Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-409/2022 24.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin nümayəndəsi X6 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya müddətsiz əlillik təyin edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı ilkin olaraq cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsə və Quba Rayon Mərkəzi Xəstəxanasına qarşı “iddiaçıya müddətsiz əlillik təyin edilməsi və əlilliyə görə pensiya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur. Ürəyi xəstə olduğu üçün müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur. 11 noyabr 2002-ci il tarixdən ona İİ qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə 2016-cı il tarixdə iddiaçıya Revmatizm, Revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezleşməsindən sonrakı vəziyyət dioqnozu qoyulmuşdur. Bundan sonra ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Xidməti 38 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin edilmişdir. İddiaçının növbəli müayinə tarixi 29.04.2021-ci il tarixdə qeyd edilmişdir. O, 2021-ci il ilin aprel ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına X4 İnstitutunda müayinədən keçmişdir. Eyni zamanda ambulator kitabçadan çıxarışdan da göründüyü kimi 25.06.2021-ci il tarixdən 09.07.2021-ci ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində qalaraq dioqnostik müayinələrdən də keçərək müalicə olunmuşdur. 2021-ci il tarixdə o, növbəti dəfə komissiyadan keçmişdir. Lakin iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Bundan sonra ona verilən sosial müavinət kəsilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin edilməsindən əsassız və qanunsuz müxtəlif bəhanələrlə imtina edilir. Bundan əvvəl ona sosial müavinət verilirdi, heç olmasa həmin müavinət pulu ilə dərmanlarının bir hissəsini ala bilirdi. Hazırkı halda heç bir əsas olmadan qanunsuz olaraq ona əlillik təyin edilməsindən imtina edərək, haqqı olan əlilliyi belə vermirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əlavə olan "İnsan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi" cədvəlində ona qoyulan diaqnoz qan dövranı sisteminin və ürək damar sisteminin pozğunluqları xəstəlikləri bölməsinə daxildir. Göründüyü kimi xəstəxananın diaqnozu ilə belə əlillik təyin olunmalı idi. Tibbi Sosial Ekspet Komissiyası ilə əlillik təyin olunmasından müxtəlif bəhanələrlə imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, iddiaçıya müddətsiz əlilliyin təyin olunması və əlilliyə görə pensiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının 28.04.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizim; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 25.04.2015-ci il tarixli 0244003AAB48 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0- Kəskin revmatik perikardit; Diaqnozun mətni: REVMATİZM. REVMAKARDİT. KOMBİNƏ OLUNMUŞ AORTAL QÜSURA GÖRƏ AORTAL QAPAĞİN PROTEZLƏŞMƏSİNDƏN SONRAKİ VƏZİYYƏT; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci- üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 29.04.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0 - Kəskin revmatik perikardit; Diaqnozun mətni: REVMATİZM. REVMAKARDİT.KOMBİNƏ OLUNMUŞ AORTAL QÜSURA GÖRƏ AORTAL QAPAĞİN PROTEZLƏŞMƏSİNDƏN SONRAKİ VƏZİYYƏT; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının 09.08.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ02 - Revmatik xoreya => İ02.0 - Ürəyin prosesə cəlb olunması ilə gedən revmatik xoreya; Diaqnozun mətni: İ02 Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələr; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 06 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına münasibətdə qeyri-mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin cavabdeh siyahısından çıxarılmasını və ona müddəstsiz əlillik təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi məhkəmə iclasında iddiaya yazılı etirazla eyniməzmunlu izahat verərək təmin olunmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara aiddir: • AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1963-cü ildə, Xaçmaz rayonunun Hacəhməd kəndində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. • İşdə olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçı 25.06.2021- 09.07.2021-ci il tarixlərdə Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində müalicə almışdır. • İşə əlavə edilmiş iddiaçıya aid xəstəlik sənədlərinə əsasən iddiaçıya revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezleşməsindən sonrakı vəziyyət dioqnozu qoyulmuşdur. Belə ki, ona 28.04.2014-cü il tarixdə revmatizm diaqnozu ilə 1 il müddətinə, 29.04.2015-ci il tarixdə 1 il müddətinə, 29.04.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik müəyyən edilmişdir. 19.08.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi xəstənin hazırkı vəziyyətinin, ağırlıq dərəcəsinin, mütəxəssis rəylərinin, köməkçi diaqnostik müayinələrin dəqiqləşdirilməsi zərurətinin mövcudluğu olmuşdur. • Sumqayıt İnzibati Məhkəməsinin 15.12.2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Həmin Agentlik tərəfindən 19.01.2022-ci il tarixli müraciətdə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün 13.01.2022-ci il tarixində Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Məhkəmə yuxarıda qeyd olunanların hər birini araşdıraraq hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının 1.3-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydaların 2.6-cı bəndinə əsasən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Qaydaların 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydaların 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Yuxarıda qeyd olunan Nazirlər Kabinetinin 11 və 12 saylı 16 yanvar 2020-ci il tarixli Əsasnamələrin tələbləri baxımından müəyyən olunur ki, şəxsə əllillik dərəcəsinin təyin edilməsi məqsədi ilə özü və ya müalicə həkimi Həkim Məsləhət Komissiyasına müraciət edir. X5 şəxsin tibbi müayinəsini həyata keçirir, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Sonra Komisiya tərəfindən həmin nəticələr siyahısı müəyyən edilmiş tibb müəssisələrinə göndərilir və həmin tibb müəssisələri müayinə olunmuş şəxin xəstəlikləri barəsində göndərilmiş məlumatlar əsasında Forma 88 adlı sənədi tərtib edərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edir. Qeyd olunan Forma 88 adlı arayışın əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Tibbi müəssisələri tərəfindən verilmiş göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. İddiaçı iddia tələbi araşdırılarkən müəyyən edilmişdir ki, Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi onun xəstəliyinin dəqiqləşdirilməsinə zərurət olduğu bildirilmişdir. Məhkəmə həmin dəqiqləşdirmənin aparılması məqsədi ilə aralıq qərardadı qəbul etmiş və İddiaçı əyani müayinəyə dəvət edilmişdir. Lakin əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Məhkəmə inzibati orqanının bu səpkidə gətirdiyi imtinanı əsaslı hesab edərək qeyd edir ki, iddiaçıda mövcud xəstəliyin olmaması onun əyani müayinəsi zamanı aşkar edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçı barəsində keçirilmiş müayinənin nəticəsində verilmiş imtinası qanuni hesab edilməli və iddiaçıya Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən müddətsiz əlillik təyin edilməsi barədə iddiası təmin ediməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmişdir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya müddətsiz əlillik təyin edilməsi” tələbi barədə iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-409/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-409/2022
24.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver