Məhkəmə qərarları › İş №2-1(118)-4061/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4061/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4061/2025 01.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2na qarşı iş üzrə (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X2na qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh X3nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyin yaranma tarixinin 18 yaşından əvvəl yaranmasını nəzərə alınaraq ona 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin əsl cavabdeh olan X2 ilə əvəz edilməsi və İddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdud olması səbəbindən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci ildə anadan olmuş və anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki bud çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya xroniki dəmir defisitli anemiya xəstəsidir. Anadangəlmə əlil olsa da, əlillik vəziyyəti ilkin olaraq xx.xx.2019-cu il tarixdə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə barəsində “ümumi xəstəlik” səbəbi ilə müddətsiz 3-cü dərəcəli əlillik təyinatı aparılmış, lakin 18 yaşına çatanadək sağlamlıq imkanlarımın məhdudlaşdırılması faktı müəyyən edilməmişdir. X2 xx.xx.2021-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəmişdir. Lakin 18 yaşına çatanadək onun sağlamlıq imkanlarının məhdud olması faktı müəyyən edilmədiyindən, ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olan şəxs olmağının müəyyən edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1719/2024 saylı, 20,05.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəf həmin qərardan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-836/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1719/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Apellyasiya Məhkəməsinin qərardadında göstərilmişdir ki, məhkəmə təcrübəsi dəyişdiyini nəzərə alaraq, yenidən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq səlahiyyətli inzibati orqana müraciət edilməsi istisna edilmir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə inzibati məhkəmə icraatı qaydasında iddia qaldırıla bilər. Bundan sonra ərizə ilə cavabdeh təşkilata müraciət etmiş və 3-17-4/2-1-29693/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla ona müxtəlif tövsiyələr edilməklə imtina edilmişdir. Ona görə də cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən mümkün hesab edilməməlidir. İddiaçı xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən (bundan sonra - Agentlik) xx.xx.2019-cu il tarixli qərar ilə əlillik səbəbi - "ümumi xəstəlik" olmaqla əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İddiaçı xx.xx.2021-ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, əlillik xx.xx.2019-cu il tarixdə, yəni 18 yaşdan sonra təyin edildiyi üçün ona xx.xx.2021-ci il tarixli imtina məktubu ünvanlanmışdır. Bundan sonra İddiaçı aitə başçısım itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-1711/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına qarşı “xx.xx.2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-279/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(102)-1369/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-279/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı yenidən eyni tələblə əlaqədar məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iddia tələbi mümkün sayılmamalıdır.

b) Tərəflərin iştirakı və izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin qərarın diaqnoz bölməsində “ikitərəfli anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, qaz yerişi hər iki bud çanaq oynağının kopntrakturası, hər iki çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli anemiya” qeyd edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik müəyyən edilməsi barədə qərar qəbul edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, AZ-İİ 171267 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının X2 xx.xx.2021-ci il tarixində vəfat etmişdir.

11. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ilkin üçüncü dərəcə əlillik 18 yaşından sonra (xx.xx.2019-cu il tarixindən) təyin olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.3-cü maddəsinin tələblərinə uyğun olaraq əlilliyə görə müavinət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2019-cu il tarixindən əlilliyə görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 150 manata çatdırılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

12. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

13. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

14. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 5.0.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

22. Belə ki, İddiaçı xx.xx.2000-ci il tarixdə doğulmuş və onun 18 yaşı xx.xx.2018-ci il tarixdə tamam olmuşdur. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarına əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmin qərarın diaqnoz bölməsində “ikitərəfli anadangəlmə bud çanaq oynağının çıxığı, hər iki bud çanaq oynağının artrozu, kontakturası, ətrafların funksiya pozğunluğu, qaz yerişi, hərəkət funksiyasının kəskin pozulması ilə hər iki aşağı ətraf funksiyasının kəskin pozulması, qaz yerişi hər iki bud çanaq oynağının kopntrakturası, hər iki çanaq oynağının koksartrozu, daimi ağrı ilə zəif dərəcəli miopiya, xroniki dəmir defisitli anemiya” qeyd edilmişdir. İddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciətin icrasından imtina edilərək qeyd edilmişdir ki, ilkin üçüncü dərəcə əlillik 18 yaşından sonra (xx.xx.2019-cu il tarixindən) təyin olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

23. İddiaçının 18 yaşından yuxarı əlilliyi olan şəxs olması işin mübahisəsiz halıdır. Mübahisə onun əlilliyinin məhz 18 yaşına çatanadək müəyyən edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2019-cu il tarixli qərarında iddiaçıya qoyulmuş diaqnozun anadangəlmə olduğu qeyd edilmiş və həmin qərarla müəyyən edilmişdir ki, iddiaçıda xəstəlik 18 yaşına çatanadək mövcud olmuşdur. Bununla belə, iddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunvericilik isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir.

24. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın olmamasına baxmayaraq, əlilliyin təyin olunmasına əsas olan xəstəliyin iddiaçıda anadangəlmə mövcud olması təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ qazanmışdır.

25. Məhkəmə qeyd edir ki, əlilliyin anadangəlmə xəstəliklər və ya çatışmazlıqlar səbəbindən yarandığı mötəbər sübutlarla təsdiq olunduqda, əlilliyin təyin edilməsinə (və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə) dair qərarın tarixinin 18 yaşdan sonraya təsadüf etməsi məsələnin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb etmir. Bu halda da şəxs qanunun məqsədləri baxımından 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş şəxs kimi qəbul edilməlidir.

26. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur və cavabdeh orqanın iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtinası əsassızdır.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

28. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh X2nın üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar