Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-410/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı, X1, X4, X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən, JN-085F KOD 30106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətlərində olan 0.40 hektar torpaq sahəsinin iddiaçıların adına təkrarən dövlət qeydiyyatına alınması, çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən, JN-085F KOD 30106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətlərində olan 0.40 hektar torpaq sahəsinin iddiaçıların adına təkrarən dövlət qeydiyyatına alınması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra X2, X9 və X10 məhkəməyə ərizə ünvanlayaraq, birgə iddiaçılar qismində məhkəmə iclasına cəlb edilərək, “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən, JN-085F KOD 30106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətlərində olan 0.40 hektar torpaq sahəsinin iddiaçıların adına təkrarən dövlət qeydiyyatına alınması, çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Torpaq islahatı keçiriləndə Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə Qusar rayonunun Balaqusar kəndi ərazisində 0,40 hektar torpaq sahəsi verilmişdir. Daha sonra həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını müəyyən edən 10 mart 2005-ci il tarixli JN - 085F kod 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə verilmişdir. 27 aprel 2022-ci il tarixində cavbdeh — Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək torpaq sahəmizin təkrarən dövlət qeydiyyatıda alınaraq onlara torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını müəyyən edən çıxarışın verilməsini xahiş etmişdirlər. Cavabdeh tərəfindən ərizəsinə xx.xx.2022-cİ il tarixli № **********22 olan məktubla cavab verilmiş və 0.40 hektar torpaq sahəsinin təkrarən adlarına dövlət qeydiyyatına alınaraq çıxarış verilməsindən imtina edilmişdir. Ərizələrinə verilmiş cavabda göstərilir: “Məlumat üçün bildiririk ki, qeyd olunan 085F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında 0.20 ha kimi qeydə alınmış, eyni zamanda Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də 0.20 ha kimi öz əksini tapmışdır. Nəzərinizə çatdırırıq ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasəp hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır”. Cavabdehə 10 mart 2005-ci il tarixli JN - 085F kod 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni təqdim etmişdirlər. Sənəddə göstərildiyi kimi mülkiyyətlərində 0.40 hektar torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. Mülkiyyətilərinə 0.40 hektar torpaq sahəsi verildiyi halda Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin sənədlərində torpaq sahəsinin 0.20 ha olması barədə qeydin nəyə əsasən yazıldığını bilmirlər. Hesab edir ki, həmin səhv yalnız Qusar rayon torpaq şöbəsinin kitablarında qeydiyyat aparan şəxsin səhvinin nəticəsi ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.1-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların, o cümlədən mülkiyyət hüququnun, əmələ gəlməsinin əsaslarından biri də qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş aktlardır. Mülkiyyətlərində 0.40 hektar torpaq sahəsi, Azərbaycan Respublikasında torpaq islahatı keçiriləndə, torpaq islahatının keçirilməsi hüququ verilmiş orqanın - Qusar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmişdir. 0,40 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına dair verilmiş JN - 085F kod 30106018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə isə Aqrar İslahat Komissiyasının həmin qərarına əsasən verilmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən 0.40 hektar torpaq sahəsinin onlarına adlarına qeydiyyata alınmaması əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Əhmədov X8 rayonu, Balaqusar kəndində yerləşən JN-085F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" də qeyd olunan 0.40 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə 11 05.2022-ci il tarixli, **********22 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Ərizənizə əlavə olunmuş JN-085F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN-085F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında 0.20 ha kimi qeydə alınmış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də 0.20 ha kimi öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddia ərizəsində göstərilən JN-085F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin elektron məlumat bazasında olan xəritədə əks olunan 0.20 ha ölçüdən əlavə olaraq tələb olunan 0.20 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN-085F, KOD 30106018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Qusar rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarı ilə 0.40 ha torpaq sahəsi İddiaçı, X1, X4 və X5 mülkiyyətinə verilmişdir. - Məhkəməyə sorğu əsasında Qusar rayon Dövlət Arxivindən daxil olmuş Qusar rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarı ilə bağlı adlı siyahıdan görünür ki, İddiaçı, X6, X1, X4 və X5 mülkiyyətinə 0.20 ha torpaq sahəsinin ayrılması nəzərdə tutulmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçılar JN-085F, KOD 30106018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında ona ayrılmış Qusar rayonu, Balaqusar kəndində yerləşən 0.40 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmə araşdırması zamanı iddiaçılar İddiaçı, X1, X4 və X7 JN-085F, KOD 30106018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş Qusar rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarına əlavə edilmiş adlı siyahısına əsasən 0.20 hektar torpaq sahəsinin ayrılması müəyyən edilmişdir. İddiaçılar cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Göründüyü kimi iddiaçılar Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən 0.40 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının əsası kimi JN-085F, KOD 30106018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”ni göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı JN-085F, KOD 30106018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş Qusar rayonu Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli, 10/12 saylı qərarı ilə onlara 0.20 hektar torpaq sahəsinin ayrıldığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı, X1, X4, X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən, JN-085F KOD 30106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətlərində olan 0.40 hektar torpaq sahəsinin iddiaçıların adına təkrarən dövlət qeydiyyatına alınması, çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçılar İddiaçı, X1, X4, X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 10/12 saylı qərarı ilə iddiaçıların mülkiyyətinə verilmiş, Qusar rayonunun Balaqusar kəndi ərazisində yerləşən, JN-085F KOD 30106018 olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən mülkiyyətlərində olan 0.40 hektar torpaq sahəsinin iddiaçıların adına təkrarən dövlət qeydiyyatına alınması, çıxarışın və plan ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva