Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-406/2022 27.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “04.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəsinə cavab verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 1,37 manat pulun cavabdehdən onun xeyrinə tutulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “04.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəsinə cavab verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 1,37 manat pulun cavabdehdən onun xeyrinə tutulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı 12.10.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyinin cavabdehin qanun pozuntusu kimi tanınmasını, həmin ərizəyə cavab verilməsi vəzifəsinin cavabbdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 0,67 manat pulun cavabdehdən onun xeyrinə tutulması qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə əlavə verərək, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 09.08.2021-ci il tarixli **********4 №li imzasız məktubunu ona göndərməsi faktını, poçt zərfinin içərisinə köhnə tarixlə məktubunu qoyması hərəkətləri məhkəmə tərəfindən cavabdehin qanun pozuntusu kimi tanınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əlillik müddətinin qurtarması ilə bağlı Sumqayıt şəhər 1 saylı poliklinikasından ona aid elektron qaydada göndərilmiş TQS N288 Formasına görə nəticə qərarını Nazirliyin tabeliyindəki (TSERAS) Agentlikdən kağız daşıyıcısında istəsə də, onlardan cavab ala bilmədiyindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişdim. Böyük çətinliklərlə cavab məktubu ala bilmiş, lakin Agentliyin 09.08.2021-ci il tarixli cavab məktubu imzasız olduğuna görə və Agentlik ƏƏSMN-in tabeliyində olduğuna görə 04.09.2021-ci il tarixli şikayət ərizəsini Nazirliyə göndərmişdir. Lakin, bu günə kimi 04.09.2021-ci il tarixli müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 yazılıb: İdarə Heyətinin tərkibi 4 (dörd) nəfərdən - Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir. İdarə Heyətinin vəzifələri aşağıdakılardır: təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi üçün Nazirliyə təkliflər vermək və sənədlər (o cümlədən Agentliyin illik maliyyə hesabatını və fəaliyyətinə dair illik hesabatı) təqdim etmək; Agentliyin fəaliyyətini təşkil etmək və ona nəzarət etmək; Agentlikdə daxili audit bölməsi yaradıldığı halda, daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə bu Nizamnamənin 4.11.11 -ci yarımbəndi nəzərə alınmaqla, onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək. Əlilliyin qiymətləndirilməsi haqqında qərardan şikayət verən vətəndaşın şikayətinə, 5 ay keçməsinə baxmayaraq, hələ də baxılmayıb. Halbuki, NK -nm 16.01.2020 tarixli 11 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasası”nın 3.4 bəndinə əsasən şikayət “İnzibati icraat haqqında” qanuna əsasən inzibati qaydada və ya İPM-ə uyğun olaraq məhkəməyə verilir. 3.7 bəndinə əsasən, TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda , şəxs əyani müayinəyə cəlb edilir. İnzibati qaydada verilən şikayətə , Qaydanın 3.5 bəndinə əsasən,ƏƏSMNvəXidmət (hazırda Agentlik) “İnzibati icraat haqqında” qanuna uyğun olaraq baxmalı olduqları halda, hələ də baxmamaları özbaşınalığın məqsədli şəkildə edildiyini ortaya qoyur. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Qaydanın 3.8 bəndinə əsasən, ƏƏSM Nazirliyinin 9 nəfər məsul işçisindən ibarət tərkibdə yaradılmış komissiyada 15 iş günü müddətində baxılması və sadə səs çoxluğu ilə qəbul edilən qərarların elə həmin gün altsistemə daxil edilməsi də baş verməyib. ƏƏSMN-nin Əsasnaməsində aşağıdakı kimi vəzifələri yazılıb: öz səlahiyyətləri daxilində Nazirliyin strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların fəaliyyətinə nəzarəti həyata keçirmək. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinə etiraz edərək, bildirmişdir ki, halhazırda İddiaçı onun təmsil etdiyi təşkilata qarşı əlilliyin təyin edilməsi ilə bağlı iddia tələbinə baxılır. İddiaçının qeyd olunan müraciətlərə cavab qanunvericiliyin tələblərinə uyğun olaraq verilib və heç bir qanun pozuntusuna yol verilməyib. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, onun əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik kömək göstərilməsini xahiş etmişdir. Qeyd olunan müraciətə əsasən ƏƏSMN-nin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 09.08.2021-ci il tarixli cavab məktubu göndəriləmiş və həmin məktub İddiaçı tərəfindən qəbul edilmişdir. 04 sentyabr 2021-ci il tarixdə İddiaçı yenidən ƏƏSMN-ə müraciət edərək məsələsinə yenidən baxılaraq günahkar şəxslərin cazalandırılması barədə məktubla müraciət etmişdir. Həmin məktuba yenə də ƏƏSMN-nin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 25.10.2021-ci il tarixli cavab məktubu göndərilmişdir. Daha sonra eyniməzmunlu məktub 15.12.2021-ci ildə yenə də İddiaçı göndərilmişdir. Hal-hazırda İddiaçı cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış 05 oktyabr 2021ci il tarixli məktubun 30 oktyabr 2021-ci ildə poçt xidmətinə təhvil verilməsini Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 98-ci bəndinə istinad edərək, bildirir ki, göndərilən məktublar imzalanan gün poçt xidmətinə təhvil verilməlidir, lakin cavabdeh təşkilat sənədi imzaladıqdan 16 gün sonra (09.08.2021-ci il tarixli məktub 25.08.2021-ci ildə göndərilməsinə istinad edir) həmin sənədi poçt xidmətinə təhvil vermişdir. Bu isə kobud qanun pozuntusu hesab olunmalıdır. Cavabdehin nümayəndəsi isə İddiaçı göndərilən müraciətlərin qanuna uyğun qaydada göndərilməsinə istinad edir. Qeyd olunanlarla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, “Vətəndaşların müraciətləri” haqqında Qanunun 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir.Həmin Qanunun 10.1-ci maddəsinə əsasən vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təstiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair” Təlimatın 96-cı bəndinə görə göndərilən sənədin tərtibi, razılaşdırılması, rəsmiləşdirilməsi, qeydə alınması (qeydə alınmalı olan sənədlər barəsində) və göndərilməsi sənədlərin hazırlanması prosesini təşkil edir. İlkin qaydada tanış olmaq və razılaşdırılmaq üçün sənədin layihəsi çoxaldıla və eyni zamanda onun hazırlanmasında iştirak edən bütün təşkilatlara verilə bilər.Sənədi imzalanmaq üçün verməzdən əvvəl icraçı onun məzmununu, tərtibinin düzgünlüyünü, lazımi imzaların və əlavələrin mövcudluğunu yoxlamalıdır. İmzalanmaq üçün sənəd onun hazırlanması üçün əsas götürülən materiallarla birlikdə verilir. Təlimatın 97-ci bəndinə əsasən imzalanmış sənədlər qeydə alınmaq və göndərilmək üçün kargüzarlıq xidmətinə verilir. Həmin Təlimatın 98-ci bəndinə əsasən göndərilən korrespondensiyanın işlənməsinə onun növlərə ayrılması, zərflərin hazırlanması, göndəriş dəyərinin müəyyənləşdirilib yazılması, sifarişli poçt göndərişlərinin siyahısının tərtib edilməsi və elə həmin gün rabitə xidmətinə verilməsi daxildir. Sənədlər tamamilə tərtib olunmuş şəkildə poçt göndərişi kateqoriyası haqqında qeydlə (adi göndərişlərdən başqa) göndərilmək üçün verilir. Mühüm zərurət olmadan sənədlər sifarişli məktubla göndərilmir.Kargüzarlıq xidməti tərəfindən sənədlərin ünvanının düzgünlüyü, əsas sənəddə göstərilən qoşmaların mövcudluğu yoxlanılır və müvafiq çatışmazlıqlar aşkar edildikdə, sənədlər icraçılara qaytarılır. Daimi ünvan sahiblərinə göndərilən sənədlər üçün üzərində mətbəə üsulu və ya operativ çoxaltma vasitələri ilə çap edilmiş ünvanlar olan zərflərdən istifadə olunur. Eyni zamanda bir ünvana göndərilən bir neçə sənəd bir zərfin içinə qoyula bilər. Göndərilmək üçün verilən sənədlər elə həmin gün işlənib göndərilməlidir. Həmin Təlimatın 118-ci bəndinə görə sənədlərin və onlarda olan tapşırıqların icrasına nəzarəti təşkilatların, struktur bölmələrinin rəhbərləri həyata keçirirlər. Sənədlərin icrasına bilavasitə nəzarət edilməsi kargüzarlıq xidmətinə və təşkilatda xüsusi olaraq yaradılan nəzarət xidmətinə tapşırılır. Struktur bölmələrində sənədlərin icrasına nəzarəti struktur bölmələrinin kargüzarlıq üçün məsul olan əməkdaşları həyata keçirirlər. Həmin Təlimatın 1-ci bəndinə əsasən bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. Göründüyü kimi “Vətəndaşların müraciətləri” haqqında Qanunun tələblərinə əsasən dövlət təşkilatları tərəfindən vətəndaşların müraciətinə ən geci 30 gün müddətinə baxılaraq cavab verilməlidir. Hesab olunur ki, iddiaçı tərəfindən Təlimatın 98-ci bəndinə istinad edilərək cavabdeh təşkilatın pozuntuya yol verməsinə istinad etməsi düzgün deyil. Belə ki, qeyd olunan Təlimatın 1-ci bəndinə əsasən bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir. İddiaçı tərəfindən onun müraciətlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən deyil nazirliyin tabeliyində olan Dövlət Tibbi-sosial Ekspertiza mərkəzi tərəfindən cavablandırılmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, vətəndaşlara əlillik dərəcəsinin təyin edilməsi birbaşa ƏƏSMN-nin tabeliyində olan Dövlət Tibbi-sosial Ekspertiza Mərkəzinin səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, İddiaçı inzibati icraat çərçivəsində əlliliyin təyin edilməsi haqqında cavabdeh təşkilatın imtinasına görə Sumqayıt İnzibati Məhkəməsinin icraatında 2(118)-463/2022 nömrəli iddia tələbinə baxılır və onun ƏƏSMN-nə etdiyi müraciətlər əlilliyin təyin edilməsi ilə bağlı olduğuna görə hazırkı, iddia tələbinə baxılarkən “Vətəndaşların müraciətləri” haqqında Qanunun tələblərinə istinad olunması həmin Qanunun 5.2-ci maddəsinin tələblərinə əsasən yolverilməzdir. Hesab olunur ki, məhkəmə icraatında olan İddiaçı 2(118)-463/2022 nömrəli iddia tələbinin nəticəsindən asılı olaraq cavabdeh təşkilatın qanunsuz hərəkətlərinə qiymət verilməsi mümkündür. Yuxarıda qeyd olunanlardan başqa o da nəzərə alınmalıdır ki, hazırkı mübahisə cavabdeh təşkilatın inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.(İİ haqqında Qanun-2.0.2) Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “04.09.2021-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyi cavabdehin qanun pozuntusu kimi tanınması, həmin ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişlərinə görə ödənilmiş 1,37 manat pulun cavabdehdən onun xeyrinə tutulması, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09.08.2021-ci il tarixli **********4 №li imzasız məktubunun ona göndərməsi faktını, poçt zərfinin içərisinə köhnə tarixlə məktubunu qoyması hərəkətlərini məhkəmə tərəfindən cavabdehin qanun pozuntusu kimi tanınması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-406/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-406/2022
27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver