Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4081/2023 28.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 23 iyun 2023-cü il tarixli, 3- 21-3-31/2-A-0046-8/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı 2003-cü ilin sentyabr ayında ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində ərazinin Baş planına uyğun olaraq fərdi ev tikintisi üçün həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının müraciəti müsbət qarşılandığından Sumqayıt Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlanılmışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt Bələdiyyəsinin müraciətinə cavab olaraq Azərbaycan Respublikasının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən 30 sentyabr 2003-cü il tarixli,02/396 saylı rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətimə ayrılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra iddiaçı torpağın tələb olunan alqı- satqı haqqı olan 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinin hesabına ödəmiş və ona 08 oktyabr 2003-cü il tarixli CZX 022562 saylı kassa mədaxil orderinin qəbzi verilmişdir .Bundan sonra Sumqayıt Bələdiyyəsinin 03 oktyabr 2003-cü il tarixli 92 saylı qərarı ilə Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan 212 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi üçün mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi ilə əlaqədar Sumqayıt Bələdiyyəsi tərəfindən “Torpaq sahəsinin ayrılmasına dair İnşaat Pasportu” da hazırlanaraq ona verilmişdir. Ancaq iddiaçı həmin dövrdə hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq onun mülkiyyətindədir. Bu səbəbdən o, bələdiyyə qərarı əsasında verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Ancaq sonradan o, torpağın sənədləşmə işlərinin tam başa çatdırılmadığını öyrənərək torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin ərizəmə verdiyi 23 iyun 2023-cü il tarixli,3-21-3-31/2-A- 0046-8/2023 saylı cavab məktubunda torpaq üzərində hüququnun qeydiyyatının aparılmasından imtina torpaq sahəsinin ayrılması zamanı müvafiq icra hakimiyyəti orqanlarının rəyinin, eləcə də torpaqların alqı-satqısına dair aktın tərtib edilməməsi, torpaq sahəsinə müayinə baxışı keçirilərkən əlavə 20 kvadrat metr torpaq sahəsinin istifadə edildiyinin müəyyən edilməsi, həmçinin torpağın dəyərinin bank vasitəsi ilə deyil, bilavasitə bələdiyyənin özünə ödənilməsi ilə əsaslandırılmağa çalışılmışdır. Hesab edir ki, cavabdehin torpaq üzərində hüququnun dövlət qeydiyyatından imtinası tamamilə əsassız və qanunaziddir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi kassa mədaxil orderinin surətindən də görünür ki, o, hələ 2003-cü ilin oktyabr ayında torpağın alqı- satqı haqqı olaraq 1 500 000 manat məbləğində pulu Sumqayıt Bələdiyyəsinə ödəmiş və sonuncu həmin pul ödənişini ondan qəbul etmişdir. Sumqayıt Bələdiyyəsinin 03 oktabr 2003-cü il tarixli, 92 saylı qərarından da görünür ki, qanunvericiliyə əsasən torpağın alqı-satqı aktının tərtib edilməsi onun deyil, Sumqayıt Bələdiyyəsinin səlahiyyətinə aid edilmişdir. Sözügedən alqı-satqı aktının bələdiyyə tərəfindən tərtib edilməməsi nəticəsində onun hüququ pozulmamalı olduğu kimi, tərəfindən hələ 2003-cü ilin oktyabr ayında torpağın alqı-satqı haqqı olaraq 1 500 000 manat məbləğində pulun Sumqayıt Bələdiyyəsinə ödənilməsi onunla Sumqayıt Bələdiyyəsi arasında mübahisələndirilən torpaq sahəsinə dair alqı-satqı aktının mövcudluğunu özü-özlüyündə ehtiva edir. Eyni sözləri cavabdehin torpaq sahəsi ayrılarkən yerli icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması dəlilinə də şamil edə bilər, çünki sözügedən sənədləşmə işlərinin aparılması yerli özünüidarə orqanının səlahyyətlərində olan bir məsələ olduğundan, torpaq sahəsinin ayrılması üçün müraciət etmiş şəxs aidiyyəti inzibati orqan tərəfindən həmin sənədləşmənin aparılmasına görə məsuliyyət daşıya bilməz. Həmçinin, cavabdeh iddiaçının müraciətinə baxarkən bu cür işlər üzrə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyi də nəzərə almamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 20 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər və ya qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslarla yaranır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nüamyəndəsi X1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli orqandır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın müddəalarına uyğun olaraq bələdiyyənin 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli qərarı ilə torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Bundan əlavə, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 20 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir: İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhər Bələdiyyə şurasının 03 oktyabr 2003-cü il tarixli, 92 saylı protokol qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin rəyi nəzərə alınmaqla, şəhər bələdiyyəsi torpaq komissiyasının 02 oktyabr 2003-cü il tarixli, 83 saylı protokoluna əsaslanaraq, İddiaçı fərdi yaşayış evi tikmək üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. CZX seriyalı, 022562 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən Sumqayıt bələdiyyəsinə ödənilmişdir. Məhkəmə araşdırması zamanı Sumqayıt bələdiyyə Şurasının 03 oktyabr 2003-cü il tarixli 92 saylı iclas protokolundan qərarı və qərara əlavə edilmiş sənədlərin surətləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının xx.xx.2023-cü il tarixli, 3-48- DA-10F/2-215/1-2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmişdir. Cavabdeh qeyd edir ki, torpaq sahəsi ayrılarkən müvafiq icra hakimiyyəti orqanlarının rəyi və alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin torpağın dəyəri bank vasitəsi ilə deyil, bilavasitə ödənilmiş, mədaxil qəbzi Sumqayıt Bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilən səbəblərə görə cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı hesab edilə bilməz. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Bundan əlavə cavabdeh qeyd edir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 20 kv.m zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi sənəd üzrə 0.06 ha olmasına baxmayaraq faktiki sahə 0.062 ha təşkil edir. 20 kv.m torpaq sahəsi artıqdır. Lakin iddiaçının tələbindən göründüyü kimi o, 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaısn istəyir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının hüquqları məhdudlaşdırıla bilməz. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 3 oktyabr 2003-cü il tarixli, 92 saylı qərarı ilə fərdi ev tikintisi üçün İddiaçı mülkiyyətinə verilmiş Sumqayıt şəhərinin 20-ci mikrorayonu ərazisində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4081/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4081/2023
28.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver