Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4035/2025 18.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı X2nın, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh X3nə qarşı "yeni əmək müqaviləsi bağlanması (yeni işlə təmin edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2 cavabdeh X3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yeni əmək müqaviləsi bağlanması (yeni işlə təmin edilməsi) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. xx.xx.1986-cı ildə ilk əmək fəaliyyətinə Siyəzənneft NQÇİ- nin MKT-də Zağlı yataqxanasında tərbiyəçi vəzifəsi ilə başlamışdır. xx.xx.1990-cı ildə MKT-nin mədəniyyət evində 2-ci dərəcəli çilingəri işinə göndərilmişdir. xx.xx.1993-cü ildə öz xahişi ilə işdən azad olmuşdur. xx.xx.1993-cü ildə X8 Şəbəkələri və Qurğuları İstismarı İdarəsinə 2-ci dərəcəli çilingər işinə qəbul olunmuşdur. xx.xx.1993-cü ildən həmin müəssisədə hesabdar işinə, xx.xx.1994-cü ildən isə mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.1997-ci ildən həmin müəssisədə mühasib-hesabdar vəzifəsinə keçirilmişdir. xx.xx.2001-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2001-ci ildən X4 Su Cəmiyyəti Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satış müəssisəsinin H.Z.Tağıyev, Dəvəçi, Siyəzən, Xaçmaz filialına 10-cu dərəcəli aparıcı-mühasib vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005- ci ildən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2005-ci ildən "xxxx"xxxx" MMC-nin X7 filialına mühasib vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2007-ci ildən Dəvəçi-Siyəzən rayon Su Satış filialının bazasında yardılmış Siyəzən rayon Su Satış filialına mühasib vəzifəsinə keçirilmişdir. xx.xx.2011- ci ildən kompyuter operatoru vəzifəsinə keçirilmişdir. xx.xx.2018ci ildən X9 İdarəsinin Siyəzən abonent işləri sahəsinin Sayğacların quraşdırılması və istismarına nəzarət qrupuna 7-ci dərəcə ilə kompyuter operatoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə "Azərsu” ASC X10 İdarəsinə 1Noli Regional Sukanal İdarəsi üzrə suölçən cihazların quraşdırılması təmiri və istismarına nəzarət qrupunun X11 üzrə 7ci dərəcə ilə komyuter operatoru vəzifəsinə təyin edilmişdir. xx.xx.2024-cü ildən Azərbaycan Dövlət X5" İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHS X10 İdarəsinin 959-K № li, xx.xx.2024-cü il tarixli əmri ilə təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən iddiaçı ilə Avtomatika və metrologiya şöbəsi 1 nömrəli Regional Sukanal İdarəsi X11 üzrə kompüter operatoru ilə bağlanmış əmək müqaviləsi ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. AR Prezidentinin 2023-cü il 30 mart tarixli, 2074 nömrəli fərmanı ilə AR FHN-nin X5 yaradılmış və bu fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC və “Azərsu" ASC Agentliyin tabeliyinə verilmişdir. Struktur dəyişikliyi ilə əlaqədar "xxxx" ASCnin tabeliyində olan müəssisə, idarə və təşkilatın rəhbərlərinə tapşırıq verilmişdir ki, təsdiq olunacaq əsasnamə (nizamnamə) və strukturun imkanları çərçivəsində işçilərin say həddi nəzərə alınaraq, əməkdaşların təklif olunan yeni əmək şəraiti ilə razılaşmadığı, ixtisas uyğunsuzluğu və digər hallar yaranarsa, əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq tədbirlərin görülməsi, bu barədə işçilərin ayrı-ayrılıqda məlumatlandırılması və qoşmada qeyd olunmuş cədvəlin təcili doldurularaq İşlər İdarəsinin İnsan Resursları Şöbəsinə təqdim olunması tapşırılmışdır. Buradan da göründüyü kimi tabeli müəəsisələrə bir xeyli müddət əvvəl tapşırıq verilmişdir ki, işçilərin ştat vahidi ixtisar edildiyi təqdirdə onların münasib işlə təmin olunması barədə göstəriş verilmişdir. Lakin işçilər bu barədə əvvəlcədən məlumatlandırmamışdır, həmçinin iddiaçıya hər hansı bir iş təklifi olmayıb. İddiaçıya öz xahişi ilə işdən azad olunmaq üçün təklif olunsa da, heç bir ərizə yazmamışdır. Ondan başqa bütün işçilər münasib işlə təmin olunsalar da, ona heç bir iş təklifi olunmadı. mən İddiaçının 1 övladı var. Ailədə yeganə qazanc gətirən adam odur. Bundan əlavə dolanışıq, kommunal xərcləri, bank xərcləri və s. hamısı iddiaçı tərəfindən ödənilir. Pensiya yaşına hələ 9 il qalıb. Belə bir zamanda 32 il çalışdığı bir müəssisədən onu kənarda qoymaq, heç bir iş təklif etməmək ən azından ədalətsizlikdir. Ştatları ixtisar edilən içilərdən əksəriyyətini işlə təmin edilmişdir. Bölgə üzrə hamısı işlə təmin olunub. Yeganə kənarda qalan odur. Dəfələrlə bu məsələ ilə əlaqədar yeni yaradılmış Azərbaycan Dövlət Su X2 Meliorasiya Sistemləri İdarəsinin rəhbərliyinə müraciət etsə də heç bir nəticəsi olmayıb. Azərbaycan Respublikası Prezidentinə. Birinci vitse-prezidentinə Respublikası HİK-nə, AR X6 Xidmətinə müraciətləri olsa da hər hansı bir işlə təmin olunmağına köməklik göstərilməyib. Məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunub. Əmək mübahisəsinin həll olunmasından ötrü Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MŞQ-MT-027-2024-01819 nömrəli, xx.xx.2024-cü il tarixli arayış almışdır. "xxxx" ASC terminalı vasitəsilə 60 manat rüsum ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cababdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (17-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (5.2-ci bənd). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3-cü bənd). Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli, 959-k nömrəli əmr əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçının hazırkı tələbi yeni əmək müqaviləsi bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə əmək münasibətlərindən irəli gəldiyindən mübahisəyə əmək mübahisəsini həll edən məhkəmə tərəfindən baxılmalıdır. Əmək münasibətlərindən yaranan məhkəmə mübahisələrinə mülki qanunvericiliyin tələbləri qaydasında mülki mühakimə icraatı qaydasında baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə cavabdehin ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə arasındakı əmək münasibətlərindən irəli gəlir. İddiaçının dövlət qulluğunda (o cümlədən dövlət qulluğunun xüsusi növü və s.) vəzifə tutması halı mövcud olmamış, onunla bağlanmış əmək müqaviləsinə əsasən yalnız əmək münasibətləri mövcud olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli
Məhkəmə qərarları › İş №2-1(118)-4035/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4035/2025
18.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver