Məhkəmə qərarları › İş №2-1(118)-403/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-403/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-403/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsinə dair hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək “Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə 34 saylı protokola əsasən, "Samur-Abşeron" kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyatyanı torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Daha sonra AR DT və XK-nın Sumqayıt şəhər Şöbəsindən bu haqda 02/2117 N-li xx.xx.2007-ci il tarixli müvafiq rəy alınmışdır. Həmin rəyə əsasən, 600 kv.m həyatyanı torpaq sahəsinin onun adına sənədləşdirilməsinə etiraz edilməmişdir. O mülkiyyətinə verilmiş torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt şəhər bələdiyyəsinə 300 manat dövlət rüsumu ödəmişdir və mülkiyyətinə verilmiş torpaq sahəsinin sərhədlərini dəmir dirəklərlə hasara almışdır. Lakin bələdiyyə tərəfindən ona alqı-satqı müqaviləsi təqdim edilməmiş və bu barədə heç bir məlumat verilməmişdir. Daha sonra 2016-cı ildə AR ƏMDK Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsində torpağın onun adına qeydiyyata alınmasını xahiş etsə də, torpaq sahəsinin dövlət reyestrinə alınması üçün alqı-satqı müqaviləsinin lazım olduğu ona bildirilmişdir. Bələdiyyə isə müqavilənin verilməsindən imtina etmiş. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ilə təqdim olunan sübutlar əsasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsi icraya yönəldilsə də 2 ildən çox müddət keçməsinə baxmayaraq hüquqlarının dövlət qeydiyyatına alınması barədə AR ƏMDK Yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən heç bir iş görülməmiş, əvəzində işdən məlumatsız olduqlarını əsaslandırmağa çalışmaqla 3 il sonra apellyasiya şikayəti vermişlər və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2701/2021 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ləğv edilmişdir. Sumqayıt şəhər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən, mülkiyyətinə verilmiş "Samur-Abşeron" kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsi ilə onun arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və üzərində hüququn qeydiyyatının aparılmasının AR ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsinə həvalə edilməsi barədə məhkəmə tərəfindən qərar çıxarılmalıdır. Hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh təşkilata yenidən müraciət etsə də, cavabdeh təşkilatın xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən, bu tələbindən imtina olunmuşdur. Həmin cavab məktubunu rəsmi qayda da xx.xx.2021-ci il tarixdə əldə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi Sumqayıt inzibati Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2-1(118)- 2152/2021 nömrəli sərəncamına əsasən (hakim - Leyla Mirzəyeva) İdarəyə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı Sumqayıt şəhərinin cənubu, “Samur -Abşeron” kanalının şimalı, 4-cü məhəllədə, yerləşən 37 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)-2680/2018 saylı qətnaməsi ilə cavabdeh Sumqayıt Bələdiyyəsinə və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi" tələbinə dair iddianız təmin edilmiş, Sumqayıt Bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarına əsasən sizin mülkiyyətinizə verilmiş "Samur-Abşeron" kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikilməsi üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv. metr olan 37 saylı həyətyanı torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsi ilə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması qət edilmişdir. Məhkəmə mübahisəsi üzrə üçüncü şəxs qismində cəlb edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2701/2021 saylı qətnaməsi ilə təmin edilmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(060)- 2680/2018 saylı qətnaməsi ləğv edilmişdir. Bundan başqa “Torpaqların alqı-satqı qaydaları” haqqında Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il fərmanına əsasən torpağa dair alqı-satqı aktı ərizəyə əlavə edilməmişdir. Yekun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya yazılı etirazla eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 34 saylı qərarından görünür ki, "Samur-Abşeron" kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyatyanı torpaq sahəsi İddiaçı ayrılmışdır. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/2117 saylı, 11 oktyabr 2007-ci il tarixli rəyindən görünür ki, iddiaçıya "Samur-Abşeron" kanalının şimalında fərdi yaşayış evinin tikintisi üçün 600 m2 torpaq sahəsinin alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz edilməmişdir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 207 saylı, xx.xx.2007-ci il tarixli rəyində görünür ki, iddiaçıya Sumqayıt şəhərinin cənubunda "Samur-Abşeron" kanalının şimalında salınacaq yeni yaşayış məntəqəsinin 4-cü məhəlləsi ərazisində fərdi yaşayış evi tikintisi məqsədilə 600 kv.m torpaq sahəsi ayrılmasına etiraz edilməmişdir. - 410 saylı, 13 noyabr 2007-ci il tarixli hesab fakturadan görünür ki, İddiaçı tərəfindən Sumqayıt şəhər bələdiyyəsinin hesabına 600 kv.m torpaq sahəsinin alqısatqısı müqabilində 300 manat məbləğində pul vəsaaiti köçürülmüşdür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 18 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı Əzizağa oğlunun faktiki istifadəsində olan “Samur Abşeron” kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyətyanı torpaq sahəsi elektron məlumat bazasına əsasən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 34 saylı qərarı ilə "Samur-Abşeron" kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində fərdi ev tikmək üçün 4-cü məhəllə ərazisində sahəsi 600 kv.m olan 37 saylı həyatyanı torpaq sahəsinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/2117 saylı, 11 oktyabr 2007-ci il tarixli və Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 207 saylı, xx.xx.2007-ci il tarixli rəyləri ilə iddiaçıya torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində Sumqayıt bələdiyyəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul vəsaiti ödənilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 17 sentyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasının əsası kimi iddiaçı tərəfindən sözügedən torpaq sahəsinə dair alqı-satqısı aktının tərtib edilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 4-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6-ci mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Qeyd edilməlidir ki, hazırki işdə də iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi və habelə memarlıq və şəhərsalma idarəsi tərəfindən rəy verilmiş, qeyd olunan müsbət rəylər əsasında bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Məhkəmə hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqısatqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 300 (üç yüz) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində 4-cü məhəllə ərazisində 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər bələdiyyəsinin 16 noyabr 2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış Samur Abşeron kanalının şimal hissəsində yerləşən yeni yaşayış məntəqəsində 4-cü məhəllə ərazisində 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar