Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4089/2023 29.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının adına tərtib edilmiş 18 yanvar 2018-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydində anasının adına düzəliş edilərək, adının “Mələknisə”dən “Nisə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar X2 və İddiaçı Cavabdehnə qarşı “İddiaçı və X2 adına tərtib edilmiş doğum haqqında şəhadətnamələrin ana qrafası hissəsində göstərilmiş “Mələknisə” asının “Nisə” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4089/2023 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “İddiaçı adına tərtib edilmiş doğum haqqında şəhadətnamələrin ana qrafası hissəsində göstərilmiş “Mələknisə” asının “Nisə” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasından iddiaçı X2 Cavabdehnə qarşı X2 adına tərtib edilmiş doğum haqqında şəhadətnamələrin ana qrafası hissəsində göstərilmiş “Mələknisə” asının “Nisə” adına dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işin icraatının ayrılması qərara alınmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “iddiaçının adına tərtib edilmiş 18 yanvar 2018-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydində anasının adına düzəliş edilərək, adının “Mələknisə”dən “Nisə”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmuşdur. Azərbaycan Respubliksına gəldikdən sonra Sumqayıt şəhərində məskunlaşmışdır. xx.xx.1924-cü il təvəllüdlü X1 xx.xx.2015-ci ildə vəfat etmişdir. Mərhum anasınn adı Nisə olmasına baxmayaraq doğum haqqında şəhadətnaməsində onun adı səhvən Mələknisə kimi qeyd edilmişdir. Belə ki, əlində olan xx.xx.1924-cü il təvəllüdlü X1 adına tərtib edilmiş SSSRİ pasportun, ölüm haqqında şəhadətnaməsinin və fərdi yaşayış evinin texniki pasportundan görünür ki, onun adı Nisə kimi qeyd edilmişdir. Həmçinin mərhum sağ olarkən bütün qohumlar, hər kəs onu Nisə kimi bilib, onu o şəkildə tanımışlar. X1 vəfat etdikdən sonra onun adına fərdi yaşayış evini öz adına rəsmiləşdirmək istəyərkən, Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən anasının adında uyğunsuzluqlar olduğunu bildirərək, rəsmiləşdirmə işlərinin aparılmasından imtina etmişdir. Qeyd edilənlərlə əlaqədar olaraq cavabdehə müraciət etmiş, lakin müraciəti qanunsuz olaraq müsbət həll edilməmişdir. O, ilk öncə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə adda dəyişikliyin edilməsini Sumqayıt İnzibati Məhkəməsinin səlahiyyəti olmasını əsas gətirərək, ərizəsini geri qaytarmışdır. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək məcuriyyətində qalmışdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda WAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş Cavabdeh tərəfindən İddiaçı adına tərtib edilmiş 18 yanvar 2018-ci il tarixli( bərpa) 06 nömrəli doğum haqqında akt qeydindən görünür ki, həmin akt qeydində iddiaçının anasının adı “Mələknisə” kimi qeyd olunmuşdur. - AZ-İ№ 775794 saylı, xx.xx.2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 18 oktyabr 2015-ci il tarixdə ölmüşdür. - Məhkəməyə sorğu əsasında daxil olmuş AZ-İ № 775794 saylı, xx.xx.2015-ci il tarixli “Ölüm haqqında akt qeydi”nin surətindən görünür ki, iddiaçının anasının adı “Nisə” kimi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Göründüyü kimi, İddiaçı doğum akt qeydində yazılan anasının adı ilə mərhum anasına məxsus digər sənədlərində yazılan adı arasında uyğunsuzluq mövcuddur. İddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının anasının adı “Mələknisə” kimi qeyd olunmuşdur. İddiaçı doğum haqqında akt qeydində anasının adının “Mələknisə” deyil, “Nisə” kimi qeyd edilməsi ilə bağlı yaşayış yeri üzrə qeydiyyat orqanı kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdehnə müraciət etmişdir. Cavabdeh inzibati orqan məsələnin həllindən imtina etmişdir, iddiaçı isə hazırda həmin imtinanı mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh inzibati orqandan tələbi formal olaraq, doğum akt qeydində düzəliş edilməsi (anasının adının düzəlməsi) olsa da, əslində mahiyyət etibarilə məsələ iddiaçının ana adı ilə bağlı uyğunsuzluğun aradan qaldırılması barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və lğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin müddəanın 1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Müddəanın 2-ci maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Müddəanın 3-cü maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilir. Müddəanın 8-ci maddəsinə görə ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qeyd olunan Müddəanın 10-cu maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti akt qeydlərində edilmiş dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Müddəanın 12-ci maddəsinə əsasən Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə icraatı zamanı Cavabdeh tərəfindən iddiaçının anasının adına düzəliş edilməsinə, yəni onun arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğuna dair məhkəməyə sübut təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının anasının adı “Mələknisə” kimi qeyd olunsa da, anasına məxsus digər sənədlərdə, AZ- İ№ 775794 saylı, xx.xx.2015-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”də,xx.xx.2015-ci il tarixli “Ölüm haqqında akt qeydi”ndə, AZE1377748 nömrəli şəxsiyyət vəsiqəsində anasının adı “Nisə” kimi qeyd olunmuşdur. İddiaçıya məxsus doğum akt qeydində yol verilmiş bu yanlışlıqlar isə iddiaçıya bir sıra hüquqlarının həyata keçirilməsində maneələr yaradır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı adına tərtib edilmiş 18 yanvar 2018-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydində anasının adına düzəliş edilərək, adının “Mələknisə”dən “Nisə”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı adına tərtib edilmiş 18 yanvar 2018-ci il tarixli 06 nömrəli doğum haqqında akt qeydində anasının adına düzəliş edilərək, adının “Mələknisə”dən “Nisə”yə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva