Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-405/2022 27.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdeh İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə qarşı “müraciətinə göndərilmiş cavab məktubunun qanun pozuntusu kimi tanınması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə qarşı “14.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödədiyi 0,57 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 29.11.2021-ci ildə iddiaçı iddia tələbinə əlavə verərək, İcbari Tibbi Sığorta Dövlət Agentliyi 30.10.2021-ci il tarixdə SS756464689 ştrix kodlu sifarişli məktub-zərfinin içərisində köhnə tarixli, yəni 05.10.2021-ci il tarixli PHŞ/1-2-2021-23992 nömrəli cavab məktubu qoyaraq ona göndərilməsi faktı məhkəmə tərəfindən qanun pozuntusu kimi tanınması, 14.09.2021-ci, 17.09.2021-ci il tarixli ərizələrinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi cavabdehin qanun pozuntusu kimi tanınması, poçt göndərişlərinə görə ödənilmiş pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 18.01.2022-ci ildə iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdehin hərəkətlərinin qanunun pozuntusu kimi tanınması və poçt göndərişlərinə görə ödədiyi 0,57 manat pulun onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 24.01.2022-ci il tarixində iddiaçı iddia tələbinə sonuncu dəqiqləşmə ərizəsi verərək, İcbari Tibbi Sığorta Dövlət Agentliyi 30.10.2021-ci il tarixdə SS756464689 ştrix kodlu sifarişli məktub-zərfinin içərisində köhnə tarixli, yəni 05.10.2021-ci il tarixli PHŞ/1-2-2021- 23992 nömrəli cavab məktubu qoyaraq ona göndərilməsi faktı məhkəmə tərəfindən qanun pozuntusu kimi tanınması, 14.09.2021-ci il tarixli ərizəsinə və 88 nömrəli Formanın müvafiq qaydada göndərilməsində elektron sistemin işləməsi səbəbindən süründürməçiliyə yol verildiyi haqqında 17.09.2021-ci il tarixli “Təkrar” göndərdiyi ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilmədiyini cavabdehin qanun pozuntusu kimi tanınması, poçt göndərişlərinə görə ödənilmiş 1,34 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə SS746899791 AZ ştrix kodlu sifarişli məktubla 14.09.2021-ci il tarixli ərizəni göndərmişdir. Həmin ərizəsində elektron sistemin işləməməsi səbəbindən sənədlərin müvafiq qaydada göndərilməsi ləngidildiyindən şikayətlənirmiş və yazmış ki, ona aid elektron qaydada təkrar göndərdiyi TOS N-88 Formasının kağız daşıyıcısında olan sənədin surətini ona məlumat üçün göndərəməsini və elektron göndərişin tarixi haqqında məlumat verilməsini xahiş etmiş. Həmin ərizənin daha da bir nüsxəsini SS746899788AZ ştrix kodlu sifarişli xəbərnaməli məktubla poçt göndərişini Azərbaycan Respublikasının Nazirlər Kabineti alsa da, bu günə kimi cavab verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə əsasən nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlara nəzarət etmək Azərbaycan Respublikasının Nazirlər Kabinetinin vəzifəsidir. Əhəmiyyətini itirməmək üçün mümkün qədər iddiama tez baxılmasını Məhkəmədən istəyir. Cavabdeh təşkilatının X4 Qeydiyyatı Kitabı məhkəmə baxışına təqdim edilməsini, 14.09.2021-ci il tarixli ərizəsinin Kitabda qeydə alınması vərəqinin möhürlə təsdiqlənmiş surəti (işə tikilməsi üçün) məhkəməyə təqdim edilməsini, əgər elektron qaydada qeydiyyat aparılırsa, belə olan halda kağız daşıyıcısında çapa verilmiş elektron sənədin əsas möhürlə təsdiqlənmiş vəziyyətdə nüsxəsi məhkəmə baxışına təqdim edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimafın 98-ci bəndinə istinad edərək, 05.10.2021-ci il tarixli məktubun ona 30.10.2021-ci il tarixində göndərilməsi zamanı guya pozuntuya yol verməyi barədə iddiasına cavab olaraq bildiririk ki, tərəfimizdən heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, həmin Təlimatın 97-ci bəndinin tələblərində qeyd edilib ki, imzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. 98-ci bənddə isə qeyd edilib ki, göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir. Məlum göndərilən sənəd 05.10.2021-ci il tarixində qeydə alınmış, ona çıxış nömrəsi verilmiş və imzalanması üçün təqdim edilmişdir. Bunu sənədə baxanda da görmək olur, belə ki, sənədin çıxış nömrəsi və tarixi kompyuterdə çap edilmiş formadadır. Bunların sənədin imzalanmasından sonra yazılması isə qeyri-mümkündür. Sənəd 05.10.2021-ci il tarixində qeydiyyata alınmış, imzaya təqdim edilmiş (buna səbəb əvvəlcədən elektron sənəd dövriyyəsi sistemində sənədin draft formasına razılığın alınmasıdır), imzalanması isə 30.10.2021-ci il tarixində həyata keçirilərək göndərilməsi üçün təqdim edilmiş, elə həmin gün də sənəd işlənilərək göndərilmişdir. Ən əsası isə odur ki, 29.09.2021-ci ildə daxil olan və qeydiyyata alınan 14.09.2021-ci il tarixli müraciət 30 iş günü müddəti pozulmadan cavablandırılmışdır. Bununla bağlı sübutlar isə məhkəməyə təqdim edilmişdir. Xülasə, qeyd edilənlər onu deməyə əsas verir ki, bu məsələdə qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 14.09.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, TQS forma 88 adlanan sənədin elektron sistemin işləməsi səbəbindən Tibbi Sosial Ekspert Komisiyasına göndərişlərin reyesteri“nə daxil edilməməsinə görə təcili tədbirlərin görülməsi xahiş edilmişdir. Qeyd olunan müraciət 20.09.2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmişdir. 17.09.2021-ci ildə İddiaçı yenidən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət edərək TƏBİB-in internet elektron sisteminin işləməsi səbəbindən TQS forma 88 adlanan sənədin göndərilməsinin mümkün olmamasını bildirərərək təcili tədbirin görülməsini xahiş etmişdir. Həmin müraciət 22.09.2021-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən qəbul edilmişdir. İcbari Tibbi Sığorta üzrə X3 Quliyevin müraciətinə əsasən Sumqayıt şəhər 3 saylı Ailə Sağlamlıq Mərkəzinə 05 oktyabr 2021-ci ildə PHŞ/1-2-2021-23992 saylı məktub göndərərək, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar baş dövlət sanitariya həkimi tərəfindən təstiq edilmiş metodiki göstərişlərə riayət edilməklə həyata keçirilməsini ciddi nəzarətdə saxlanılmasını tapşırmışdır. Həmin məktubun bir nüsxəsidə İddiaçı göndərilmişdir. Qeyd olunan məktub İddiaçı çatdırılması üçün 30.10.2021-ci ildə poçt xidmətinə təhvil verilmişdir. Hal-hazırda İddiaçı cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış 05 oktyabr 2021ci il tarixli məktubun 30 oktyabr 2021-ci ildə poçt xidmətinə təhvil verilməsini Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 98-ci bəndinə istinad edərək, bildirir ki, göndərilən məktublar imzalan gün poçt xidmətinə təhvil verilməlidir, lakin cavabdeh təşkilat sənədi imzaladıqdan 25 gün sonra həmin sənədi poçt xidmətinə təhvil vermişdir. Bu isə kobud qanun pozuntusu hesab olunmalıdır. Cavabdehin nümayəndəsi isə sənədin 05 oktyabr 2021-ci ildə qeydiyyatdan keçdiyini, lakin 30 oktyabr 2021-ci ildə imzalandığını bildirərək, qanun pozuntusunun olmamasını bildirir. Qeyd olunanlarla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.Həmin Qanunun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təstiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 96-cı bəndinə görə göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi sənədlərin hazırlanması prosesini təşkil edir. İlkin qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi çoxaldıla və eyni zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara verilə bilər.Sənədi imzalanmaq üçün verməzdən əvvəl icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir. Təlimatın 97-ci bəndinə əsasən imzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. Həmin Təlimatın 98-ci bəndinə əsasən göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır. Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur. Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər. Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir. Həmin Təlimatın 118-ci bəndinə görə sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin rəhbərləri həyata keçirirlər. Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq xidmətinə və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır. Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər. Həmin Təlimatın 1-ci bəndinə əsasən bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Göründüyü kimi “Vətəndaşların müraciətləri” haqqında Qanunun tələblərinə əsasən dövlət təşkilatları tərəfindən vətəndaşların müraciətinə ən geci 30 gün müddətinə baxılaraq cavab verilməlidir. Hesab olunur ki, iddiaçı tərəfindən Təlimatın 98-ci bəndinə istinad edilərək cavabdeh təşkilatın pozuntuya yol verməsinə istinad etməsi düzgün deyil. Belə ki, qeyd olunan Təlimatın 1-ci bəndinə əsasən bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. İddiaçı tərəfindən onun 17.09.2021-ci il tarixli “Təkrar” müraciətinə cavab verilməməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı həm 14.09.2021-ci il tarixli, həm də 17.09.2021-ci il tarixli müraciətində TƏBİB-in internet elektron sisteminin işləməməsi ilə tədbirin görülməsindən ibarət olmuşdur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə öz növbəsində 05 oktyabr 2021-ci il tarixli məktubla Sumqayıt şəhər 3 nömrəli X5 müraciət edərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı göstərişlərini vermişdir. Nəzərə alınmalıdır ki, 05 oktyabr 2021-ci il tarixli məktubda İddiaçı hansı müraciətinə (14 və ya 17 sentyabr 2021-ci il) əsasən tədbirin göstərilməsi qeyd olunmamışdır. Sumqayıt şəhər 3 nömrəli X5 göndərilmiş məktubun İddiaçı tərəfindən edilmiş müraciətlərdən sonra tərtib edilməsi həmin müraciətlərə əsasən görülmüş tədbirlər ilə bağlı olmasına dəlalət edir. Lakin, yuxarıda qeyd olunanlardan başqa o da nəzərə alınmalıdır ki, hazırkı mübahisə cavabdeh təşkilatın inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.(İİ haqqında Qanun-2.0.2) Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh İcbari Tibbi Sığorta Dövlət Agentliyinin 30.10.2021-ci il tarixdə SS756464689 ştrix kodlu sifarişli məktub-zərfinin içərisində köhnə tarixli, yəni 05.10.2021ci il tarixli PHŞ/1-2-2021-23992 nömrəli cavab məktubu qoyaraq ona göndərilməsi faktı məhkəmə tərəfindən qanun pozuntusu kimi tanınması, 14.09.2021-ci il tarixli ərizəsinə və 88 nömrəli Formanın müvafiq qaydada göndərilməsində elektron sistemin işləməsi səbəbindən süründürməçiliyə yol verildiyi haqqında 17.09.2021-ci il tarixli “Təkrar” göndərdiyi ərizəsinə qanunla müəyyən edilmiş müddətdə və qaydada cavab verilmədiyini cavabdehin qanun pozuntusu kimi tanınması, poçt göndərişlərinə görə ödənilmiş 1,34 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-405/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-405/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver