Məhkəmə qərarları › İş №2-1(118)-4092/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4092/2024

02.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4092/2024 02.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı ərizənin ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin hərəkətlərindən etdiyi şikayət ərizəsinin geri çəkilməsi barədə ərizənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Quba rayin Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(027)-1091 saylı icra vərəqəsinə əsasən İddiaçı cəmi 630.04 ABŞ dolları məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə verilməlidir. Tələb girov qoyulmuş qızıl-zinyət əşyalarına yönəldilmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Rauf Quliyev tərəfindən icra hərəkətlərinə başlanılmışdır . daha sonra icra hərəkətlərinin iddiaçının iştirakı olmadan keçirilməsi səbəbi ilə onun tərəfindən iddia qaldırılmış və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-359/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək icra məmurunun hərəkətləri qanunsuz hesab edilmişdir. Daha sonra ira sənədi üzrə icra başa çatdırılaraq icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilmişdir. Bundan sonra İcra və Probasiya şöbəsinin qanunsuz tələbinə əsasən iddiaçının adından icra məmuru Rauf Quliyevdən şikayətçi olmaması barədə ərizə alınmışdır. Hazırda iddiaçı həmin ərizənin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasınını vaxtı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə materialları araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. İddia ərizəsindən göründüyü kimi hazırki mübahisənin mahiyyəti notarius tərəfindən təsdiq edilmiş ərizənin ləğv edilməsi barədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Göründüyü kimi, icra qeydi notariusun borcludan tələbkara verilməli olan müəyyən pul məbləğini və ya əmlakı almaq haqqında sərəncamıdır. İcra qeydi tərəflər arasında yaranmış olan mülki hüquq münasibətlərinə aid olduğundan, inzibati xarakterli deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülkihüquqi xarakterlidir. Bu səbəbdən də iddia tələbinə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı ərizənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalı, iddiaçıya müvafiq iddia ilə cavabdeh orqanın yerləşdiyi yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba Regional ASAN Xidmət Mərkəzində Notariat ofisinə qarşı ərizənin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar