Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4121/2025 26.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X3 Təşəkkül oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Tərəflərin iştirak olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “maddi zərərə görə 3000 (üç min) manat, vəkilə ödədiyi 400 (dörd yüz) manat pulun və 5 il ərzində xərclədiyi azı 100 manat əlavə olaraq 500 (beş yüz) manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən onun pensiyasının səhv-az hesablanması nəticəsində iddiaçı çoxsaylı məhkəmə çəkişmələrində iştirak etmiş və Ali Məhkəmənin yekun qərarı ilə onun şikayətləri təmin olunmuşdur. Bütün bunlara görə maddi zərər 3000 (üç min) manat, vəkilə ödədiyi 400 (dörd yüz) manat pulun və 5 il ərzində xərclədiyi azı 100 manat əlavə olaraq 500 (beş yüz) manat pul kompensasiyasının ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin onun müraciəti müsbət həll edilmədiyindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən İddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı barəsində qəbul edilmiş pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir.Həmçinin, maddi zərərin ödənilməsi cavabdehin hərəkətləri nəticəsində vurulması sübut olunmur.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-3124xx/xx/2024 nömrəli imtina məktubun surəti, cavabdehin etiraz ərizəsi, vəkil bürosunun hesabına ödənilmiş qəbzin surəti, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2020-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçı təyin edilmiş pensiya məbləğinin az olması səbəbindən cavabdehə qarşı məhkəmə çəkişmələrində iştirak etmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının müvafiq məhkəmə qərarlarını və maddi zərərlərini əsas gətirərək, kompensasiyanın ödənilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan öz növbəsində bildirir ki, iddiaçı barəsində təyin edilmiş yaşa görə əmək pensiyasını avtomatlaşdırılmış qaydada qanunvericiliyə uyğun şəkildə təyin edilmiş və bu səbəbdən də iddiaçıya maddi zərərin vurulması cavabdehin hərəkətləri ucbatından olmamışdır. İddiaçı ona kompensasiya ödənilməsini cavabdehdən tələb etmiş, lakin onun müraciəti müsbət cavablandırılmamışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçının iddia tələbində göstərdiyi vəkil bürosuna ödədiyi 400 manat məbləğində pulun ona geri qaytarılmasına münasibətdə bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, iddiaçı və cavabdehin verdiyi kassasiya şikayətləri təmin edilməmişdir. Yəni iddiaçının vəkil xidmətləri üçün kassasiya şikayətinə görə ödədiyi müvafiq məbləğin özünə aid edilməsi qanunvericiliyin tələbidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-52/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1877/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlarına nəzər saldıqda həmin qərarlarda göstərilən mövqe cavabdeh təşkilatın zəruri araşdırmanın lazımi qaydada aparılmaması ilə bağlı olmuşdur. Dövlət orqanı kimi cavabdeh təşkilatın “İnzibati İcraat haqqında” Qanunda əks olunmuş araşdırma prinsipinin pozulmasından ibarət olmuşdur. Bu isə qeyd olunan araşdırmanı lazımi qaydada həyata keçirilməməsində günahkar olan şəxslərin intizam qaydasında yuxarı rəhbərliyi tərəfindən tənbeh edilməsi ilə nəticələnə bilər. Yəni qeyd olunan hal cavabdeh təşkilatdan kompensasiya tələb edilməsi üçün əsas hesab edilə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.Həmin Qərarın 8-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hesab olunur ki, iddiaçıya dəymiş 3000 manat maddi zərərin, 500 manat kompensasiyanın ortaya çıxmasına dair hər hansı əsaslı sübut təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “maddi zərərə görə 3000 (üç min) manat, vəkilə ödədiyi 400 (dörd yüz) manat pulun və 5 il ərzində xərclədiyi azı 100 manat əlavə olaraq 500 (beş yüz) manat pul kompensasiyasının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №2-1(118)-4121/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4121/2025
26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver