Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-412/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (çıxarışın hissəvi ləğvi, mülkiyyət hüququnun qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X6 və X3 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, **********62 reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsi, iddiaçının xeyrinə imtina edilmiş ünvan 3ndə yerləşən 4/1A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə - 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 və əri X3 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinin 0,04 ha hissəsindən iddiaçının xeyrinə imtina etdkləri barədə ərizələrinin qeydiyyata alınması və həmin imtina edilmiş ünvan 3ndə yerləşən 4/1A saylı evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına qeydiyyata alaraq müvafiq çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Mehdiabad qəsəbəsi Nəsimi küçəsində yerləşən 4/1A saylı evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi X6 və əri X3 paylı mülkiyyətində olan çıxarışa əsasən (RX seriyalı ******* nömrəli) 0,11897 ha torpaq sahəsinin tərkibində göstərilmişdir. Lakin həmin 0,11897 ha torpaq sahəsinin sənəd üzrə 0,04 ha, faktiki olaraq isə 0,0397 ha olan hissəsinin ona məxsus olduğunu, bununla bağlı Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin 08 nömrəli xx.xx.2001-ci il tarixli çıxarışında da qeyd olunduğu üzrə özünün mülkiyyətində olduğunu bildirmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 28 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq iddia tələbinə dəqiqləşmə təqdim edərək üçüncü şəxslər X6 və X3 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, **********62 reyestr nömrəli çıxarışın 0,04 ha hissədə ləğv edilməsi, iddiaçının xeyrinə imtina edilmiş ünvan 3ndə yerləşən 4/1A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə - 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə nümayəndəsinin 27 iyul 2001-ci il tarixli 08 nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilməmiş, torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna əlavə edilməmiş, sənəd üzrə torpaq sahəsi 0.04125 ha göstərilsə də, faktiki olaraq 0,0397 ha hissədən ibarətdir. Bundan əlavə iddia predmeti olan daşınmaz əmlak **********62 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşür. Eyni zamanda X6 və X3 paylı mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəsindən iddiaçının xeyrinə imtina etmələrinə dair müvafiq ərizələr idarəyə təqdim edilməmişdir. Məhkəmənin 3 iyul 2024-cü il tarixli qərardadı ilə X6 və X7 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 2001-ci il tarixli 08 nömrəli sərəncamından çıxarışa əsasən üçüncü şəxslər - X6 və əri X3 razılıq ərizələri əsasında onlara məxsus həyətyanı torpaq sahəsində 0,04 ha torpaq sahəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilmişdir. İş materiallarına üçüncü şəxslərin razılıq ərizələrinin surətləri əlavə edilmişdir. İşdə olan Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən 4/1a saylı yaşayış evi iddiaçıya aiddir. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən iddiaçıya məxsus 400 kv.m torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reystrindən xx.xx.2015-ci il tarixli çıxarışa əsasən üçüncü şəxslərin paylı mülkiyyətində 0,11897 ha torpaq sahəsi qeydiyyata alınmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, ünvan 3 ünvanında yerləşən 4/1A saylı yaşayış evinin yerləşdiyi torpaq 400 kv.m torpaq sahəsi iddiaçıya üçüncü şxəslərin razılığı əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 2001-ci il tarixli 08 nömrəli sərəncamı ilə ayrılmışdır. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Abşeron rayonu olduğu üçün həmin orqanın – 4 saylı Abşeron Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh orqana ilkin müraciəti fərqli olduğu üçün məhkəmə tərəfindən hüquqi yardım edilmiş və cavabdehə iddia tələbi ilə sonradan eyniməzmunlu müraciət edilməsinə baxmayaraq ərizəsi təmin edilməmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Abşeron rayon, Mehdiabad qəsəbəsi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.8-ci maddə: Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlakobyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edənmüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin norma Mülki Məcəllənin 139-1.1.8-ci maddəsində də qeyd olunmuşdur). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Həmin siyahı: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar (7 aprel 2022-ci il tarixli 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsi ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 4/1A saylı fərdi yaşayış evi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş X6 və X3 daşınmaz əmlakın dövlət reyetrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinin tərkibində yerləşir. İddiaçı sözügedən çıxarışla üçüncü şəxslərin paylı mülkiyyətinə verilmiş 0,11897 ha torpaq sahəsinin 0,04 ha hisəssinə dair çıxarışın ləğvi və həmin hissəyə dair öz mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, müvafiq çıxarış, plan-ölçü sənədinin verilməsini xahiş etmiş, lakin cavabdeh təşkilat tərəfindən aşağıdakı səbəblərdən imtina edilmişdir: 1) Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə nümayəndəsinin 27 iyul 2001-ci il tarixli 08 nömrəli sərəncamında yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilməməsi; 2) Torpaq sahəsinin ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilmiş sənədlər toplusuna əlavə edilməməsi; 3) Sənəd üzrə torpaq sahəsinin 0.04125 ha göstərilsə də, faktiki olaraq 0,0397 ha olması; 4) İddia predmeti olan daşınmaz əmlakın **********62 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsi; 5) X6 və X3 paylı mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəsindən iddiaçının xeyrinə imtina etmələrinə dair müvafiq ərizələrinin təqdim edilməməsi. Məhkəmə cavabdehin imtinasında qeyd etdiyi halları araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından edilən imtina öz təsdiqini tapmır. Belə ki: İlkin imtinaya münasibətdə qeyd olunur ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli qərarı ilə 0,12 ha torpaq sahəsi hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Qarayeva (Bağırova) Arzu Ələşrəf qızı, X5 və X2 ayrılmışdır. Həmin şəxslərdən Qarayeva (Bağırova) Arzu Ələşrəf qızı, X1 qəsəbəsi üzrə nümayəndəliyə ərizə ilə müraciət edərək həmin torpaq sahəsinin 0,04 ha hissəsinin iddiaçıya verilməsinə razılıq etmişlər. Həmin razılıq ərizələri əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsinin 27 iyul 2001-ci il tarixli 08 nömrəli sərəncamı ilə sözügedən torpağın 0,04 ha hissəsi iddiaçıya ayrılmış və həmin torpaq sahəsində fərdi mənzil tikintisinə icazə verilmişdir. Göründüyü kimi müvafiq torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə ayrılmış və torpaq sahəsinin iddiaçıya verilməsi isə üçüncü şəxslərin razılığı ilə icra nümayəndəliyi tərəfindən təsdiq edilmişdir. Yəni, mübahisəli torpaq sahəsi əvvəldən nümayəndəliyin qərarı ilə iddiaçıya ayrılmamış, üçüncü şəxslər isə həmin Aqrar İslahat Komissiyasının qərarı ilə torpaq sahəsinə daşınmaz əmlakın əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” qanunvericilikdə qeyd olunduğu kimi inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bu isə öz növbəsində ilkin imtinanın əsassız olduğuna dəlalət edir. İkinci imtina ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu və 3.0.31-ci bəndlərində vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Xidmətin vəzifələrindən biri kimi müəyyən edilmişdir. Göründüyü kimi yerquruluşu, habelə torpaq sahələrində mərzçəkmə işlərinin aparılması cavabdehin qanunvericiliklərdən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq, cavabdeh inzibati orqan iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Eləcə də ayrıc aktının forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçıya müvafiq qərarlarla torpaq sahəsi ayrılan zaman ilkin baş planın və ayrıc aktının təqdim edilməməsində iddiaçının təqsiri yoxdur. Belə olan halda isə müvafiq torpaq sahəsinə dair ayrıc aktının və ilkin baş planın arxiv idarəsinə təhvil verilməməsi və aşkar edilməməsi halı özlüyündə iddiaçının öhdəliyi və məsuliyyəti ilə bağlı olan hal olmamaqla, bu halın onun adına müvafiq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasına mane olan hal kimi qiymətləndirilməsi inzibati icraatın təməl prinsipi kimi etimadın qorunması prinsipinin mahiyyətinə ziddir. Üçüncü imtina ilə əlaqədar qeyd olunur ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş torpaq sahəsinə dair müayinə (baxış) aktında mübahisəli torpaq sahəsinin ölçüsü 0,0397 ha göstərilmiş və iddiaçı həmin hissədə iddia tələbinə dəqiqləşmə təqdim edərək 0,0397 ha hissəyə çıxarış verilməsini xahiş etmişdir. Ona görə də bu hissədə də imtina öz əhəmiyyətini itirmiş olur. Dördüncü imtinada qeyd olunan daşınmaz əmlakın **********62 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin çıxarışla torpaq sahəsinin məxsus olduğu şəxslər üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişlər. Əvvəllər onlara ayrılmış torpaq sahəsinin iddiaçıya verilməsinə razılıq vermələrinə, bununla bağlı nümayəndəliyin qərarı olmasına, iddiaçıya verilmiş torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilməsi və buna dair qeydiyyat vəsiqəsi verilməsinə, habelə məhkəmə iclası barədə məlumatlandırılmalarına və iştiraklarının təmin olunmasını bildirmələrinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş, həmin torpaq sahəsinin iddiaçıya aid olmasını təkzib edəcək sübutları təqdim etməmişlər. Bu isə həmin şəxslərə məxsus çıxarışda artıq göstərilən hissənin ləğvi üçün əsas verir. Sonuncu imtina ilə bağlı isə qeyd edilməlidir ki, X6 və X3 paylı mülkiyyətində olan torpaq sahəsinin 0.04 ha hissəsindən iddiaçının xeyrinə imtina etmələrinə dair ərizə və onun əsasında verilmiş nümayəndəliyin sərəncamı iş materiallarında öz əksini tapmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli439nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndində qeyd olunduğu kimi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati aktın – sərəncamın qüvvədə olması, qeyd edilən inzibati aktın hüququn qeydiyyata alınması üçün əsas kimi çıxış etməsi, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi halların əsassız olması səbəbindən iddia tələbi təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Üçüncü şəxslər X6 və X3 paylı mülkiyyətində olan 0,11897 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixli, **********62 reyestr nömrəli çıxarış 0,04 ha hissədə ləğv edilsin, iddiaçının xeyrinə imtina edilmiş ünvan 3ndə yerləşən 4/1A saylı evin yerləşdiyi torpaq sahəsinin faktiki vəziyyətinə - 0,0397 ha hissəsinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və planölçü sənədinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetin olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev