Məhkəmə qərarları › İş №2-1(118)-4033/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4033/2025

26.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4033/2025 26.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2nə qarşı iş üzrə (Açar sözlər: plan-ölçüsünün hazırlanması və çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2nə qarşı “daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, plan və ölçüsünün hazırlanması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşməklə 12 may 2006-cı il tarixli, JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin planı-ölçüsünün hazırlanması və iddiaçının adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Qusar rayonunun Bədirqala kəndi ərazisində yerləşməklə 12 may 2006-cı il tarixli, JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçıya məxsus 0,06 ha torpaq sahəsinin qonşu torpaq sahəsi ilə üst-üstə düşməyən 0,052 ha hissəsinə onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin planı-ölçüsünün hazırlanması və iddiaçının adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Bədirqala kəndi ərazisində iddiaçının mülkiyyətində 0,06 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə onun mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq olunur. İddiaçı JN-414F KOD 30106028 saylı Şəhadətnaməyə əsasən onun mülkiyyətində olan 0, 06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi 27 dekabr 2024-cü il tarixli məktubla ona cavab verərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, 0,06 ha torpaq sahəsinə aid təqdim edilən Qusar rayonu Bədirqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/2-3 saylı qərarı ilə verilmiş JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında öz əksini tapmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə şəhadətnamələrin qeydiyyatı kitabında aşkar edilməmişdir . Bundan əlavə cavabdehin 27 dekabr 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, həmin torpaq sahəsində inşa etdiyi yaşayış evi “Socar”a məxsus yerüstü 325 mm-lik qaz xəttinin yaxınlığında yerləşir həmin məsələ ilə əlaqədar “Socar”ın iddiaçıya qarşı yaşayış evinin sökülməsi barədə iddiasının rədd edilməsinə dair birinci instansiya, apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin qanuni qüvvəyə minmiş qətnamələri mövcuddur. Bu səbələri əsas tutmaqla cavabdeh DƏDKR PHŞ 5 saylı Xaçmaz Ərazi idarəsi Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cı maddəsinə istinad edərək JN-414F KOD 30106028 saylı Şəhadətnamə üzrə iddiaçının mülkiyyətində olan həmin 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan və ona həmin torpağa mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verməkdən imtina etmişdir. İddiaçı cavabdehin həmin imtinası ilə razı deyil, həmin imtina əsassızdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinin əsasları "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbayqan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuşdur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27 dekabr 2024-ct il tarixli imtina məktubunda göstərilmiş səbəblərin heç bırı hüquqların dövlət qeydiyyatına alınmasımdan imtina edilməsinin əsasları kimi "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmamışdır. İddiaçı qeyd edir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən həmin 0,06 ha torpaq sahəsinə adına verilmiş 12 may 2006-cı ıl tarixli, JN- KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hal-hazırda qüvvədədir və hər hansı dövlət orqanı tərəfindən ləğv edilməmişdir. Həmin şəhadətnamədə əks olunmuş cəmi 0,06 ha torpaq sahəsi tam olaraq yerində mövcuddur. Həmin torpaq sahəsini iddiaçı hasara alıb bağlamış, orada yaşayış evini inşa etmişdir, torpaq sahəsi uzun illərdir ki, iddiaçının qanuni istifadəsində və sahibliyindədir. Belə olan halda cavabdehin həmin torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina etməsi əsassızdır. Belə ki, JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Daşınmaz Əmlhkın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməməsi və elektron məlumat bazasında öz əksini tapmaması iddiaçının məsuliyyət dairəsinə aid bir məsələ deyildir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri də Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. İddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Dövlət Torpaq və Xəıjitəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən onun adına verilmiş 12 may 2006-cı il tarixli, JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsaslanır. Həmin normada 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda qeyd edilən kimi iddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təqdim etdiyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən həmin 0,06 ha torpaq sahəsinə onun adına verilmiş JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hal-hazırda qüvvədədir və hər hansı dövlət orqanı tərəfindən ləğv edilməmişdir. Ona gorə də “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən həmin 0,06 ha torpaq sahəsinə iddiaçının adıma verilmiş JN- 414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə mötəbər sənəd hesab olunur. Şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələri tərəfindən aparılmışdır. İddiaçının adına verilmiş JN-414F KOD 30106028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən ona təqdim edilmişdir. Dövlət orqanları tərəfindən sənədlərin qeydiyyat kitablarına, yaxud elektron baza xəritə məlumatlarına daxil edilməməsi iddiaçı tərəfin deyil, dövlət orqanlarının səhvidir. Dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş 0.06 ha torpaq sahəsinə aid təqdim edilən Qusar rayonu Bədirqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/2-3 saylı qərarı ilə verilmiş JN: 414 F saylı (kod: ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron kadastr məlumat bazasında öz əksini tapmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə şəhadətnamələrin qeydiyyatı kitabında aşkar edilməmişdir. Müayinə zamanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin yaxınlıqdan “Socar”-a məxsus yerüstü 325 mm-lik qaz xəttinin keçdiyi aşkar edimişdir. Araşdırmalar zamanı tərəfinizdən təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məhkəmə qərardadına əsasən məlum olur ki, “Socar” Qaz İxrac İdarəsi qaz kəmərinin mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi iddiasını qaldırmış, iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Qusar rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda araşdırmalar zamanı həmin kənddə mühafizə zolaqlarının qorunması ilə bağlı “Socar” ın xx.xx.2021-ci il tarixli məktubunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduğu aşkar edilmişdir. Bu baxımdan “Socar” a yekun münasibət bildirilməsi barədə sorğu ünvanlanmışdır, sorğuya daxil olmuş xx.xx.2024-cü il tarixli 14-2/2-5932/2024 saylı cavab məktubunda torpaq sahəsinin 1986-cı ildə istismara verilmiş, “Socar”ın "Qaz İxrac” İdarəsinin istismarında olan “Qusar QPS” qolu 325 mm-lik yerüstü magistral qaz kəmərinin mühafizə zolağında yerləşdiyi, bu səbəbdən də qeydiyyatın aparılmasına etiraz edildiyi bildirilmişdir.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. Torpağın mülkiyyətə verilməsinə dair JN-414F kod 30106028 saylı şəhadətnamədən görünür ki, Qusar rayonu, Bədirqala kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Qusar rayonu Bədirqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 04/2-3 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş 0.06 ha torpaq sahəsinə aid təqdim edilən Qusar rayonu Bədirqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/2-3 saylı qərarı ilə verilmiş JN: 414 F saylı (kod: ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron kadastr məlumat bazasında öz əksini tapmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə şəhadətnamələrin qeydiyyatı kitabında aşkar edilməmişdir. Müayinə zamanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin yaxınlıqdan “Socar”-a məxsus yerüstü 325 mm-lik qaz xəttinin keçdiyi aşkar edimişdir. Araşdırmalar zamanı təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məhkəmə Qərardadına əsasən məlum olur ki, “Socar” Qaz İxrac İdarəsi qaz kəmərinin mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi iddiasını qaldırmış, iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Qusar rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda araşdırmalar zamanı həmin kənddə mühafizə zolaqlarının qorunması ilə bağlı “Socar” ın xx.xx.2021-ci il tarixli məktubunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduğu aşkar edilmişdir. Bu baxımdan “Socar” a yekun münasibət bildirilməsi barədə sorğu ünvanlanmışdır, sorğuya daxil olmuş xx.xx.2024-cü il tarixli 14-2/2-5932/2024 saylı cavab məktubunda torpaq sahəsinin 1986-cı ildə istismara verilmiş, “Socar”ın "Qaz İxrac” İdarəsinin istismarında olan “Qusar QPS” qolu 325 mm-lik yerüstü magistral qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

10. Məhkəmənin sorğusuna cavab olaraq “SOCAR” tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Sorğunuzda qeyd etdiyiniz torpaq sahəsinin SOCAR-ın istismarında olan qaz xəttinin mühafizə zonasına düşüb-düşməməsini düzgün müəyyən etmək üçün, həmin sahənin künc nöqtələrinin koordinatlarını özündə əks etdirən mötəbər məlumatlar təqdim edilməlidir. Müraciətlərə baxılarkən uyğunsuzluqlara yol verməmək üçün torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) və ya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin tabeliyində olan aidiyyəti ərazi idarələri tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməklə, SOCAR tərəfindən rəy verilməsi məqsədəmüvafiq hesab olunur.

11. Məhkəmənin sorğusuna cavab olaraq X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna sözügedən torpaq sahəsinə dair müayinə aktı əlavə edilmiş və qeyd edilmişdir ki, İddiaçı Qusar rayonu Bədirqala kəndi ərazisində JN- 414F nömrəli (kod ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" əsasında verilmiş 0,06 hektar torpaq sahəsinə yerində müayinə baxışı keçirilmişdir, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin üzərində fərdi yaşayış evi və həyət tikilisi inşa olunmaqla istifadə edilir. Torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə yaşayış məntəqələrinin torpaq sahələri kimi, JN-414F nömrəsi ilə, istifadəçi “İddiaçı” qeyd edilməklə uçota alınmışdır, lakin elektron məlumat bazasında olan xəritə üzərində (DWG-də) öz əksini tapmamışdır. Bundan əlavə, torpaq sahəsinin faktiki koordinatlarını "islahat - kompleks yerquruluşu layihəsində” dəqiqləşdirildikdə "kənd təsərrüfatı təyinatlı torpaq sahələri”nə aiddir və islahat uqodiyası “təmiz örüşdür”. Torpaq sahəsi “SOCAR”a məxsus 325 mm-lik magistral qaz kəmərinin mühafizə zolağında yerləşir, torpaq sahəsinin faktiki koordinatlarını elektron xəritə məlumatlarında dəqiqləşdirildikdə, koordinatlarda olan sürüşmə nəticəsində qonşu torpaq mülkiyyətçisi X1 mülkiyyətinə verilmiş **********04 reyestr nömrəli 0.06 hektar torpaq sahəsi ilə 0.008 hektar hissədə üst-üstə düşür, həmin torpaq sahəsinin planı və ölçü sənədinə müvafiq düzəlişlərin aparılması mütləqdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq X2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubuna **********04 reyestr nömrəli çıxarışın və verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri əlavə olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

14. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

15. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

17. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.5 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 22-ci maddəsinin 3-cü bəndinə əsasən zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

23. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

24. Belə ki, Qusar rayonu, Bədirqala kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-414F kod 30106028 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətinin icrasından imtina edilərək qeyd edilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilmiş 0.06 ha torpaq sahəsinə aid təqdim edilən Qusar rayonu Bədirqala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04/2-3 saylı qərarı ilə verilmiş JN: 414 F saylı (kod: ********) "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron kadastr məlumat bazasında öz əksini tapmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə şəhadətnamələrin qeydiyyatı kitabında aşkar edilməmişdir. Müayinə zamanı torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin yaxınlıqdan “Socar”-a məxsus yerüstü 325 mm-lik qaz xəttinin keçdiyi aşkar edimişdir. Araşdırmalar zamanı tərəfinizdən təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Məhkəmə Qərardadına əsasən məlum olur ki, “Socar” Qaz İxrac İdarəsi qaz kəmərinin mühafizə zolağında inşa edilmiş tikilinin sökülməsi iddiasını qaldırmış, iddia təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi və Qusar rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli qərarları dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda araşdırmalar zamanı həmin kənddə mühafizə zolaqlarının qorunması ilə bağlı “Socar” ın xx.xx.2021-ci il tarixli məktubunun Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olduğu aşkar edilmişdir. Bu baxımdan “Socar” a yekun münasibət bildirilməsi barədə sorğu ünvanlanmışdır, sorğuya daxil olmuş xx.xx.2024-cü il tarixli 14- 2/2-5932/2024 saylı cavab məktubunda torpaq sahəsinin 1986-cı ildə istismara verilmiş, “Socar”ın "Qaz İxrac” İdarəsinin istismarında olan “Qusar QPS” qolu 325 mm-lik yerüstü magistral qaz kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir.

25. Məhkəmə cavabdeh inzibati orqanın imtinası ilə bağlı qeyd edir ki, şəhadətnamə elektron kadastr məlumat bazasında öz əksini tapmamış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış arxivdə şəhadətnamələrin qeydiyyatı kitabında aşkar edilməməsində iddiaçının təqsiri yoxdur. Həmin hərəkətlərin edilməsi cavabdehin inzibati orqanın öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə yaşayış məntəqələrinin torpaq sahələri kimi, JN-414F nömrəsi ilə, istifadəçi “İddiaçı” qeyd edilməklə uçota alınmışdır, lakin elektron məlumat bazasında olan xəritə üzərində (DWG-də) öz əksini tapmamışdır. Göründüyü kimi, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında torpaq sahəsi iddiaçının adına qeydə alınmışdır.

26. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, JN-414F nömrəli (kod ********) seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin qonşu torpaqlar bölməsində 415F nömrəsi ilə X1 adı qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən JN- 415F nömrəli şəhadətnamə cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin şəahadətnamənin də qonşu torpaqlar bölməsində 414F nömrəsi ilə İddiaçı adı qeyd edilmişdir.

27. Digər imtina əsası torpaq sahəsinin və üzərində inşa edilmiş fərdi yaşayış evinin yaxınlıqdan “Socar”-a məxsus yerüstü 325 mm-lik qaz xəttinin keçdiyi göstərilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrindən istifadə zamanı qeyd olunan tələbləri gözlənilməlidir. Cavabdehin imtinasında qeyd olunan hal iddiaçının gözlənilən mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə də əsassızdır.

28. İddiaçıya göndərilmiş imtina məktubunda qeyd edilməyən, lakin məhkəməyə təqdim edilən müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin faktiki koordinatlarını "islahat - kompleks yerquruluşu layihəsində” dəqiqləşdirildikdə "kənd təsərrüfatı təyinatlı torpaq sahələri”nə aiddir və islahat uqodiyası “təmiz örüşdür”. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinə bitişik torpaq sahəsinə dair çıxarış və onun verilməsinə əsas olmuş sənədlər məhkəməyə göndərilmişdir. Həmin çıxarış və verilməsinə əsas olmuş sənədlərdən görünür ki, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri torpaqları qeyd olunmaqla cavabdeh tərəfindən mülkiyyət hüquqları qeydə alınmış və çıxarış verilmişdir.

29. Həmin müayinə aktında torpaq sahəsinin qonşu torpaq mülkiyyətçisi X1 mülkiyyətinə verilmiş **********04 reyestr nömrəli 0,06 hektar torpaq sahəsi ilə 0,008 hektar hissədə üst-üstə düşdüyü də göstərilmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək üst-üstə düşməyən 0,052 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını xahiş edilmişdir. Göründüyü kimi, sözügedən əsas da hazırkı vaxtda aradan qalxmışdır.

30. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur.

32. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Qeyd olunan halların torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir.

33. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı).

34. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN-414F kod 30106028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,052 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. JN-414F kod 30106028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilən 0,052 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh X2nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar