət Əmək müfəttişliyinin göstərişinə əsasən müalicə olduğu sənədlərlə birlikdə Tibb Ekspertizadan keçirilmişdir. Məhkəmə Tibb Ekspertin Aktında da aldığı bu xəsarətin dondurma nəticəsində əmələ gəldiyi göstərilmişdir. Sumqayıt şəhərində yerləşən 06 tibb Sosial Ekspert Komissiyasının rəyinə əsasən 2-ci qrup əlilik təyin olunmaqla əmək qabiliyyətinin 80% itirilməsi və əlilliyin səbəbinin "Əmək zədəsi "olduğu müəyyən edilibdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tutuduğu vəzifədən azad olunmasına dair əmrin düzgün verilməməsi, həmçinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə pensiyanın təyin olunmasına dair mübahisə yarandığından, 2006-cı ilin yay aylarında Səbail rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2-1702/2006 nömrəli 29 noyabr 2006-cı il tarixi qətnaməsi ilə "Tərtər Hərbi Prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar olaraq "Prokurorluq Orqanlarında xidmət keçmə haqqında "Azərbaycan Respublikası Qanunun 20.6-cı maddəsinə əsasən birdəfəlik müavinət verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 nömrəli 2000-ci il tarixli 03 nömrəli xx.xx.2003-cü il tarixli Qərarlarına əsasən, 06 saylı Tibb Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80% məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi qət edilmişdir. Qeyd edilən bu qətnamə cavabdehlər tərəfindən bu günə qədər icra olunmuşdur. İddiaçı qətnamədə öz əksini tapan bir dəfəlik müavinətin verilməsi ilə Bakı Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna həm şifahi, həm də yazılı şəkildə müraciət etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2017 ci il tarixli HP - 09(709)184 saylı cavab məktubunda göstərilmişdir ki, "Məhkəmə və X2 işçilərin dövlət mühafizəsi haqqında" Azərbaycan Respublikası qanunun 1-ci maddəsində göstərilən hallar və tələblər nəzərə alınmaqla həmin Qanunun 19-cu maddəsinin tələblərinin tətbiq olunması, yəni orta əmək haqqı məbləğinin əlli misli miqdarında vergi tutulmadan birdəfəlik müavinətin ödənilməsi iddiaçıya şamil oluna bilməz. Eyni zamanda həmin məktubda göstərilmişdir ki, əgər əmək haqqında artım olarsa, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003- cü il tarixli 3 saylı qərarına əsasən yenidən hesablanır, növbəti aylarda mənə ödəniləcəkdir. 2022- ci ilin dekabr ayında Prokurorluq orqanları işçilərin əmək haqlarının 31,7 faiz artırılması ilə bağlı Hərbi Prokurorluğa rəsmi qaydada müraciət etmişdir. Sorğuya verilən xx.xx.2023-cü il tarixli 3-3-13/2-78- 87/2023cü il tarixli cavab məktubunda həm qeyd edilən qətnamənin icrasından, həm də artımın iddiaçıya şamil olunmasından tamamilə imtina olunmuş və göstərilmişdir ki, "Prokurorluq Orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliyə əsasən məzuniyyətə çıxarkən iki qat əmək haqqı məbləğində aldıqları pul təminatı və müalicə olunmaları ilə bağlı iki qat məbləğdə birdəfəlik pul müavinəti ləğv olunaraq göstərilən məbləğ əmək haqqına əlavə edilərək uyğunlaşma həyata keçirilmişdir. Məktubun mətnindən belə çıxır ki, guya o hələ orqanda işləyir və onlardan müalicə və məzuniyyət pulu tələb edir. Halbuki, iddiaçı qeyd olunan qətnaməyə uyğun olaraq orta əmək haqqının əlli mislinədək birdəfəlik müavinətin verilməsinin və əmək haqqında olan artımın ona şamil olunmasını xahiş etmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, idda tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Sumqayıt inzibati məhkəməsinə ünvanladığı iddia ərizəsində orta aylıq əmək haqqının 50 misli miqdarında dövlət büdcəsindən vergi tutulmadan birdəfəlik müavinətin verilməsi öhdəliyinin və 2022-ci ilin yanvar ayından inflyasiya ilə bağlı 10%, 2023-cü ilin yanvar ayından 14.7% əmək haqqının indeksiya olunması ilə artımın, 2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xahişini “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinin və “Məhkəmə və X2 işçilərinin Dövlət Müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü hissəsinə istinad etməklə bildirmişdir. Qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsində göstərilmişdir ki, prokurorluq işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik əmək haqqı məbləğində sığorta edilir. Həmçinin həmin qanunun 20.6-cı maddəsində göstərilmişdir ki, “Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş), ya xidmətin davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış prokurorluq işçilərinə və ya onların ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və məbləğdə birdəfəlik müavinət verilir”.” Göründüyü kimi prokurorluq işçilərinin həyat və sağlamlığı onların 5 illik əmək haqqı məbləğində sığorta edilir və bu sığorta ödənişi həmin şəxsin almış olduğu xəsarətə uyğun olaraq həyata keçirilir. Bundan başqa, “Məhkəmə və X2 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.9-cu maddəsində göstərilmişdir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq hüququ olan şəxsə sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaitidir. “Məhkəmə və X2 işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Belə ki, sığorta hadisələri baş verdikdə həmin hadisəyə görə sığorta ödənişləri prokurorluq işçilərinin 5 illik əmək haqqlarının 10%-dən 100%dək məbləğ təşkil edir. Bundan əlavə adıçəkilən Qanunun 5-ci maddəsində göstərilmişdir ki, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə (müvafiq Qanunun əvvəlki redaksiysına əsasən İİ qrup əllilik müəyyən edilən şəxs) Məhkəmə və X2 işçilərinin 5 illik əmək haqqlarının 60 faizi məbləğində sığorta ödənişi həyata keçirilir. Bundan əlavə, “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanının 1-ci hissəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və prokurorluq işçilərinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1- dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edildiyi, eləcə də həmin Fərmanın 2.7-ci hissəsində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid olduqda dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin "xxxx" ASC tərəfindən həyata keçirildiyi göstərilmişdir. Bundan əlavə, sözügedən iddia ərizəsində İddiaçı istehsalat travması almasına görə orta aylıq əmək haqqının 80%-i məbləğində ödənişin həyata keçirilməsi göstərilmişdir. Nəzərə alınmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, əmək münasibətlərinə dair adıçəkilən Qanunla nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği"ni müəyyən edən normativ aktın 1.1 -ci hissənin 2-ci abzasında bu Qaydaların Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. Həmin Qaydaların 3.4-cü hissəsində “Əgər xəsarət yetirilənədək və ya sağlamlığı başqa şəkildə pozulanadək zərərçəkənin əmək haqqında onun əmlak vəziyyətini yaxşılaşdıran sabit dəyişikliklər baş vermişdirsə (tutduğu vəzifə üzrə əmək haqqı artırılmışdırsa, daha yüksək maaşlı işə keçirilmişdirsə, əyani təhsil aldığı təhsil müəssisəsini bitirdikdən sonra işə girmişdirsə və zərərçəkənin əməyinin ödənilməsində dəyişikliyin və ya dəyişiklik imkanının sabitliyinin sübuta yetirildiyi başqa hallarda) onun aylıq əmək haqqı müəyyənləşdirilərkən yalnız müvafiq dəyişiklikdən sonra aldığı və ya almalı olduğu aylar üzrə əmək haqqı nəzərə alınır” kimi, 3.5-cü hissəsində “İstehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda ayhq Ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə (vəzifə) üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin orta aylıq əmək haqqının hesablanmasında nəzərə alman və nəzərə alınmayan Ödənclərin siyahısı "Orta əmək haqqı hesablanarkən nəzərə alman və alınmayan ödənclərin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilir” kimi göstərilmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsində göstərilmişdir ki, işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməli və bu haqda əmək müqaviləsində müvafiq məlumatlar göstərilməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsində göstərilmişdir ki, sığorta hadisəsi istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Əmək Məcəlləsinin 239-cu maddəsinin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Bundan başqa, Əmək Məcəlləsinin 195-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Bununla yanaşı, sözügedən Qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürənin təqsirli olduqda yarandığı, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyətinin tam xarakter daşıdığı göstərilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, İddiaçı istehsalat travması almış və ona almış olduğu travma ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sığorta ödənişi, eləcə də istehsalatda baş vermiş travmaya görə kompensasiya verilmişdir. Qanunvericiliyin müddəalarına əsasən, prokurorluq işçiləri baş vermiş sığorta hadisəsi ilə bağlı yalnız birdəfəlik müavinət əldə edə bilər və bu müavinət müvafiq sığorta şirkəti tərəfindən ödənilir. İstehsalat travması baş verdikdə isə bu əmək müqaviləsində nəzərdə tutulduğu halda, həmçinin müvafiq qurumun təqsiri sübut olunduğu halda müəyyən edilmiş məbləğdə tam və ya qismən ödənilir. Qeyd olunanlara baxmayaraq Bakı şəhəri Səbayıl rayon məhkəməsinin xx.xx.2006- cı il tarixli 2-1702/2006 nömrəli qətnaməsində İddiaçı həm birdəfəlik müavinət, həm də kompensasiya təyin olunmuşdur. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 noyabr 2022-ci il tarixli 625-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar aldıqları iki aylıq əmək haqqı məbləğində pul təminatları ləğv edilmişdir. Sözügedən Qanunun tətbiq edilməsi nəticəsində ləğv edilmiş pul təminatının hesabına əmək haqqında artım olsa da, bu artım bütövlükdə orta aylıq əmək haqqına təsir etməmişdir. Bu səbəbdən də orta aylıq əmək haqqında artım olmamışdır. Bundan başqa, göstərilən artımın sığortalıya hesablanması üçün həmin şəxslə bağlı sığorta hadisəsinin qeyd olunan dövrdə baş verməsi və yaxud sığorta ödənişinin tam və yaxud qismən ödənilməməsi tələb olunur. Odur ki, iddia ərzəsində qeyd edilən məsələ ilə bağlı bildirilir ki, 2022-ci ilin dekabr ayında prokurorluq işçilərinin orta aylıq əmək haqqında 31,7% artım olmamışdır. Göründüyü kimi, İddiaçı orta aylıq əmək haqqının 50 misli miqdannda dövlət büdcəsindən vergi tutulmadan birdəfəlik müavinətin verilməsi öhdəliyinin və 2022-ci ilin yanvar ayından inflyasiya ilə bağlı 10%, 2023-cü ilin yanvar ayından 14.7% əmək haqqının indeksiya olunması ilə artımın, 2022-ci ilin dekabr ayında prokurorluq orqanları işçilərinin əmək haqqının 31.7% artımının aldığı müavinətə şamil edilməklə yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə qoyulması barədə şikayəti əsassızdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Səbail rayon Məhkəməsinin 2-1706/2006-cı il tarixli qətnaməsi; cavabdeh orqanın 17 avqust 2017-ci il tarixli və 26 aprel 2023-cü il tarixli imtina məktubları; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfaiəsi Nazirliyi Nəzdində Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən 46-T nömrəli, 02 mart 2006-cı il tarixli ƏMR-in surəti; təhqiqat aktı; 63/TM nömrəli Ekspert Aktı; məhkəməyə sorğu əsasında daxil olmuş məlumatlar və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. İş materiallarında olan 2-1702/2006 nömrəli, 29 noyabr 2006-cı il tarixli Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı “Tərtər Hərbi Prokurorluğunda xidməti vəzifəni icra edən zaman əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar “Prokurorluq orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.6-cı maddəsinə əsasən bir dəfəlik müavinət ödənilməsi”; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı və xx.xx.2003-cü il tarixli, 03 saylı qərarlarına əsasən 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80 faiz məbləğində Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən hər ay müavinət ödənilməsi” qət edilmişdir. Göründüyü kimi iddiaçıya cavabdeh orqan tərəfindən xəsarət alması ilə əlaqədar müavinət təyin edilmişdir. İddiaçı hal-hazırda ona cavabdeh orqan tərəfindən xəsarət alması ilə əlaqədar təyin edilmiş müavinətin, orta əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanmasını istəyir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.13 və 20.14-cü maddəsinə əsasən prokurorluqda 35 il qulluq etmiş, həmin orqanda qulluğunu davam etdirən prokurorluq işçisinə aylıq əməkhaqqı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir, pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 20.6-cı maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı prokurorluq orqanlarında xidmət keçməsinə xitam verilmiş prokurorluq orqanlarının işçisinə vəzifə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Pensiyaya çıxması ilə əlaqədar verilmiş müavinətdən vergi tutulmur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Prokurorluq işçilərinin əmək haqqı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Cavabdeh orqan imtinasının əsası kimi göstərmişdir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 noyabr 2022-ci il tarixli 625-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən və müalicə olunmaları ilə əlaqədar aldıqları iki aylıq əmək haqqı məbləğində pul təminatları ləğv edilmiş, ləğv edilən pul təminatının hesabına əmək haqqında artım olsa da, bu artım bütövlükdə orta aylıq əmək haqqına təsir etməmişdir. Bu səbəbdən də orta aylıq əmək haqqında artım olmamışdır. Lakin məhkəmə hesab edir ki, cavabdeh orqanın “prokurorluq işçilərinin hər il məzuniyyətə çıxarkən aldıqları ikiqat əmək haqqı məbləğində pul təminatı və müalicə olunmaları məqsədilə verilən ikiqat məbləğdə birdəfəlik pul müavinətinin ləğv olunaraq əmək haqqına uyğunlaşdırılaraq əlavə olunması” əsası ilə iddiaçının tələbindən imtinası əsassız və formal olmuşdur. Belə ki, iddiaçıya hər ay ödənilən müavinət cavabdeh orqan tərəfindən təyin edilmişdir və yenidən hesablama aparmalı orqan da Azərbaycan Respublikası Hərbi Prokurorluğudur. Vətəndaşa müavinət təyin edilən dövrdə prokurorluq işçilərinin aldıqları əmək haqqı məbləği ilə halhazırda aldıqları əmək haqqı məbləğindəki fərqin cavabdeh tərəfindən nəzərə alınmamasını məhkəmə, iddiaçının yuxarıda qeyd olunan konstitusion hüququnun pozulması kimi qiymətləndirir və bu qənaətə gəlir ki, əmək haqqı məbləğində qeyd olunan artım (fərq) iddiaçıya təyin edilmiş müavinətin yenidən hesablanması üçün əsas olan hal kimi nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialar öhdəliyin icrası haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2-1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 nömrəli 2003-cü il 09 yanvar tarixli Qərarının 3.5-ci maddəsinə əsasən, Bakı Səbail Rayon Məhkəməsinin 2- 1702/2006-cı il nömrəli xx.xx.2006-cı il tarixli qətnaməsinə, 06 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli 171846 nömrəli rəyinə əsasən əmək haqqının 31,7 % və 14,7% artımı nəzərə alınmaqla, təyin olunmuş ödənişin 01 dekabr 2022-ci il tarixdən yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğunun üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva