Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4047/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: məhdudiyyətin götürülməsi) GİRİŞ HİSSƏ X21-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi X13 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərinə qoyulmuş məhdudiyyətlərin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mərhum anası X9 “vicdanlı əldə edən” kimi tanınması və onun adına verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışa əsasən, xüsusi mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(118)-4047/2025 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(105)- 540/2025 saylı qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2- 1(118)-4047/2025 nömrəli qərardadı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
4. Daha sonra, iddiaçı idida tələbinin dəqiqləşdrilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X9 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat və **********07 reyestr nömrəli, RX seriyalı, ******* №-li Çıxarışa əsasən onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 20 dekabr 2024-cü il tarixli 11332/2- S-19535/24 №-li cavab məktubuna görə, Abşeron Rayon Məhkəməsinin 2(012)-487/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinin tələbləri əsas tutularaq mərhum anası X9 xüsusi mülkiyyətində olan 0,04 hektar torpaq sahəsinin üzərinə məhdudiyyət qoyulmuşdur. Cavabdehə görə bu səbəbdən məhdudiyyətin götürülməsi mümkün olmamışdır. Üzərinə məhdudiyyət qoyulmuş 0,04 ha torpaq sahəsi 16 dekabr 2014-cü ildə Abşeron rayon 2 saylı notariat kontorunun xüsusi notariusu X23 tərəfindən təsdiqlənmiş AN-İ ******* №-li Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsi əsasında X4 iddiaçının anası X16 tərəfindən satın alınmış və sonuncunun adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və **********07 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, iddiaçının mərhum anası X9 mülkiyyətində qalmaqdadır. Mübahisəli torpaq sahəsi iddiaçının mərhum anası X9 xüsusi mülkiyyətində olduğu üçün üzərinə məhdudiyyət qoyulması hüquqi varis kimi onun hüquqlarına toxunur.
6. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mərhum X9 xüsusi mülkiyyətində olan **********07 reyestr nömrəli 0,04 ha torpaq sahəsi üzərinə Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 21.2-ci maddəsinin tələbləri əsas tutularaq, məhdudiyyət qoyulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə (hakim - İlham Kərimli) X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar aparılan araşdırma zamanı mübahisə predmeti olan torpaq sahələrinin qarşılıqlı iddia üzrə cavabdeh X11 tərəfindən özgəninkiləşdirildiyi aşkar edilmişdir. Belə ki, X11 xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarışa əsasən, mülkiyyətində olmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinin, o cümlədən 0,04 ha hissəsini xx.xx.2014-cü il tarixli, 49-3321 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən, X12 (**********07 reyestr nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış əldə edib, əmlak hal hazırda onun adındadır). Yuxarıda qeyd edilən səbəblərdən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********07 reyestr nömrəli çıxarışa əsasən, mərhum X10 mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi mümkün olmamışdır.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
11. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır.
12. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
13. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX № 0557800, reyestr nömrəsi **********07, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi iddiaçı X9 xüsusi mülkiyyətindədir.
14. 26.12.2024-cü il tarixli, AA 032015 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, X12 məxsus 0,04 ha torpaq sahəsinə dair tərtib edilmişdir.
15. AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı üqaviləsindən görünür ki, X2 rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsini X1.
16. AZ-İİ 194864 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə ölmüşdür.
17. Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 nömrəli, 05 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X18 və X7 qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, cavabdehlər X18 və X6 iddiaçı X8 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair qəbul olunmuşdur. Sözügedən qətnaməyə əsasən, iddiaçı X5 cavabdehlər X18 və X7 qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair iddia rədd edilmiş, cavabdehlər X18 və X6 iddiaçı X8 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir.
18. Şəki Şəhəri İcra Hakimiyyəti başçısının Şəki kənd inzibati ərazi dairəsi üzrə nümayədənliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixi, 114 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Şəki kənd sakini xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 Sadıq Yusif oğlunun anasıdır.
IV. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.3-cü maddəsinə əsasən, hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139- 1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 9.4-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. 13.1-ci maddəsinə əsasən, dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
23. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
24. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
V. Məhkəmənin mövqeyi
27. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
28. Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 nömrəli, 05 oktyabr 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 cavabdehlər X18 və X7 qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi, cavabdehlər X18 və X6 iddiaçı X8 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair qəbul olunmuşdur. Sözügedən qətnaməyə əsasən, iddiaçı X5 cavabdehlər X18 və X7 qarşı “özbaşına tikilinin sökülməsi, ərazinin boşaldılması və qanunsuz tikilidən çıxarılma” tələbinə dair iddia rədd edilmiş, cavabdehlər X18 və X6 iddiaçı X8 qarşı “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia qismən təmin edilmiş, X5 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2359 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* nömrəli, **********76 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,2303 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********77 reyestr nömrəli reyestrdən çıxarış, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0,2281 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli, **********78 reyestr nömrəli reyestrdən çıxarış ləğv edilmiş, qarşılıqlı iddia qalan hissədə rədd edilmişdir.
29. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən istinad olunan Abşeron Rayon Məhkəməsinin 2(012)-587/2015 nömrəli, 05 oktyabr 2015-ci il tarixli qətnaməsində nə iddiaçının mərhum anası X16 proses iştirakçısı olmuş, nə də ona məxsus 26 dekabr 2024cü il tarixli, RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarış məhkəmə araşdırmasının predmeti olmuşdur.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ:
31. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat və **********07 reyestr nömrəli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, iddiaçının mərhum anası X9 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X21-Abbaszadə