Məhkəmə qərarları › İş №2-1(118)-4029/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4029/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4029/2025 24.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: qaz sayğacının quraşdırılması və təbii qazdan istifadə üçün nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin bağlanması) GİRİŞ HİSSƏ X5-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “qaz sayğacının quraşdırılması və təbii qazdan istifadə üçün nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı sahiblik və istifadəsində olan, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 14 nömrəli fərdi yaşayış evində (İddiaçı) adına qaz sayğacının quraşdırılması və təbii qazdan istifadə üçün nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin İddiaçı ilə X1 arasında bağlanması öhdəliyinin (vəzifəsinin) cavabdehə həvalə edilməsi (üzərinə qoyulması) barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14000/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-4245/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14000/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 14 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evə Cavabdeh tərəfindən G-4 markalı 1402AZ**********67 nömrəli qaz sayğacı quraşdırılmışdır. 08 dekabr 2022-ci il tarixdə, haqqında danışılan sayğacın yenisi ilə əvəz olunması üçün həmin tarixli, ******* nömrəli müvafiq Akt tərtib olunmuşdur. Bundan sonra, köhnə sayğac cavabdehin məsul şəxsləri tərəfindən aparılmışdır. Ancaq həmin vaxt tərəflər arasında hansısa bir akt, tələbnamə və bu kimi digər hər hansı bir rəsmi məlumat iddiaçıya bildirilməmişdir. Daha sonra, qaz pulunu ödəyərkən, post terminaldan verilmiş xəbərdarlığa görə, yekun borc məbləğinin olması barədə qəbzdə göstərilmişdir. Dəfələrlə bu barədə cavabdehə şifahi qaydada bildirilmiş olsa da, hər dəfə bir bəhanə gətirilmiş və müxtəlif fikir və ifadələr işlədilmişdir. Sonra müəyyən olmuşdur ki, Cavabdeh İB-nin əməkdaşları ilk əvvəl xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edərək, guya iddiaçının yaşadığı evdə (Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, ev 14) quraşdırılmış qaz sayğacına hansısa qaz itkisi və müdaxilələr aşkar olunduğu aşkar edilmişdir. Birincisi, qeyd edilən aktdan heç vaxt onun (iddiaçının) xəbəri olmamışdır. Həmin ünvanda iddiaçı ilə onun övladı (qızı) yaşayır, əgər bu barədə bildirilmiş olsa idi, iddiaçı (və ya qızı) hər bir halda öz etiraz və iradlarını aktda göstərərdilər. Ona görə ki, bu akt ümumilikdə iddiaçının xəbəri olmadan tərtib edilmiş və həqiqəti əks etdirməyən bir sənəd olmuşdur. Həmin Akt və eləcə də, onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamə adlı sənəd rəsmi qaydada göndərilməmiş və iddiaçı bacısı ilə birlikdə 23 fevral 2024-cü il tarixdə qeyd edilən sənədlərin ksero surətlərini qaz idarəsindən şəxsən götürmüşdür. Göstərilən sənədlərlə tanış olduqdan sonra, iddiaçıya bəlli olmuşdur ki, tərtib edilmiş akt əsassız və qanunsuzdur. Bu elə Aktın özünün mətnindən də görünür. Birincisi, aktda iddiaçının adının deyil, tam başqa şəxsin - Məmmədov Fərid adlı şəxsin - adı göstərilir. Göstərilən şəxslə iddiaçı əvvəllər bir nikahda olmuş olsalar da, onların nikahlarına Səbail Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə xitam verilmiş və hətta sonradan haqqında danışılan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, 4794 nömrəli alqı-satqı müqaviləsi əsasında da iddiaçı tərəfindən alınmışdır. Eyni zamanda, qeyd etdiyi kimi, mənzilə qurşadırılmış sayğacın yenisi ilə əvəz olunması 2022-ci ildə olmuş və həmin vaxtı tərtib olunan ******* nömrəli aktda da İddiaçı adı qeyd edilmişdir. Sonradan, yəni artıq 2023-cü il tarixdə Fərid Məmmədovun burada mübahisələndirilən aktda, həmçinin cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə adının qeyd olunmasının hüquqi əsası olmamışdır. Bu isə onu bildirir ki, cavabdeh tərəfindən tərtib edilmiş bu sənədlər həm həqiqəti əks etdirməmiş, həm də ümumiyyətlə tərtib edilərkən qeyd edilən sənədlərdə göstərilən hallar baş verməmişdir. İkinci tərəfdən, aktda qeyd olunur ki, guya Fərid Məmmədov aktı imzalamaqdan imtina etmişdir. Yəni mübahisələndirilən akt harada və hansı saatda, eləcə də tarixdə tərtib edilibsə, hazırki iş üzrə iddaçı cavabdehin əməkdaşları ilə birgə olmamışdır. Üçüncü tərəfdən, tərtib edilmiş aktla cavabdehin özünün irəli sürdüyü tələbnamə adlı sənəddə də uyğunsuzluq vardır. Belə ki, akta baxış keçirilərkən aşkar olunmuş nöqsan kimi hansısa rəy əsasında qaz itkisi və müdaxilənin olması qeyd edilsə də, ancaq tələbnamədə sayğacın çıxış plastmas borunun deşilməsi bildirilir. Buradan da görünür ki, cavabdehin məsul şəxsləri ümumiyyətlə heç özləri bilməmişlər ki, nəyi axtarıb tapıblar və hansı əsaslar üzərindən də akt və ya tələbnamə tərtib ediblər. Bu artıq cavabdehin özünün tərtib etdiyi sənədlərin özünün əsassızlığı və qanunazidd olmasını özündə əks etdirir. Eyni zamanda, aktda iddiaçının keçmiş həyat yoldaşı Fərid Məmmədovun imtina etdiyi bildirilir və digər bilinməyən 3 nəfər şəxsin aktın doğruluğunu təsdiq etmələri göstərilir. Bu şəxslər kimdir, ümumiyyətlə belə şəxslər varmı, bunlar hansı səlahiyyətlə Dövlətin adından tərtib edilmiş Aktın doğruluğunu təsdiq etmələri barədə Aktda bir dənə də olsun məlumat verilmir, çünki akt tərtib edilərkən, gizlin qaydada, ümumiyyətlə heç gəlib yerdə baxış keçirmədən akt tərtib etmişlər. Bundan başqa, qeyd olunan köhnə sayğac iddiaçının yaşadığı fərdi yaşayış evinin çöl hissəsində olmuşdur. Əlavə olaraq, sayğac götürülüb aparıldıqdan sonra, cavabdehin əməkdaşları necə yoxlayıblar, hansı qaydada və texnologiya ilə müəyyənləşdirildiyi bilinmir. Bütün bu xüsusatların dəqiqləşdirilməsi və aydınlaşdırılması üçün iddiaçı xx.xx.2024-cü il tarixli şikayətlə Cavabdeh İB-nə rəsmi qaydada müraciət olunmuş və müraciət cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada alınmışdır. Həmin müraciəti cavabdeh bu günə qədər cavablandırmamış, ümumiyyətlə əhəmiyyət belə verməmişdir. Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının barəsində tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akt ləğv edilməli və onun əsasında hesdablanmış 3294,04 (üç min iki yüz doxsan dörd manat, 04 qəpik) manat məbləğində borc silinməlidir. Bu səbəbdən, iddiaçı tərəfindən 02 aprel 2024-cü il tarixli iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında iddiaçıya hesablanmış 3294,04 (üç min iki yüz doxsan dörd manat, 04 qəpik) manat dəymiş ziyanın (borcun) silinməsi (ləğv olunması barədə) qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan Məhkəmə verilmiş iddia tələblərinin rədd olunması barədə xx.xx.2024-cü il tarixli, 2(011)-4123/2024 nömrəli qətnamə qəbul etmişdir. İddia tələbinin rədd olunmasının hüquqi əsası kimi, İddiaçı həmin iddia ərizəsini verərkən, onun subyektiv hüququnun olmamasının əsas gətirilməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz sayğacının quraşdırıldığı yaşayış evi İddiaçı sahiblik və istifadəsində olsa da, ancaq sayğacın quraşdırılması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmamış və quraşdırılmış savqac isə bascıa səxsə aid olmuşdur. Buna görə də, iddiaçının hansısa hüquqlarının pozulmasından burada danışmaq olmaz. Qətnamə ilə həmçinin o da müəyyənləşdirilmişdir ki, belə bir mübahisəni isə ancaq qazın alqı-satqı müqaviləsi üzrə müqavilə tərəfi olan şəxs mübahisələndirə bildiyindən iddia tələbləri də tam rədd olunmalıdır. Belə olan halda, qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Ancaq cavabdeh inzibati orqana iddiaçı dəfələrlə şifahi qaydada müraciət etmiş olsa da, hər dəfə qaz sayğacı kimin adınadırsa, həmin şəxsin razılığı ilə iddiaçının adına rəsmiləşdirilməsinin mümkün ola biləciyini vurğulamışlar. Yaşayış evi uzun müddətdir ki, iddiaçıya faktiki sahiblik və istifadə hüquqları əsasında məxsusdur, cavabdeh inzibati orqan özünün səlahiyyətlərini aşaraq, belə bir müqaviləni başqa şəxslə bağlaması və sonra da həmin sayğac üzrə yaranmış borcu necə istəyə bilər ki, digər tərəfdən, iddiaçıya alqı-satqı müqaviləsinin bağlanmasına dair ona nə məlumat verilmiş, nə də ki, bu barədə məlumatlı ola-ola, sonradan belə bir müqaviləni bağlamaqdan imtina edə bilməzdi. Bütün bu xüsusatlara görə, iddiaçı bu dəfə məcbur olub rəsmi qaydada cavabdeh inzibati orqana əvvəlcə ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən, iddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evində onun adına qaz sayğacının quraşdırılması, təbii qazdan istifadə üçün nəzərdə tutulmuş müvafiq müqavilənin bağlanmasına göstəriş verilməsini xahiş etmişdir. Ərizə rəsmi qaydada, yəni 13 avqust 2024-cü il tarixdə cavabdehə ünvanlanmış və cavabdeh də həmin rəsmi müraciəti 19 avqust 2024-cü il tarixdə əldə etmişdir (almışdır). Artıq həmin müraciətin üzərindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, ərizə nə cavablandırılmış, nə də ki, ərizədə göstərilən xahiş inzibati orqan tərəfindən yerinə yetirilməmişdir. Təbii qazdan istifadə ilə bağlı onun satışını əhaliyə satan yeganə inzibati orqan hazırki iş üzrə inzibati orqandır. Bu orqandan başqa qazdan istifadəyə görə başqa bir qurumla alqı-satqı müqaviləsinin bağlanması qeyri-mümkündür, çünki bu inzibati orqan təbii inhisar subyektidir və ancaq onunla bağlanmalıdır ki, iddiaçının təbii qazdan istifadə ilə bağlı hüquq münasibətlərində işitrakı mümkün olsun. Lakin inzibati orqan həm özünün qanunazidd hərəkətləri ilə bu müqaviləni aidiyyəti olmayan şəxslə bağlamış, eləcə də həmin müqavilə bağlanarkən, qazın həqiqi istifadəçisi və istehlakçısı olan şəxsə xəbər verilməmişdir. Bu günləri başqa şəxsin adına olan sayğaca görə yaranmış ödənişlər iddiaçı tərəfindən ödənilir, lakin sayğac aidiyyəti olmayan şəxsin adınadır, çünki müqavilə də həmin aidiyyəti olmayan şəxslə bağlanmışdır. Odur ki, ididiaçının hüquqlarının bərpa olunması və təbii qazdan harada və kim tərəfindən həqiqətən istifadə olunursa, həmin şəxslə də müqavilə bağlanmalıdır. Buna görə də, hazırki iş üzrə cavabdehin tərəfindən belə bir alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin barədə qərar qəbul edilməlidir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir

6. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

7. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

9. Əlavə olaraq, məhkəmə vurğulamağı zəruri hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh qismində çıxış edən Cavabdeh inzibati orqan hesab olunmasa belə (səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisənin rəhbərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunması, habelə həmin müəssisəsinin bazarda inhisarçı statusa malik olmaması), hazırki mübahisə üzrə tərəflər arasında müqavilə münasibətləri olmadığından, mübahisəyə baxılması inzibati məhkəmə tərəfindən həyata keçirilir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 14-cü bəndində qeyd edilmişdir ki, “Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır.”. Qeyd olunan qərarın hazırki işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Cavabdeh təbii qaz təchizatı sahəsində inhisar subyekti olduğundan, həmçinin tərəflər arasında müqavilə münasibətləri olmadığından, iddiaçı doğru olaraq Cavabdehnə qarşı inzibati məhkəmədə iddia qaldırmışdır .

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

10. xx.xx.2019-cu il tarixdə bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 5 saylı küçəsində inşa edilən (inşa edilmiş) fərdi yaşayış evi, 2 mərtəbəli, ümumi sahəsi 140 kv.m ibarət, 4 otaqlı mansardsız fərdi yaşayış evini İddiaçı satmışdır.

11. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, HŞ/258 nömrəli arayışdan görünür ki, İddiaçı AAAF-İNŞAAT” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli M-4794 nömrəli alqı-satqı haqqında müqaviləyə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, 5 saylı küçəsində inşa edilmiş, ümumi sahəsi 140 kv.m. olan, 4 otaqlı 14 saylı fərdi yaşayış evində faktiki olaraq xx.xx.2019-cu il tarixindən etibarən (əmlak sahibinin məlumatına əsasən) aşağıda göstərilən tərkibdə yaşayır: İddiaçı, xx.xx.1981,əmlak sahibi X3 , xx.xx.2009, övladı.

12. AZ-İ 478714 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X4 və İddiaçı arasındakı nikaha Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2019-cu il tarixdə xitam verilmişdir.

IV. Tətbiq edilən hüquq

13. “Qaz təchizatı haqqında” Qanunun:

11. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.(6-cı bənd)

13. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. (8-ci bənd)

14. “Qazdan istifadə” Qaydalarının: 1.2 qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tip təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Tipi təsdiq edilməmiş sayğacların və digər ölçmə vasitələrinin istismarı qadağandır. 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qazpaylayıcı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 5.6. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə).

IV. Məhkəmənin mövqeyi

15. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

16. Yuxarıda qeyd edilən qanunvericiliyin müddəalarından görünür ki, qaz paylayıcısı ilə istehlakçı arasında münasibətlər məhz qazın alqı-satqısı müqaviləsi bağlandığı anda yaranır. Qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Nəzərə alınmalıdır ki, qaz sayğacının quraşdırılması, qaz xəttinin çəkilməsi və bu istiqamətdə hər hansı bir hərəkətlərin görülməsi istehlakçının və əhalinin təhlükəsizlik baxımından qanunvericilikdə müəyyən edilmiş normalar əsasında həyata keçirilir.

17. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının hazırki iddia tələbi ilə sayğacın quraşdırılmasını arzuladığı əmlak (Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 5 saylı küçəsində inşa edilən (inşa edilmiş) fərdi yaşayış evi) onun xüsusi mülkiyyətindədir. İddiaçının həmin əmlaka dair xüsusi mülkiyyət hüquqlarının qeydə alınması qüvvədə olan mülki əqd (alqı-satqı müqaviləsi) əsasında həyata keçirilmişdir. Nəzərə alınmalıdır ki, əmlaka dair sahiblik, istifadə və sərəncam hüquqları iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər yaşayış sahəsinə dair ona məxsus olmuş mülkiyyət hüququndan haqq müqabilində imtina edərək onun iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Başqa sözlə desək, iddiaçı əmlaka dair yuxarda göstərilən hüquqlara yalnız köhnə mülkiyyətçi ilə alqı-satqı müqaviləsi bağlandığı andan etibarən malik olmuşdur. İndi isə iddiaçı mülkiyyət hüquqları olduğu əmlaka dair təbii qazdan istifadə etmək üçün alqısatqı müqaviləsinin və bu müqavilənin bağlanması ilə meydana gələn hüquqlardan istifadə etmək arzusundadır.

18. xx.xx.2019-cu il tarixdə bağlanmış fərdi yaşayış evinin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF-Park” yaşayış massivinin 5 saylı küçəsində inşa edilən (inşa edilmiş) fərdi yaşayış evi, 2 mərtəbəli, ümumi sahəsi 140 kv.m ibarət, 4 otaqlı mansardsız fərdi yaşayış evini İddiaçı satmışdır.

19. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, HŞ/258 nömrəli arayışaa əsasən, İddiaçı AAAF-İNŞAAT” MMC ilə bağlanmış xx.xx.2019-cu il tarixli M-4794 nömrəli alqı-satqı haqqında müqaviləyə əsasən, Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivi, 5 saylı küçəsində inşa edilmiş, ümumi sahəsi 140 kv.m. olan, 4 otaqlı 14 saylı fərdi yaşayış evində faktiki olaraq xx.xx.2019-cu il tarixindən etibarən (əmlak sahibinin məlumatına əsasən) övladı X3 ilə birlikdə yaşayır.

20. AZ-İ 478714 nömrəli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən, X4 və İddiaçı arasındakı nikaha Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən, xx.xx.2019-cu il tarixdə xitam verilmişdir.

21. Məhkəmə qeyd edir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır.

22. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə hazırki mübahisəyə oxşar mübahisə üzrə apellyasiya instansiya məhkəməsinin qərarını əsas gətirir. Belə ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-805/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya məxsus torpaq sahəsinin “X2 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 20 sentyabr 2019-cu il tarixli 567868 saylı “Dövlət Reyestrindən Çıxarış”a əsasən, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hal-hazırda qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olduğundan Bakı şəhəri, ünvan ünvanında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin qazlaşdırılmasından cavabdehin imtinası əsassızdır.”.

23. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin hərəkətsizliyi iddiaçının hüquqlarının tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

25. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 14 nömrəli fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması və “qazın alqı-satqısı”na dair müqavilə bağlanması verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X5-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar