Məhkəmə qərarları › İş №2-1(118)-4112/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4112/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4112/2025 23.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Mərkəzi hərbihəkim komissiyasının 1 dekabr 2016-cı il tarixli, 519 nömrəli “Xəstəlik şəhadətnaməsi”ndən görünür ki, “Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan L5 fəqərə cisminin sakrolizasiyası və bitişmiş sınığı. L3-L4, L4-L5 fəqərələrarası disklərin sinir kökcüyünün kompressiya edən protruziyası” diaqnozu “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” səbəb əlaqəsi ilə müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 5 iyun 2017-ci il tarixdə qiymətləndirilmiş, “Bel fəqərəsinin sınığı, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan 1.5 fəqərələrin sakralızasıyası və bitişmiş sınığı. Davamlı qalıq əlamətləri, onurğanın bel-oma şöbəsinin sinir kökünün travması. 1.3-1.4-1.5 fəqərələrarası disklərin sinir kökcüyünü kompresiya edən postravmatik protuziyaları. Qaşıq yırtığı. Sağ tərəfli qaşıq-xaya yırtığı” diaqnozu, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə 5 iyun 2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 13 noyabr 2023-cü il tarixdə qiymətləndirilmiş, nəticədə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 2 oktyabr 2024-cü il tarixdə qiymətləndirilmiş, “Bel və oma fəqərəarası disklərin mielopatiyası ilə zədələnməsi. Dayaq, hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə L5 fəqərəsinin sakralizasiyası və bitişmiş sınığı, sinir kökü kompressiyası ilə davamlı kökcük ağrı sindromu ilə L3-L4-L5 fəqərəarası disklərin posttravmatik protruziyaları. Bel fəqərəsinin sınığı, L5-S1 fəqərəsinin soltərəfli sakralizasiyası, qəlpəli sınığından sonrakı vəziyyət. Onurğanın bel-oma şöbəsinin sinir kökünün travması hər iki aşağı ətrafın paraparezi (daha çox solda), aşağı ətraflarda hər iki funksiyaların pozulması. Sol aşağı ətrafın dərin süst monoparezi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın əzələ hipotrofıyası. Sidik ifrazının ləngiməsi Çanaq funksiyasının pozulması. Spondiloliz. Nevrasteniya. Asteno-nevrotik vəziyyət. Davamlı kökcük ağrıları. Yeriş və hərəkət pozğunluğu. Yerişi stepaj tipli” diaqnozun əlillik əlamətin təyin etməməsi barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsin İddiaçı dair 10495 nömrəli “Məsləhət vərəqi”.

6. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin 30 dekabr 2021-ci il, 8 iyun 2024-cü il, 11 oktyabr 2024-cü il, 17 oktyabr 2024-cü il tarixli İddiaçı dair “Epikriz”lər.

7. "xxxx" MMC “General Hospital” Tibb Mərkəzinin İddiaçı dair 24 may 2022-ci il tarixli “EMG Examination”, 13 iyul 2022-ci il tarixli “Lumbar spinal MR müayinəsi”.

8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb İdarəsi tərəfindən İddiaçı dair tərtib edilmiş “Forma 88”.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 26 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-520/2024 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

10. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, 2-ci qrup əlilliyinin bitdiyi tarixdən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 5 iyun 2017-ci il tarixdən 5 illik müddətə ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. (Diaqnoz: Bel fəqərəsinin sınığı, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan 1.5 fəqərələrin sakralizasiyası və bitişmiş sınığı. Davamlı qalıq əlamətləri, onurğanın bel-oma şöbəsinin sinir kökünün travması. 1.3-1.4-1.5 fəqərələrarası disklərin sinir kökcüyünü kompresiya edən postravmatik protuziyaları. Qaşıq yırtığı. Sağ tərəfli qaşıq-xaya yırtığı). Əlillik müddəti 5 iyun 2022-ci il tarixdə başa çatmışdır. TSEK tərəfindən 2 oktyabr 2024-cü il tarixdə qəbul edilmiş qərarla iddiaçının əlilliyinin uzadılmasından (təyin edilməsindən) imtina edilmişdir. İmtinanı əsassız və qanunsuz sayır.

12. İddia tələbinin maddi hüquqi əsası kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli, 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad olunmuşdur.

13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin 2 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 23 sentyabr 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. Məhkəmənin 13 mart 2025-ci il tarixli, 2-1(118)-4112/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Birliyi publik hüquqi şəxsinə həvalə edilmişdir.

16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

17. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Etiraz onunla əsaslandırılmışdır ki, 1 yanvar 1982-ci il təvəllüdlü iddiaçının əlillik vəziyyəti 12 sentyabr 2022-ci il tarixli, V00014597LXT nömrəli göndəriş əsasında cavabdeh orqanda əyani müayinə zamanı qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün cavabdeh orqana göndərilmişdir. İddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 1 dekabr 2016-cı il tarixli, 519 nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan L5 fəqərə cisminin sakrolizasiyası və bitişmiş sınığı. L3-L4, L4-L5 fəqərələrarası disklərin sinir kökcüyünün kompressiya edən protruziyası” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. General Hospitalın 24 may 2022-ci il tarixli EMG müayinəsinin nəticəsi “Müayinə nəticəsində əldə olunan elektrofizioloji göstəricilər sol ayaqda kəskin və xroniki dövr aksonal degenerasiyalı əsasən L4-L5 və qismən L5-S1 radikulopatiya lehinə dəyərləndirilir. Sol aşağı ətrafın parezi” kimi qeyd olunmuş, hiperdiaqnostikaya yol verilmiş, klinik əlamətlərlə uyğunsuzluq təşkil etmişdir. Avrasiya Hospitalın 27 may 2023-cü il tarixli onurğa sütununun bel-oma nahiyyəsində MR müayinəsinin nəticəsi “L5-S1 disk məsafəsi daralıbdır. Digər disk məsafələri normal genişlikdədir. L2-3 diskdə hər iki nevral forameni inferiordan və dural kisəni sıxan 3 mm ölçüdə arxa mərkəzi protruziya izlənilir. L4-5 diskdə hər iki nevral forameni inferiordan və dural kisəni sıxan 4 mm ölçüdə arxa mərkəzi yırtıq izlənilir. L5-S1 diskdə sol nevral forameni, sağ L5 sinir kökcüyünü və dural kisəni sıxan 7 mm ölçüdə sağ lateral yırtıq izlənilir. Spinal kord və korda aid hissələrdə patoloji dəyişiklik izlənilmir. Müayinə sahəsinə spinal kanalın diametri norma daxilindədir” kimi qeyd olunmuşdur. Respublika Neyrocərrahiyyə Xəstəxanasının 2 iyun 2023-cü il – 2 iyun 2023-cü il tarixli çıxarışında diaqnoz “Bel fəqərələrinin degenerativ dəyişikliyi. L2-L3 fəqərəarası diskin protruziyası. L4-L5, L5-S1 fəqərəarası diskin yırtıqları. Çanaq və yeriş funksiyasının pozulması. Sol pəncənin 0parezi. L5 fəqərəsinin kompression sınığı” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Qeyd edilməlidir ki, iddiaçı 17 oktyabr 2022-ci il tarixdə cavabdeh orqanda əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı simulyasiya edərək, iki tərəfli dayaq vasitəsilə çətinliklə yeriyərək içəri daxil olmuş, aşağı ətraflardakı ağrılardan, kiçik çanaq orqanlarının funksiyalarının pozulmasından şikayətlənmiş, aşağı ətraflarda refleklər çağrılmış, D=S, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal müəyyən edilmiş, əzələ atrofiyası və parez əlamətləri izlənilməmişdir” kimi qeyd olunmuş, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına qoltuqaltı ağaclar ilə daxil olmuşdur. Anamnezində yüksəklikdən yıxılaraq travma aldığını, bel nahiyəsində sınıq olduğunu bildirmiş, sinir ağrılarından, aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmişdir. Nevroloji müayinə zamanı reflekslər canlı və bərabər alınmış, D=S, əzələ gücü və tonusu normal olmuş, atrofiya, parez aşkar edilməmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

27. Məhkəmənin 6 mart 2025-ci il tarixli, 2-1(118)-4112/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə iddianın verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.3. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 3.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. 3.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.3. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.

Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/44232 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 2-ci hissəsinə əsasən:

2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”

35. İddia tələbinin əsaslarına görə, iddiaçıya 5 iyun 2017-ci il tarixdən 5 illik müddətə “Bel fəqərəsinin sınığı, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan 1.5 fəqərələrin sakralizasiyası və bitişmiş sınığı. Davamlı qalıq əlamətləri, onurğanın bel-oma şöbəsinin sinir kökünün travması. 1.3-1.4-1.5 fəqərələrarası disklərin sinir kökcüyünü kompresiya edən postravmatik protuziyaları. Qaşıq yırtığı. Sağ tərəfli qaşıq-xaya yırtığı” diaqnozu əsasında ikinci dərəcəli əlilliyin təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən həmin xəstəliyin mövcud olduğuna baxmayaraq əlilliyin yenidən təyin edilməsindən imtina verilmişdir.

36. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına qoltuqaltı ağaclar ilə daxil olmuş, anamnezində yüksəklikdən yıxılaraq travma aldığını, bel nahiyəsində sınıq olduğunu bildirmiş, sinir ağrılarından, aşağı ətraflarında hərəki məhdudluqdan şikayətlənmişdir. Nevroloji müayinə zamanı reflekslər canlı və bərabər alınmış, D=S, əzələ gücü və tonusu normal olmuş, atrofiya, parez aşkar edilməmiş, əlillik təyinatına əsas verməmişdir.

37. İş materiallarına əlavə edilmiş, həmçinin məhkəmə araşdırması zamanı sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti Hərbi Tibb Mərkəzi hərbi-həkim komissiyasının 1 dekabr 2016-cı il tarixli, 519 nömrəli “Xəstəlik şəhadətnaməsi”nə əsasən iddiaçıda “Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan L5 fəqərə cisminin sakrolizasiyası və bitişmiş sınığı. L3-L4, L4-L5 fəqərələrarası disklərin sinir kökcüyünün kompressiya edən protruziyası” diaqnozu “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” səbəb-əlaqəsi ilə müəyyən edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə iddiaçıya 5 iyun 2017-ci il tarixdən 5 iyun 2022-ci il tarixədək “Bel fəqərəsinin sınığı, Dayaq-hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə müşayiət olunan 1.5 fəqərələrin sakralızasıyası və bitişmiş sınığı. Davamlı qalıq əlamətləri, onurğanın bel-oma şöbəsinin sinir kökünün travması. 1.3-1.4-1.5 fəqərələrarası disklərin sinir kökcüyünü kompresiya edən postravmatik protuziyaları. Qaşıq yırtığı. Sağ tərəfli qaşıq-xaya yırtığı” diaqnozu, “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə” səbəb-əlaqəsi ilə ikinci dərəcəli əlillik təyin edilmiş, 13 noyabr 2023-cü il və 2 oktyabr 2024-cü il tarixli qiymətləndirmələrə əsasən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyin” publik hüquqi şəxsinin 29 aprel 2025-ci il tarixli, 267 rəyinin nəticə hissəsindən görünür ki, iddiaçı kifayət qədər tibb müəssisəsində müayinə və müalicə olunduğundan onun digər mütəxəssislərə göndərilməsinə ehtiyac duyulmamış, onun iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbisosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Abşeron rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsində tərtib edilmiş 27 sentyabr 2024-cü il tarixli, D00223868KLM saylı Forma 088 göndərişində qeyd edilmiş “Əsas diaqnoz: M51.0 – bel və digər şöbələrin fəqərəarası disklərinin mielopatiya ilə zədələnməsi (G99.2), bel və oma fəqərəarası disklərin mielopatiya ilə zədələnməsi, dayaq, hərəkət və hissi funksiyaların ifadəli dərəcədə pozulması ilə, L5 fəqərəsinin sakralizasiyası və bitişmiş sınığı, sinir kökü kompressiyası ilə davamlı kökcük ağrı sindromu ilə, L3-L4-L5 fəqərəarası disklərin postravmatik protruziyaları, sinir kökü kompressiya edən kökcük ağrı sindromu, sol aşağı ətrafın dərin süst monoparezi. Ağırlaşmalar: G83.1 – aşağı ətrafların monoplegiyası, sol aşağı ətrafın dərin süst monoparezi, əzələ gücü proksimalda 1,0 bal, diatalda 1,0 bal, sol pəncənin iflici, onurğa beyninin digər dəqiqləşdirilmiş xəstəlikləri, onurğa beyin kiçik çanaq üzvləri funksiyasının pozulması, M62.5 - əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sol aşağı ətrafın əzələ hipotrofiyası, R33 – sidik ifrazının ləngiməsi, çanaq funksiyasının pozulması, M43.0 – spondiloliz, bel spondiloliz, M51.1 – bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radikulopatiya, G55.0 – yenitörəmələrdə sinir köklərinin və kələflərinin sızılması, davamlı kökcük ağrıları ilə, M48.5 – onurğanın başqa rubrikalarda təsnif olunmayan dağılması, keçirilmiş L5 fəqərəsinin kompression sınığı, R26 – hərəkətin və yerişin pozulmaları, yeriş və hərəkət pozğunluğu, yerişi stepaj tipli, S32.0 – bel fəqərəsinin sınığı, L5-S1 fəqərəsinin soltərəfli sakralizasiyası, sakralizasiya nahiyəsində qəlpəli sınığından sonrakı vəziyyəti, onurğanın bel-oma şöbəsinin sinir kökünün travması, hər iki aşağı ətrafın paraparezi (daha çox solda) aşağı ətraflarda hərəki funksiyaların pozulması. Yanaşı xəstəliklər: F48.0 – nevrasteniya, astenonevrotik vəziyyət” diaqnoz ona stasionarda anamnestik, klinik, laborator, funksional diaqnostik müayinələrin əsasında müəyyən edilmişdir. Diaqnozda olan əsas xəstəlik xroniki olduğundan ağırlaşaraq digər xəstəliklərin əmələ gəlməsinə səbəb olduğundan onun hazırda da həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək də olmaz.

39. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.

40. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

41. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.

42. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 2 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilməklə, həmin tarixdən “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” səbəb-əlaqəsi ilə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar