Məhkəmə qərarları › İş №2-1(118)-404/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-404/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-404/2023 03.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxs X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X1 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin ləğv edilməsi və ya plan olçü sxeminin qismən dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə edərək, cavabdeh tərəfindən X1 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Quba rayon DNK-nın 07 noyabr 2005-ci i tarixli, 4-Ə-902 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qımıl kənd ərazisində 0,15 ha həyətyanı torpaq sahəsini almış və adına mülkiyyətini təsdiq edən JN-256F KOD 30318048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və 2005-ci ildən hal-hazıra kimi həmin torpaq sahəsini istifadə edir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdikdə baza sənədlərində öz əksini tapmadığı üçün çıxarış ala bilməmişdir. Məsələ ilə əlaqədar o, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə müraciət etmişdir. İdarə tərəfindən mütəxəssis ayrılaraq yerində araşdırılma aparılmış və iddiaçıya 30 mart 2020-ci il tarixində məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 N-li Fərmanına uyğun olaraq Quba rayon ərazisində iddiaçıya məxsus olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun qeydə alındığını və hal-hazırda Quba rayonu ərazisində yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatların ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidmətinə istifadə hüququ verilməsi ilə bağlı müvafiq işlər başa çatdıqdan sonra adı çəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq sənədin verilməsinin təmin olunacağı bildirilmişdir. Belə ki, iddiaçının həmkəndlisi X1 0,49 ha torpaq sahəsinin ona məxsus mülkiyyətində və istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və tamamilə fərqli konturda yerləşir. Seyidməmmədov Əfqan özünün 0,49 ha torpağına çıxarış almaq üçün Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış və onun iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilərək 141 saylı Dövlət aktının koordinatlarına uyğun (Koordinatlar əlavə olunur) 0,49 ha torpağa DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Qeyd olunan qərar 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən icra olunmuş və X2 10 mart 2022-ci il tarixində **********5 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı X2 çıxarışın verilməsi barədə məhkəmə qərarına etiraz etmir, lakin məhkəmə qərarı 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən icra olunarkən çıxarışın plan ölçü sxemi tərtib olunan zaman qanun pozuntusuna yol verilmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, plan ölçü sxemi tərtib edilərkən ilkin sənədləşmə olmağına baxmayaraq 1 iş günü ərzində icra olunmuş, məhkəmə tərəfindən mülkiyyət hüquqları təmin olunmuş, 141 saylı Dövlət Aktının koordinatlarına uyğun X1 faktiki istifadəsində olan 0,30 ha-a yaxın torpaq sahəsinin plan ölçü sxeminə daxil edilməmiş, faktiki yerində real vəziyyəti öyrənilmədən, yerində müayinə aparılmadan iddiaçıya məxsus 0,15 ha həyətyanı torpaq sahəsi və gediş-gəliş yoluna daxil olmaqla səhvən və qanunsuz plan ölçü sxemi tərtib edilmişdir. İddiaçı məsələ ilə əlaqədar aidiyyəti təşkilatlara şifahi və yazılı müraciət etmiş, ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırkı iddia üzrə işin faktiki hallarını araşdırmaq məqsədi ilə mütəxəssis rəyi alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə məktub göndərilmiş və mütəxəssis aşağıdakı qaydada rəy vermişdir: daşınmaz əmlakın dövlət reyestrindən **********95 N-li çıxarış əsasında Ə.Seyidməmmədova ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 N-li Dövlət Aktına əsasən verilmişdir. Ə.Seyidməmmədova verilmiş JN-141 N-li Dövlət Aktının koordinatları və konfiqurasiyası verilmiş plan ölçü sxeminin koordinatları və konfiqurasiyası ilə köklü şəkildə fərqlənir, belə ki, həmin kontur daxilində JN-141 N-li Dövlət Aktının koordinatlarına və konfiqurasiyasına uyğun islahat vaxtı Ə.Seyidməmmədov təhkim olunmuş və hal-hazırda istifadəsində olan 0.30 ha torpaq sahəsi bilərəkdən yerində müayinə aparılmadan plan və ölçü sxeminə daxil edilməmişdir. Plan və ölçü sxemini vermiş 5 saylı Xaçmaz Ərazi İdarəsinin məhkəmədə iştirak edən nümayəndəsi də ilkin məhkəmə iclasında bu faktları etiraf etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 13.11-ci maddəsində qeyd edilir ki, Dövlət Reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət Reyestrinin kağız üzərində və elektron formada yazıları bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumatlara üstünlük verilir. Dövlət Reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Mütəxəssis rəyində qarşıya qoyulan digər sual Ə.Seyidməmmədova məxsus olan torpaq sahəsi ilə iddiaçıya Quba Rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4-Ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış 0, 15 ha həyətyanı torpaq sahəsinin ölçülərində fərqin olubolmaması ilə bağlı idi (koordinatlar məlum olmadığı halda torpaq sahəsinin naturada faktiki istifadə üzrə koordinatları müəyyən edilsin). Mütəxəssis rəyində Quba Rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4-Ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış JN-256F KOD 30318048 nömrəli şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsinin cizgilərinin elektron məlumat bazalarında olan DWJ xəritələrində öz əksini tapmadığından, koordinatların və ölçülərin eyni olub-olmamasının araşdırlmasının mümkün olmadığı bildirilmişdir, lakin iddiaçının faktiki istifadə etdiyi və iddia etdiyi 0.15 ha torpaq sahəsi **********95 N-li çıxarışa əsasən Ə.Seyidməmmədova məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssisin 2-ci sualda qeyd edilmiş iddiaçıya məxsus 0.15 ha torpağın elektron kadastr bazasında olan DWJ xəritələrində öz əksini tapmadığı hissəsi ilə razılaşmır, belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin sorğuya ünvanladığı məktubundan aşkar olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Quba Rayon Ərazisində iddiaçıya məxsus olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun qeydə alınmışdır. Qeyd edilir ki, Ə.Seyidməmmədova verilmiş **********95 N-li çıxarışın plan-ölçü sxemi tərtib edilərkən; plan-ölçü sxemi faktiki yerində müayinə aparılmadan bir iş günü ərzində tələsik tərtib edilmişdir. .Plan və ölçü sxemi tərtib edilərkən ilkin sənəd kimi təqdim olunmuş JN-141 N-li Dövlət Aktının koordinatlarına istinad olunmamış, vətəndaşın faktiki JN-141 N-li Dövlət Aktının koordinatlarına uyğun istifadə etdiyi torpaq sahəsi plan-ölçü sxeminə daxil edilməmişdir. Ə.Seyidməmmədovun plan-ölçü sxemi tərtib edilərkən iddiaçı və qonşu pay torpaqları olan vətəndaşların gediş-gəliş yolu da plan və ölçü sxeminə daxil edilmişdir. Ə.Seyidməmmədova aid plan və ölçü sxemi tərtib edilərkən DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi səlahiyyətindən kənar çıxaraq ilkin sənədin koordinatları və konfiqurasiyası dəyişmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət Qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər barədə məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilmasında təqsirli olan şəxslər bunun nəticəsində verilmiş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə dair yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində X1 adına olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********5 reyestr nömrəli dövlət reyestrdən çıxarışın plan və ölçü sxeminin ləğv edilməsi və ya dəyişdirilməsi xahiş edilmişdir. Qeyd edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı ilə iddiaçı X1 iddiası təmin edilmiş, torpağın mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)- 181/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)-181/2021 saylı qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1399/2021 saylı qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında X1 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********5 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X1 adına verilmiş dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin cizgiləri daxilində elektron elektron məlumat bazasında olan xəritə üzərində digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkar edilməmişdir. Həmin çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etirazla eyniməzmunlu izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X3 izahatında bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı ilə idiası təmin edilmiş, torpağın mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)- 181/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)-181/2021 saylı qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1399/2021 saylı qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında onun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********5 reyestr nömrəli nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Adına dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin cizgiləri daxilində elektron elektron məlumat bazasında olan xəritə üzərində digər şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi halı aşkar edilməmişdir. İddiaçının qeyd etdiyi Quba Rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4-Ə-902 saylı alqı-satqı müqaviləsi saxtadır. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir. • İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-938/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Əfqan Seyidməmmədova JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. • İddiaçı tərəfindən işə əlavə edilmiş JN - 256F KOD 30318048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıya Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonunun Qımıl kəndi ərazisindən 0,15 ha torpaq sahəsinin satıldığı qeyd edilmişdir. • Üçüncü şəxs Ə.Seyidməmmədova məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,4881 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir (xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli). Həmin torpaq sahəsinin kadastr göstəriciləri əks olunmuş plan və ölçü sxemi də çıxarışa əlavə olunmuş və cavabdeh orqan tərəfindən təsdiq edilmişdir. Eyni zamanda torpaq sahəsinin yerquruluşu planından çıxarış da əlavə edilmişdir. • Cavabdeh orqana JN - 256F KOD 30318048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə iddiaçıya ayrılmış Dövlət Aktının verilməsinə əsas olmuş sənədlərin göndərilməsi barədə sorğu göndərilmiş, cavabdeh tərəfindən sözügedən şəhadətnamənin qeydiyyatdan keçməməsi bildirilmişdir. • Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış əsasında X2 ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət Aktının əsasında verilmişdir. Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli, 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış JN-256 F KOD 30318048 saylı şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahəsinin cizgiləri elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından koordinatların və ölçülərin eyni olub-olmamasının araşdırılması mümkün deyildir. Lakin iddiaçının faktiki istifadə etdiyi və iddia etdiyi 0,15 ha torpaq sahəsi **********95 nömrəli çıxarışa əsasən X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə yerquruluşu planından çıxarış da əlavə edilmişdir. • Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli, 4-ə-902 saylı alqı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və Quba rayon Notariat Kontoruna sorğular göndərilmiş və Dövlət Notariat Arxivinin məktubunda 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı iddiaçının adına rəəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi bildirilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və inzibati orqandan bir neçə dəfə imtina cavabını almışdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır (17ci bənd). İşdən göründüyü kimi iddiaçı tərəfindən ümumi və xüsusi mümkünlük şərtlərinə riayət olunmuşdur.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur. Qanunun həmin maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçıya Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonunun Qımıl kəndi ərazisindən 0,15 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN - 256F KOD 30318048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. Məhkəmə tərəfindən həmin sənədlərin mötəbərliyinin müəyyən edilməsi üçün mütəxəssis rəyi əldə edilmiş və Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli 4-ə-902 saylı alqı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün müvafiq orqanlara sorğu göndərilmişdir. Məhkəməyə təqdim olunan mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış əsasında X2 ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət Aktının əsasında verilmişdir. Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli, 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış JN-256 F KOD 30318048 saylı şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahəsinin cizgiləri elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından koordinatların və ölçülərin eyni olub-olmamasının araşdırılması mümkün deyildir. Lakin iddiaçının faktiki istifadə etdiyi və iddia etdiyi 0,15 ha torpaq sahəsi **********95 nömrəli çıxarışa əsasən X2 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Məlum olmuşdur ki, X2 məxsus daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından göründüyü kimi iddiaçının istifadə etdiyi 0,15 ha torpaq sahəsi Əfqan Seyidməmmədova **********95 nömrəli çıxarışla məxsus 0,4898 ha torpaq sahəsinin daxilində yerləşir. Bundan əlavə Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının adına daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin olmadığı bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1.). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2.). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İşdən göründüyü kimi iddiaçı tərəfindən təqdim olunan sənədlər həqiqətdə öz əksini tapmamış və məhkəmə həmin halları öz xidməti vəzifəsinə görə araşdıraraq əsassız olduğunu müəyyən etmişdir. Mübahisəli torpaq sahəsinin faktiki yerləşdiyi ərazi sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət Aktı əsasında müəyyən edilərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Əfqan Seyidməmmədova məxsus torpaq sahəsinin hüdudları daxilindədir. Həmin torpaq sahəsinə dair çıxarış isə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında əldə edilmişdir. Üçüncü şəxsə məxsus torpaq sahəsinə dair çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi vətəndaşın mülkiyyət hüquqlarının pozulmasına səbəb olar. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı). Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

X1 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar