Məhkəmə qərarları › İş №2-1(118)-41/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-41/2025

03.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-41/2025 03.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-227 KOD 30311048 saylı 30 dekabr 1998-ci il tarixli Dövlət Aktında göstərilən 2,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum anası X1 məxsus olması barədə arayışın verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, “JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Məlum edirəm ki, mənə, anama və ailə üzvlərimizə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli 03 N-li qərarı ilə kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün 2,25 ha torpaq ayrılmış və adlarına mülkiyyətini təsdiq edən JN227 KOD 30311048 saylı dövlət aktı verilmişdir. Mülkiyyətçilərdən anası M.İsayeva 2004-cü ildə vəfat etmişdir və hal-hazırda qeyd olunan torpaq sahəsi iddiaçı və ailə üzvlərinin istifadəsindədir. Anası vəfat etdikdən sonra iddiaçıya məlum olmuşdur ki, həmin dövlət aktı elektron baza xəritəsinə işlənməmişdir. İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, ərizəsinin təmin edilməsində imtina edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-601/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı; JN 227, KOD 30311048 saylı “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın surəti; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, qismən əsaslı iddia olduğundan, qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan Quba rayonu, Ağbil kəndində yerləşən 2.25 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinə ayrılmışdır. Buna dair onun adına JN227 KOD 30311048 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən müraciəti təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəmə sorğusuna əsasən cavabdeh orqanın təqdim etdiyi müayinə aktında aşağıdakılar qeyd edilmişdir: “JN-227 KOD 30311048 saylı 30 dekabr 1998-ci il tarixli Dövlət aktında göstərilən torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla 2.25 ha təşkil edir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı oiub kənd təsərrüfatına yararlı torpaq sahələridir (çoxillik əkmə kimi istifadə olunur). Lakin faktiki olaraq həmin Dövlət aktının 227 A planşetində göstərilən torpaq sahəsinin 0.36 ha hissəsi daşlıq və kolluqdur. Dövlət Aktında 227 (1.05 ha) və 227B (0.20 ha) planşetlərində göstərilən torpaq sahələri yeni elektron uçot xəritəsinə əsasən naturada (yerində) istifadə olunur. X6 227A (1.0ha) planşetində göstərilən torpaq sahəsinin faktiki istifadə vəziyyəti yeni elektron uçot xəritəsinə uyğun deyil və bir hissəsi digər vətəndaşa məxsus torpaq sahəsi ilə üst-üstə düşür.” Məhkəmə üst-üstə düşmə halının araşdırılması məqsədilə cavabdeh orqana təkrar sorğu ünvanlamış, məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: JN-227 KOD 30311048 saylı 30 dekabr 1998-ci il tarixli Dövlət aktında göstərilən torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla 2.25 ha təşkil edir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olub kənd təsərrüfatına yararlı torpaq sahələridir (çoxillik əkmə kimi istifadə olunur). Lakin faktiki olaraq həmin Dövlət aktının 227 A planşetində göstərilən torpaq sahəsinin 0.36 ha hissəsi daşlıq və kolluqdur. Dövlət Aktında 227 (1.05 ha) və 227B (0.20 ha) planşetlərində göstərilən torpaq sahələri yeni elektron uçot xəritəsinə əsasən naturada (yerində) istifadə olunur və həmin torpaq sahələrində digər vətəndaşlara məxsus torpaq sahələri ilə üst-üstə düşmə yoxdur. X6 227 A (1.0 ha) planşetində göstərilən torpaq sahəsinin faktiki istifadə vəziyyəti yeni elektron uçot xəritəsinə uyğun deyil və bir hissəsi 186 A nömrəli dövlət aktına əsasən 0.99 ha torpaq sahəsi ilə üst-üstə düşür. JN 186A nömrəli dövlət aktı DBF siyahısına əsasən X3 və ailə üzvlərinin mülkiyyətindədir. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsi ilə digər torpaq sahəsinin hansı ölçüdə üst-üstə düşdüyünün aydınlaşdırılması məqsədilə cavabdeh orqana müvafiq sorğu ünvanlamışdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: JN-227 KOD 30311048 saylı 30 dekabr 1998-ci il tarixli Dövlət aktında göstərilən torpaq sahəsi 3 (üç) hissədən ibarət olmaqla 2.25 ha təşkil edir. Həmin torpaq sahələri kənd təsərrüfatı təyinatlı olub kənd təsərrüfatına yararlı torpaq sahələridir (çoxillik əkmə kimi istifadə olunur). Lakin İddiaçı tərərfindən faktiki istifadə olunan və mübahisə predmeti olan 1.0 ha torpaq sahəsinin 0.3050 ha hissəsi baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) JN-186 KOD 30311048 saylı Dövlət Aktına əsasən X2 məxsus 0.99 ha torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə həmçinin qeyd edir ki, araşdırma zamanı məlum olmuşdur ki, JN-227 KOD 30311048 saylı dövlət aktında qeyd edilən 2.25 ha torpaq sahəsinin 1.25 ha hissəsinə dair iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarış tərtib edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. İnzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1- 24.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, JN- 227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız 1 ha hissəsinin digər şəxslə üst-üstə düşən 0.3050 ha hissəsi çıxılmaqla qalan hissə üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia qismən təmin edilsin. JN-227 Kod 30311048 saylı “Torpağa Mülkiyyətə hüququna dair dövlət aktı”na əsasən iddiaçıya məxsus 2.25 ha torpaq sahəsindən mübahisəli olan yalnız, 1 ha hissəsinin digər şəxslə üst-üstə düşən 0.3050 ha hissəsi çıxılmaqla, qalan hissə üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar