Məhkəmə qərarları › İş №2-1(118)-4087/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4087/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4087/2025 12.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "21480 manat məbləğində təzminatın ödənilməsi" barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh qurumun əməkdaşlarının qanunsuz əməlləri səbəbindən xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci il tarixə qədər olan 81 ayın, hər ay 80 manat olmaqla 6480 manat məbləğində veteranlıq müavinətinin ona ödənilməsi haqqında və bu müddət ərzində çəkdiyi əzab, iztirab, ruh düşkünlüyü, psixoloji gərginlik və sair səbəblərdən ona dəyən mənəvi zərərə görə 15.000 manat, ümumilikdə isə 21.480 manat məbləğində təzminatın ödənilməsi haqqında və həmçinin cavabdeh qurum əməkdaşları Elbrus Mehdixanov, Rəşad Qənbərov və Surxay Quliyevin ölkə qanunlarını bilərəkdən və əvvəlcədən planlaşdırılmış şəkildə düzgün təhlil və tətbiq etməməklə törətdikləri əməllərində cinayət tərkibinə özbaşınalıq, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və sair əsaslı şübhələr olduğundan məhkəmə olaraq qanunvericiliklə verilən səlahiyyətlər çərçivəsində müvafiq tədbirlərin görülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı da bir ölkə vətəndaşı olaraq vətənin müdafiəsi məqsədilə öz vətəndaşlıq borcunu yerinə yetirirərək 02 avqust 1993-cü il tarixində Saatlı rayon Hərbi Komissarlığından hərbi xidmətə yollanmışdır. Hərbi xidmət müddəti müharibə dövründə olduğundan xidmət müddəti xx.xx.1997-ci il tarixinə qədər davam etmişdir. Xidmət etdiyi inzibati ərazi vahidi olaraq Goranboy rayonu ərazisi olmuş və həmin ərazidə yerləşən N saylı hərbi hissə olmuşdur. N may 1994-cü il tarixli atəşkəs sazişindən sonra xx.xx.1997-ci ildə təxris olunmuşdur. Komissiya katibinin "imtina" haqqında göndərdiyi xx.xx.2018-ci il tarixli məktubda istinad edilən hər hansı normativ hüquqi aktdan bəhs edilmir. 18 yaşlı ömrünün 4/1 hissəsini 4 il hərbi xidmətdə keçirən bir əsgərin taleyüklü bir məsələ ilə bağı müraciətinə saymazyana şəkildə 6 sətirlik bir məktubla əsaslandırılmamış cavab verilməsi vətənpərvərlik kriteriyalarından əlavə etik davranış qaydalarına da ziddir, "imtina" cavabına əsas verən və ya istinad ediləcək hər hansı normativ hüquqi akt mövcud olmadığından məktub müəllifinin göndərdiyi həmin aktın tələb, şərt, tarix və nömrəsini də görünmür. Bu isə o deməkdir ki, "imtina" məktubunda yazılanlar hər hansı şəxsin və ya şəxslərin əsaslandırılmamış şəxsi şifahi mülahizələri və fərziyyələridir. Şəxsin öz şəxsi şifahi mülahizələrini rəsmiləşdirərək əsaslandırılmamış şəkildə dövlət qurumu adından vətəndaşa cavab adı altında göndərməsi yolverilməzdir. Cavabdeh qurum göndərdiyi 27 sentyabr 2018-ci il tarixli "imtina" cavabını əsaslandırmağa borclu idi. Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər, yəni əsgərlər təşkil edir. Ona görə də, cavabdeh qurum əsgərə hörmət göstərməklə qəbul edilmiş normativ hüquqi aktlara istinadən əsaslandırılmış cavab ilə təmin etməli idi. Cavabdeh qurumun işə səhlənkarlığı ucbatından artıq məhkəməyə iddia ərizəsi yazmaq həddinə çatmışdır. Hərbi xidmətə çağırış və hərbi xidmətdən təxris tarixlərinə nəzər yetirdikdə iddiaçının hərbi xidmət müddətinin 4 il olduğu məlum olur.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qoyula bilər, amma ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanunqüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

11. Məhkəmə ilk növbədə qeyd edir ki, işin hərtərəfli, tam və obyektiv araşdırılması və yol verilən formal xətaların aradan qaldırılması məqsədilə keçirilmiş məhkəmə iclasında cavabdeh inzibati orqana ilk iki iddia tələbi ilə bağlı (cavabdeh qurum əməkdaşlarının qanunsuz əməlləri səbəbindən xx.xx.2018-ci il tarixindən xx.xx.2025-ci ilə qədər olan 81 ayın, hər ay 80 manat olmaqla 6480 manat məbləğində veteranlıq müavinətinin ona ödənilməsi haqqında və bu müddət ərzində çəkdiyi əzab, iztirab, ruh düşkünlüyü, psixoloji gərginlik və sair səbəblərdən ona dəyən mənəvi zərərə görə 15,000 manat, ümumilikdə isə 21480 manat məbləğində təzminatın ödənilməsi) müraciət edilməsinə dair müvafiq sübutun məhkəməyə təqdim edilməsi iddiaçıya təklif edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən məktublardan görünür ki, o, cavabdeh inzibati orqana müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir.

12. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsindəki tələb ilə cavabdehə müraciət edilməsi halı müəyyən edilmir.

13. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının üçüncü iddia tələbi (cavabdeh qurum əməkdaşları Elbrus Mehdixanov, Rəşad Qənbərov və Surxay Quliyevin ölkə qanunlarını bilərəkdən və əvvəlcədən planlaşdırılmış şəkildə düzgün təhlil və tətbiq etməməklə törətdikləri əməllərində cinayət tərkibi ilə özbaşınalıq, vəzifə səlahiyyətlərini aşma, səhlənkarlıq və sair əsaslı şübhələr olduğundan məhkəmə olaraq qanunvericilikə verilən səlahiyyətlər çərçivəsində müvafiq tədbirlərin görülməsi) inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.

14. Belə ki, yuxarıda adıçəkilən Qərarın 15-ci bəndində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

15. Göstərilənlərə əsasən, işin hallarına qiymət verərək məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən ilk iki tələblə cavabdehə müraciət edilməsi halı mövcud olmaması səbəbindən və üçüncü iddia tələbi inzibati hüquq sahəsi ilə tənzimlənmədiyindən iddiaya baxılması mümkün hesab edilmir.

16. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

X1-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar