Məhkəmə qərarları › İş №2-1(118)-4096/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4096/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4096/2024 27.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Açar sözlər: ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerquruluşu planının və yerləşmə cizgisinin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı “Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 aprel 1990-cı il tarixli, 36 nömrəli Qərarına və X1 2 aprel 1990-cı il tarixli, 36 saylı Əmrinə əsasən, iddiaçıya X2 ərazisində ayrılmış 0,07 ha torpaq sahəsinə dair yerquruşu planının və yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 aprel 1990-cı il tarixli, 92 nömrəli Qərarı əsasında keçmiş X1 ərazisində iddiaçıya 0,07 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan fasiləsiz olaraq onun sahiblik və istifadəsindədir. Abşeron Rayon Dövlət Arxivinə müraciət edərək, hüquqmüəyyənedici sənədlərin arxiv çıxarışlarının veriməsi xahiş etmiş, ərizəsi əsasında həm Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 aprel 1990-cı il tarixli, 92 nömrəli Qərarının, həm də 2 aprel 1990-cı il tarixli, 36 saylı Əmrinin arxiv Çıxarışlarını əldə etmişdir. Bundan sonra hüquqların qeydiyyatı üçün müraciət etdikdə, torpaq sahəsinin ilkin cizgisinin də təqdim edilməli olduğu bildirilmişdir. Belə olduqda yenidən Abşeron Rayon Dövlət Arxivinə ərizə ilə müraciət edilmişdir, ona X1 ilkin baş plan, ayrıc aktı, sxem və təhkim aktını təhvil verilmədiyi bildirilmişdir. Arxivə ilkin cizgi üçün müraciət etməmişdən əvvəl iddia tələbləri üzrə Cavabdehnə ərizə ilə müraciət edərək, iddiaçıya ayrılmış 0,07 ha torpaq sahəsinin yerquruluşu planının hazırlanması xahiş edilmişdir. Lakin ona 19 iyun 2023-cü il tarixli, T- 22-091 saylı məktubla ərizəsinin icrasından imtina edilrək, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin həyata keçirilməsi fəaliyyətinin Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olmadığı, bu səlahiyyətlərin Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri olduğu bildirilmişdir. İddiaçı hesab edir ki, bu imtina qanunvericiliyə ziddir və iddiaçıya məxsus olan mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin imtina səbəbinin qanuni əsası yoxdur, belə ki, cavabdeh qanunvericiliyin tələblərini qəsdən təhrif edir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi 1990-cı ildə ayrılmışdır. Belə olan halda “Torpaq islahatı haqqında” Qanunun 25-ci maddəsinin tələbləri tətbiq edilməlidir. İddiaçı hesab edilir ki, cavabdeh qanunvericiliyə uyğun şəkildə 1990-cı ildə ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsindən əsassız olaraq imtina etdiyi üçün, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə ondan inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) hərəkətin edilməsi, yəni yerləşmə cizgisinin tərtib edilməsini tələb etməkdə haqlıdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar.

Tərəflərin iştirakı və izahatları:

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına təmsil edilməmişdirlər.

6. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

8. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

9. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamının müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “...

1. Bakı şəhərinin Binəqədi, Əzizbəyov, Xətai, Sabunçu və Suraxanı rayonlarının inzibati ərazilərində yerləşən, bu Sərəncama 1-17 nömrəli əlavələrdəki yerquruluşu planlarında göstərilmiş Cavabdeh istifadəsində olan cəmi 25983,31 ha torpaq sahələrinin 9954,75 ha, 0 cümlədən Binəqədi rayonu üzrə 52,84 ha, Əzizbəyov rayonu üzrə 5820,26 ha, Xətai rayonu üzrə 202,49 ha, Sabunçu rayonu üzrə 2502,81 ha və Suraxanı rayonu üzrə 1376,35 ha təşkil edən hissəsi həmin rayonların inzibati ərazi hüdudlan nəzərə alınmaqla Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılsın. ...”

11. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 8. Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; (-) 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. (-) 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.

MƏHKƏMƏNİN MÖVQEYİ

12. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

13. Çünki, İPM-in 8.1.1-ci maddədə nəzərdə tutulmuş tələb növündən asılı olmayaraq (mübahisələndirmə, məcburetmə və s.) bütün iddia növlərinə münasibətdə tətbiq edilir. Daşınmaz əmlak MM-in 135.4-cü maddəsində daşınmaz əşya barəsində müəyyən edilmiş qaydaya uyğun olaraq müəyyən edilir. Bu maddəyə əsasən torpaq sahələri, yerin təkinə aid sahələr, ayrıca su obyektləri, meşələr, çoxillik bitkilər, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına qeyri-mütənasib zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalar kimi başa düşülür. Ərazi ilə bağlı hüquqlar dedikdə, o hüquqlar başa düşülür ki, onların məzmunu üçün hər hansı bir ərazi həlledici əhəmiyyətə malik olsun.

14. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 iyun 2024-cü il tarixli, 3-21-3-02/2-7187/2024 nömrəli məktubundan müəyyən olunur ki, X2 ərazisində yerləşən 0,07 ha torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 13 iyun 2008-ci il tarixli, 2866 nömrəli Sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə qaytarılmış torpaq sahələrinə aiddir.

15. Bu səbəbdən, hazırkı iddiaya İPM-in 8.1.1-ci maddəsinin tələbinə uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır.

16. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə daşınmaz əmlakın yerləşdiyi yer üzrə səlahiyyətli məhkəmə olan Bakı İnzibati Məhkəməsidir (15-ci bənd).

17. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

18. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş baxılması baxılması üçün ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərildiyindən, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxılmamış, həmçinin iddianın digər ümumi və xüsusi mümkünlük şərtləri yoxlanılmamışdır.

NƏTİCƏVİ HİSSƏ:

20. Şərh edilənlərə əsasən və İPM-in 8.1.3, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “Abşeron Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 27 aprel 1990-cı il tarixli, 36 nömrəli Qərarına və X1 2 aprel 1990-cı il tarixli, 36 saylı Əmrinə əsasən, iddiaçıya X2 ərazisində ayrılmış 0,07 ha torpaq sahəsinə dair yerquruşu planının və yerləşmə cizgisinin tərtib edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar