Məhkəmə qərarları › İş №2-1(118)-411/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-411/2022

11.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-411/2022 11.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı “Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin 27.02.2020-ci il tarixli, 03 saylı protokolun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xaçmaz rayon Həsənqala bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xaçmaz rayon, Həsənqala bələdiyyəsi tərəfindən icarə müqaviləsinin 2.9-cu bəndinə dəyişiklik edilməsi barədə 27.02.2020-ci il tarixli, 03 saylı protokolun və qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddia tələbi dəqiqləşdirilərək Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin 27.02.2020-ci il tarixli, 03 saylı protokolun və qərarının İddiaçı aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Asan xidmət mərkəzində bağlanmış 27.06.2018-ci il tarixli torpaq sahəsinin müvəqqəti istifadə hüququnun alqısaqtı müqaviləsinə əsasən X6 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 14.06.2018-ci il tarixli, 02/4290 saylı arayış və X4 Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 03.09.2004-cü il tarixli, JN 5452, KOD 30213078 saylı qeydiyyat nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 2.50 ha torpaq sahəsi üzrə 03.09.2103-cü ilədək olan müvəqqəti istifadə hüququnu ona 15000 manata satmışdır. Yuxarıda qeyd edilən müqavildən əlavə yenədə Bakı şəhəri 6 saylı notariat kontorunda bağlanmış 27.06.2018-ci il tarixli torpaq sahəsinin müvəqqəti istifadə hüququnun alqı-saqtı müqaviləsinə əsasən X2 Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 14.06.2018-ci il tarixli, 02/4291 saylı arayış və X5 Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş 03.09.2004-cü il tarixli, JN 5194, KOD 30213078 saylı qeydiyyat nömrəli torpağın müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən müvəqqəti istifadəsində olan Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 10.0 ha torpaq sahəsi üzrə 03.09.2103-cü ilədək olan müvəqqəti istifadə hüququnu ona 15000 manata satmışdır. Daha sonra müqavilələr üzrə müvəqqəti istifadə hüququnu satın aldığı Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 12.50 ha torpaq sahəsi üzərində Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 07.08.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən icarə hüququ qeydiyyata alınmışdır. Qeyd edilən 12.50 torpaq sahəsinin əvvəlki icrarədarları ilə Xaçmaz rayonu, Həsənqala kənd bələdiyyəsi arasında bağlanmış icra müqaviləsinin 2.9-cu bəndinə əsasən torpaq sahəsinin icarə haqqı 1.0 ha 20 manat müəyyən edilmiş və qeyd edilən şəkildə ödənilmişdir. O da icarədarı olduğu torpaq sahəsindən istifadə üçün yuxarıda qeyd edilən müqavilənin 2.9-cu bəndinə uyğun olaraq icarə haqqı ödəmişdir. Lakin, Cavabdeh tərəfindən ona ünvanlanmış 22.06.2021-ci il tarixli 18 saylı bildirişdə qeyd edilmişdir ki, 2002-2004-cü illərdə bağlanmış müqavilələrdə heç bir dəyişiklik edilməmişdir. Lakin müəyyən qədər inflyasiya olmuşdur. Bununla əlaqədar olaraq icarə haqqları müəyyən miqadarda qaldırılmalıdır. Bələdiyyə üzvlərinin ümumi yığıncağı ilə uzunmüddətli icarə haqları üzrə 1.0 ha torpaq sahəsi üçün 100 manat icarə haqqı təyin edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.0.3cü maddəsinə əsasən torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi bələdiyyə torpaqlarının idarə edilməsi prisipidir. Həmin Qanunun 4.0.4-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətidir. Həmin Qanunun 19.6-cı maddəsinə əsasən hərraca çıxarılan bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda və kənd təsərrüfatına azyararlı və yararsız torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün icarəyə verildikdə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilir. Həmin Qanunun 11.9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlara təklif tələbi üstələdiyi hallarda dövlət mülkiyyətində olan torpaq üçün icarə haqqı, hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə torpağın icarə haqqının ilkin qiyməti (qiyməti) güzəştli müəyyən edilə bilər- İcarə haqqı tərəflərin razılığı ilə pul, natura və ya qarışıq formalarda müəyyən edilə bilər. Həmin Qanunun 11-ci maddəsinə əsasən torpaq icarə müqaviləsində icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası nəzərdə tutulur. İcarəsində olan topraq sahəsinin icarə haqlarının cavabdeh Xaçmaz rayonu Həsənqala kənd bələdiyyəsi tərəfindən bir tərəfli qaydada artırılması yuxarıda sadalanan qanunvericiliyin tələblərinə zidd hesab edilməlidir. Cavabdeh Xaçmaz rayonu Həsənqala kənd bələdiyyəsi tərəfidən icarə haqqının artırılması müəyyən qədər inflyasiyanın olması ilə əlaqələndirməsi tam əsassızdır. Belə ki, icarədə olan torpaq sahəsinin icarə haqqı qarşılıqlı razılaşma əsasında hazırkı qiymətlərə uyğunlaşdırılmaqla razılaşdırılmalı, razılaşma olmadıqda isə müvafiq məhkəmələrdə iddia qaldırılmalı olduğu halda cavabdeh orqan qanunvericiliyin aşağıda qeyd edilən tələblərinə əməl etmədən bir təfəfli qaydada icarə haqqını müqavilədə qeyd edilən haqqdan (20 manat) beş dəfə artırmaqla (100 manat) etməsi vəzifə səlahiyyətlərini aşmaqla iddiaçı tərəfin hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən torpaq sahələri barəsində əqdlər bağlandıqda torpaqların qiyməti bazar qiyməti ilə, lakin torpağın normativ qiymətindən az olmayaraq müəyyən edilir. Məhkəmə iclasında İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, iddiaçı məhkəmədən xahiş edir ki, Xaçmaz rayon Həsənqala bələdiyyəsi tərəfindən icarə müqaviləsinin 2.9-cu bəndində dəyişiklik edilmə barədə 27.02.2020-ci il tarixli, 03 saylı protokolu və qərarının ləğv edilməsi barədə qərar qəbul edilsin. İddiaçının iddia ərizəsində göstərilən 2.50 ha və 10.0 ha torpaq sahələrinə dair Həsənqala bələdiyyəsi ilə həmin torpaq sahələrinin əvvəlki icarəçiləri olan X6 və X2 ilə müvafiq olaraq 07.07.2004-cü il tarixli, 72 nömrəli və 03.04.2004-cü il tarixli, 51 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr bağlanmışdır. Həmin müqavilələrdə müqavilənin qüvvədə olduğu müddət 99 il göstərilmişdir. İddia ərizəsində göstərilir ki, iddiaçı Asan Xidmət və notariat kontorlarında bağlanmış alqı-satqı müqavilələrinə əsasən göstərilən torpaq sahələrinin İcarəçi olmuş şəxslərdən torpaqdan müvəqqəti istifadə hüququnu satın almışdır. Xaçmaz rayon Həsənqala bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 03 saylı iclas protokoluna əsasən qərara alınmışdır ki, bələdiyyənin mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsinə görə icarə haqları hər hektar torpaq sahəsinə görə 100 (bir yüz) manat müəyyən edilsin və bu barədə icarəçilərə müvafiq qaydada məlumat verilsin. Bələdiyyənin bu addımının atılmasına səbəblər ondan ibarət olmuşdur ki, hazırki dövrdə bir hektar torpaq sahəsinin icarə haqqının 20 manat olması özünü doğrultmur, həmçinin bələdiyyənin DSMF qarşısında 10500 manat, bələdiyyə işçilərinə isə 19000 manat əmək haqqı borcu var idi. Həmin borcların qarşılanması və icarə haqqının iqtisadi vəziyyətə uyğunlaşdırmaq üçün bələdiyyənin qərarı ilə icarə haqqının məbləği artırılaraq 100 manat müəyyən edilməklə bütün icarəçilərə, o cümlədən idddiaçıya rəsmi məlumat verilmişdir. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi özünün 09.06.2020-ci il tarixli 09/9-1 13 saylı məktubu ilə Xaçmaz rayon Həsənqala bələdiyəsinin nəzərinə çatdırmışdır ki, bələdiyyənin icarədə olan torpaq sahələrinin icarə haqqlarının real bazar qiyymətindən xeyli aşağı olması müəyyən edilmiş, ötən dövr ərzində torpaq bazarında icarə haqqlarında əsaslı artımların baş verməsinə baxmayaraq, Həsənqala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən icarəyə verilmiş torpaq sahələrinin icarə haqqları bazar qiymətinə uyğunlaşdırılmamışdır. Həmin məktubla Həsənqala bələdiyyəsinin yuxarıda göstərilən bələdiyyə qərarı ilə torpaq sahəsinin icarə haqqının qaldırılmasında haqlı olması bir daha öz təsdiqini tapır. Bundan da əlavə, iddiaçının “müvəqqəti istifadə hüququ” əldə etdiyi torpaq sahələrinə dair əvvəlki icarəçiləri ilə bağlanmış icarə müqavilələrinin 2.7- 2.9-cu bəndlərində qeyd olunur ki, icarə haqqının miqdarı ildə bir dəfə və ya tərəflərinin birinin tələbi ilə normativ qiymətlərin dəyişməsi və ya qanunvericilik aktlarında göstərilən hallarda vaxtından əvvəl dəyişdirilə bilər. İndeksləşmə və inflyasiya ilə əlaqədar müəyyən olunmuş icarə haqqının miqdarı yenidən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 710.1-ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Xaçmaz rayon Həsənqala bələdiyyəsinin torpaq sahəsinin icarə haqlarının 1 ha torpaq sahəsinə görə 100 manat müəyyən edilməsinə dair 27.02.2020 -ci il tarixli 03 saylı iclas qərarı qanuni və əsaslıdır. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, Xaçmaz rayonu, Həsənqala kəndində yerləşən 12,5 ha torpaq sahəsi üzərində İddiaçı icarə hüququ qeydiyyata alınmışdır. - Xaçmaz rayon Həsənqala bələdiyyəsinin 27 fevral 2020-ci il tarixli 03 saylı iclas prtokolundan çıxarışdan görünür ki, uzunmüddətli icarə haqlarının qaldırılması və 1 ha torpaq sahəsinə görə 100 manat icarə haqqı təyin olunması qərara alınmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Torpaq icarəsi haqqında Qanununun 4-cü maddəsinə görə Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən bələdiyyələr icarə münasibətlərində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə bələdiyyələrə verilən səlahiyyətlər daxilində iştirak edirlər. Həmin Qanunun 11-ci maddəsinə əsasən icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulmalıdır: icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların hüquq və vəzifələri; torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar; icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları; torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri; müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı qaydası ; müqavilənin şərtlərinin pozulması ilə bağlı tərəflərin məsuliyyəti və mübahisəli məsələlərin həlli qaydası. Torpaq icarəsi müqaviləsində torpağın subicarəyə verilməsi, satın alınması, torpaq və mülki qanunvericiliklə müəyyən edilmiş digər şərtlər də nəzərdə tutula bilər. Həmin Qanunun 14-cü maddəsinə əsasən torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyəverənə ödədiyi vəsaitdir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi və hərraca (müsabiqəyə) çıxarılan dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normativ qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi torpaq sahəsinin icarəyə verilməsinin xususiyyətləri Torpaq icarəsi haqqında Qanunla tənzimlənir. Həmin Qanuna görə bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti (qiyməti) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Lakin həmin qanunla müəyyən olunmuşdur ki, torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamının Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə 23 dekabr 2000-ci il tarixli, 226 nömrəli qərarı ilə dövlət mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarında müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ilkin qiyməti və eyni zamanda aşağı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilsə də, tərəflər arasında müəyyənləşdirilmiş icarə haqqı ilə bağlı sonrakı dəyişikliklər qanunvericiliyin və ya tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq edilir. Ümumiyyətlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsində ümumi olaraq təsbit edilmişdir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə qeyd edir ki, bu halda ayrı-ayrı müqavilə növləri üzrə xüsusi qaydanın tənzimləndiyi hallar istisna təşkil edir. Hazırda tərəflər arasında bağlanmış icarə müqaviləsini tənzimləyən qanunlarda, eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icarə müqaviləsinin (icarə müqaviləsi ilə müəyyən edilmiş icarə haqqının) birtərəfli qaydada dəyişdirilməsini mümkün edən hər hansı bir müddəa öz əksini tapmamışdır. Lakin hazırki işdə bələdiyyə tərəfindən müqavilə ilə müəyyən edilmiş icarə haqqı onun özünün qəbul etdiyi mübahisələndirilən qərarla digər tərəfin, yəni iddiaçının iradəsi olmadan dəyişdirilmişdir ki, bu da yuxarıda qeyd olunan qanunların tələblərinə zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin 27.02.2020-ci il tarixli, 03 saylı qərarı İddiaçı aid hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon, Həsənqala bələdiyyəsinin 27.02.2020-ci il tarixli, 03 saylı qərarı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar