Məhkəmə qərarları › İş №2-1(118)-412/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-412/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-412/2022 31.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi İddiaçı (işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, X3 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X2 (ƏMDX-nin yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirlməsi barədə ərizə verərək Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı ilə ayrılmış Abşeron rayonu Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Kəlbəcər rayonu, Qılıclı kəndindən olan məcburi köçkün kimi Abşeron rayonu, Xırdalan şəhəri, X1 ailəliklə məskunlaşmışdır. 2-ci qrup Qarabağ müharibəsi əlilidir. Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı ilə mənə fərdi yaşayış evi tikmək üçün Abşeron rayonu, Qobustan kəndi ərazisində 0,2001 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi onun qanuni istifadəsindədir, onun 0.06 ha hissəsi qonşusu tərəfindən zəbt edilmişdir. Həmin torpaq sahəsinin ayrılmasını Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 saylı qərarı, X7 Kitabında xx.xx.2008-ci il tarixində 5606 saylı nömrə ilə uçota alınması barədə A № 028611 saylı qeydi təsdiq edir. Torpaq sahəsinin plan və ölçüsü Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi təsdiq edir. O, həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Qobustan kəndində yerləşən 0,2001 ha torpaq sahəsinin iddiaçıya Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə ayrıldığı müəyyən edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanı ilə respublika üzrə aqrar-islahat komissiyaları ləğv edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsi barəsində mübahisə olduğu müəyyən edlmişdir. İş materiallarında olan : - Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əlavə edilmiş Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli qərarından görünür ki, Qobustan kəndi ərazisində 369 ailəyə 0.20 ha, cəmi 110 hektar qanuni istifadədə olan həyətyanı torpaq sahələrinə mülkiyyət hüququna dair səndələrin verlməsi üçün toplanmış yerqururluşu sənədlərin təsdiq edilməsi qərara alınmışdır. - DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı ayrılmış 2001,54 kv m torpaq sahəsi barəsindədir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 nömrəli qərarı ilə Qobustan kəndində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmişdir. Bu qərara adlı siyahı daxil edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanının 7.1-ci bəndinə əsasən “X8 Komissiyasının yaradılması haqqında “Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı ləğv edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması barədə) müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin Məcəllənin 65-ci maddəsinin 3-cü bəndinə əsasən torpaq sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Göstərilən Məcəllənin 65-ci maddəsinin 5-ci bəndinə görə torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçıya mübahiəsi gedən torpaq sahəsi Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli qərarı ilə ayrılmışdır. Məhkəmə Abşeron rayon Dövlət Arxivinə müraciət edərək həmin qərarın və əsas olmuş sənədlərin verilməsi üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişdir. Abşeron rayon Dövlət Arxivi xx.xx.2021-ciil tyarixli cavab məktubu ilə bildirmişdir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 26 dekabr 2007-ci il tarixli 82 N-li qərarı ilə Qobustan kəndində vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahələri xüsusi mülkiyyətə verilmişdir. Bu qərara adlı siyahıl daxil edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən "X8 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və bununla da ölkədə aparılan islahat başa çatmışdır. Bu səbəbdən 2007-ci ildə aqrar islahat komissiyası tərəfindən torpaq sahəsinin ayrılması barədə qərar iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilə bilməz. Bundan başqa qeyd oluunmalıdır ki, həmin qərarda ümumiyyətlə 369 nəfər vətəndaşa torpaq sahəsinin ayrılması qeyd edilmişdir, lakin vətəndaşların adlı siyahısı həmin qərara əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin qanuni əsasları müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar