Məhkəmə qərarları › İş №2-1(118)-4114/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4114/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4114/2025 09.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X4 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-256122/2024 saylı imtina qərarının ləğv edilməsi, onun yaşa görə əmək pensiyasının düzgün hesablanmaqla məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşa görə əmək pensiyasının çox aşağı məbləğdə hesablanmasından narazıdır və onun düzgün hesablanaraq artırılması tələbi ilə məhkəməyə müraciət edir. Əmək kitabçalarından görünür ki, o xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış və xx.xx.2005-ci il tarix inədək əmək fəaliyyəti olmuşdur. Bundan əlavə, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixinədok təhsil almış və eyni zamanda xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. Bütün bunlar nəzərə alınmaqla onun xx.xx.2006-cı il tarixinədək 29 il 7 ay 3 gün sığorta stajı vardır. Əmək pensiyasının yenidən hesablanaraq, artırılması üçün cavabdehə müraciət etsə də onun müraciətindən 19 oktyabr 2024-cii il tarixli, 3-1-7-1/2-0-256122/2024 saylı məktubla imtina edilmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir.Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş müraciətinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən ona xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş, hazırda ödənişi 337,77 manat məbləğində olmaqla davam etdirilir.Pensiya işində olan sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən 21,09.1988-ci il tarixinədək, xx.xx.1988-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1995-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 29 il 7 ay 3 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanmış və onun pensiyansının məbləğində (337,77 manat) dəyişiklik olmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X1 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 19 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-256122/2024 nömrəli məktubun surəti, cavabdehin etiraz ərizəsi, əmək kitabçasının surəti, iddiaçının pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun pensiya yaşının tamam oolduğu vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin 19 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-256122/2024 nömrəli məktubunu qəbul etdikdən sonra məhkəməyə vaxtında müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işindən müəyyən olunur ki, cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ona xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və hər il qanunun tələbləri nəzərə alınaraq onun pensiya məbləği indeksləşdirilmişdir. xx.xx.2025-ci il tarixdən ona 365,13 manat yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu illər, həmçinin xx.xx.1971-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək ümumi 29 il 7 ay 3 gün sığorta stajı əsasında əmək pensiyası yenidən hesablanmış və onun pensiyasının məbləği qeyd edilən məbləğdə avtomatik olaraq indeksləşdirilmişdir. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya münasibətdə qanunvericiliyin tələbləri düzgün tətbiq edilmişdir. Belə olan halda cavabdehin üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh tərəfindən verilmiş 19 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-Ə-256122/2024 saylı imtina qərarının ləğv edilməsi, onun yaşa görə əmək pensiyasının düzgün hesablanmaqla məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar