Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-413/2023 14.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, AR Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında hazırki vaxta toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə) əsasında pensiyasının yenidən hesablanaraq iddiaçıya təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, AR Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1953-cü ildə Qazax rayonunun Gəncə kəndində anadan olmuşdur. Ona əmək stajı və xidmətləri nəzərə alınmaqla 11 avqust 1999-cu ildə əlilliyə görə əmək pensiyası təyin edilmişdir, sonradan isə o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmışdır. O, pensiya aldığı dövrdə peşəkar işçi kimi AZİNKO deyilən idarəyə dəvət olunmuş və xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilədək (9 il) həmin şirkətdə çalışmış və öz xahişi ilə işdən çıxmışdır. İşlədiyi 9 il ərzində də onun aylıq əmək haqqının 25 faizi həcmində sosial sığorta haqqı tutulmuş və nəticədə həmin illər üzrə DSMF tərəfindən ona verilən «sığortaolunanın fərdi uçot məlumatları»nda sosial sığorta stajı və pensiya kapitalı barədə arayışda o, pensiyaya çıxdıqdan sonrakı sığorta stajı (9 il) sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sığorta haqqının 90 faizi və xx.xx.2017-ci il tarixədək hesablanan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 17129 manat 29 qəpik təşkil etmişdir. O, bu arayışı almaqla cavabdeh təşkilata təqdim etmiş, lakin mənə təyin edilmiş pensiyanın bu göstəricilərə uyğun olaraq yenidən hesablanması aparılmamışdır. Hesab edir ki cavabdeh tərəfindən göstərilmiş hərəkətsizlik onun sosial təminat hüquqlarının pozulmasına əsas olmuşdur və cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, ona təyin edilmiş yaşa görə əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında hazırki vaxta toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə) əsasında pensiyasının yenidən hesablanaraq ona təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Təyin edilmiş şifahi məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2021-ci il tarixdə müraciət edərək, təqdim etdiyi sənədlər əsasında 17129,29 manat pensiya kapitalının 72-yə bölünməklə əmək pensiyasının üzərinə əlavə edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli **********7 nömrəli cavab məktubu ilə müraciətin müsbət həlli mümkün olmamışdır. Belə ki, xx.xx.1953-cü il təvəllüdlü İddiaçı ( FİN: xxxxxxx) qanunvericiliyin tələblərinə əsasən xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1- ci maddəsinə əsasən, Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 nömrəli Fərmanının 2.9-cu bəndinə əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda 27.1-ci maddəyə yeni məzmunda üçüncü cümlə xx.xx.2017-ci il tarixdə əlavə edilmiş, həmin dövrədək 377 nömrəli Fərmana əsasən 50%-ə hesablanmışdır. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra xx.xx.2015-ci il tarixdə Fondun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, əmək pensiyası yenidən hesablanmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizlə hesablanması nəzərdə tutulurdu. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, pensiya kapitalı 80% artırılmaqla yenidən hesablanması 2017ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalına aid edilir. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən aparılmış araşdırmalar zamanı yenidən hesablamanın düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, 8140,32 manat sığorta kapitalı 72 aya bölünməklə (8140,32/72=113,06 manat) əmək pensiyasının (162,99 manat) üzərinə əlavə edilərək (162,99+113,06=276,05 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 400,88 manat)) ödənilməli olduğu halda, səhvən 8417,25 manat müəyyən edilmiş sığorta kapitalı 75 aya bölünərək (8417,25/75=112,23 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (162,99+112,23=275,22 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 399,64 manat)) ödənilmişdir. Qeyd olunanlara əsasən ümumilikdə 165,56 manat əksik pul vəsaitinin ödənildiyi Mərkəzi Filial tərəfindən müəyyən edilmiş, həmin əksik ödənilmiş 165,56 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, iddiaçının ümumi kapitalın 90%-i götürülməklə pensiya kapitalının yenidən hesablanması tələbi qanunvericiliyə uyğun deyildir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZE seryalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1953-cü il təvəllüdlüdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 17 iyul 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan cavabdeh inzibati orqanın onun təmin edilməsindən imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.1999-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən sonra xx.xx.2015-ci il tarixdə Fondun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, əmək pensiyası yenidən hesablanmışdır. Daha sonra cavabdeh orqan tərəfindən aparılmış araşdırmalar zamanı yenidən hesablamanın düzgün olmadığı müəyyən edilmişdir. 8140,32 manat sığorta kapitalı 72 aya bölünməklə (8140,32/72=113,06 manat) əmək pensiyasının (162,99 manat) üzərinə əlavə edilərək (162,99+113,06=276,05 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 400,88 manat)) ödənilməli olduğu halda, səhvən 8417,25 manat müəyyən edilmiş sığorta kapitalı 75 aya bölünərək (8417,25/75=112,23 manat) əmək pensiyasının üzərinə əlavə edilməklə (162,99+112,23=275,22 manat (indeksləşdirilərək xx.xx.2020-ci il tarixinədək 399,64 manat)) ödənilmişdir. Beləliklə,165,56 manat əksik pul vəsaitinin ödənildiyi Mərkəzi Filial tərəfindən müəyyən edilmiş, həmin əksik ödənilmiş 165,56 manat pul vəsaiti xx.xx.2021-ci il tarixdə əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. İddiaçı bundan sonra cavabdeh orqana müraciət edərək, xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsini cavabdeh orqandan xahiş etmişdir. Cavabdehin 21 yanvar 2021-ci il tarixli,12 aprel 2021-ci il tarixli və 17 iyul 2021-ci il tarixli məktubları ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, idiaçı ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanmasını istəyir. Göründüyü kimi hazırkı mübahisə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilənə qədər toplamış olduğu pensiya kapitalının yenidən nəzərə alınmalı olması ilə bağlıdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır. Bu cümlə əvvəllər “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində olmamış, xx.xx.2017-ci ildən qüvvəyə minməklə sonradan əlavə edilmişdir. Qanunun tələbinə görə bu norma sığortaolunanlara və işləyən əmək pensiyaçılarına şamil oluna bilər. Yəni mümkündür ki, 01.01. 2006-cı ildən xx.xx.2017-ci ilə qədər (təbii ki, həm də 01 iyul 2017-ci ildən sonra) olan dövr ərzində şəxsin pensiya hüququ yaranmış olsun, lakin şəxsə ya pensiya təyin edilməsin, ya da pensiya təyin edilsin, lakin şəxs həm də işləməyə davam etsin. Bu iki vəziyyətdə olan vətəndaşlara pensiya təyin edilən zaman 27.1-ci maddənin üçüncü cümləsi tətbiq oluna bilər. Çünki bu kateqoriyaya aid şəxslər işlərini davam etdirmiş şəxslər olurlar və onların əmək haqlarından məcburi dövlət sosial sığorta yığımı davam edir, onların fərdi hesabında toplanır və istifadə olunmur. Bu halda x xx.xx.2006-cı ildən xx.xx.2017-ci ilədək olan dövr ərzində hər iki kateqoriyaya aid şəxslərin fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış, bu müddətdə pensiya təyin edilən və işləməyə davam edən şəxslərin isə pensiya təyin olunduqdan sonra xx.xx.2017-ci ilə qədər işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı 80 faiz artırılmaqla xx.xx.2017-ci il tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınacaqdır. İddiaçıya pensiya təyin edilənədək yığdığı pensiya kapitalı nəzərə alınmaqla 2014-cü ildə ona pensiya təyin edilmiş, bu zaman istifadə etmədiyi pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsi pensiya təyin edilənə qədər toplanmış və pensiya təyin edilən zaman istifadə edilmiş pensiya kapitalının fərdi hesabın sığorta hissəsində 80 faiz artırılmasını nəzərdə tutmamışdır. İddiaçının pensiya təyin edilənə qədər topladığı pensiya kapitalından istifadə edilərək ona pensiya təyin edilmiş, bu zaman fərdi hesabının sığorta hissəsində istifadə edilməmiş pensiya kapitalı mövcud olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının müraciətini təmin etməməklə cavabdeh inzibati orqan haqlı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsində fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80 faiz miqdarında artırılması 01 iyul 2017-ci il tarixdən sonra pensiya hüququ yaranan şəxslərə şamil edildiyindən iddiaçı müraciətində haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun üçüncü cümləsi 01 iyul 2017-ci il tarixdən qüvvəyə minsə də, cümlənin mənasından da görünür ki, bu norma 01 iyul 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxslərə də şamil oluna bilər. Lakin bu zaman nəzərə alınmalıdır ki, bu norma xx.xx.2017-ci ilə qədər pensiya hüququ yaranmış o şəxslərə şamil olunacaq ki, həmin şəxslərə ya xx.xx.2017-ci ilə qədər pensiya təyin edilməmiş olsun, ya da pensiya təyin edilsin və şəxs işləməkdə davam etsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.2-ci bəndində “Əmək pensiyaları haqqında” Qanunun üçüncü cümləsinin tətbiqi ilə bağlı Misal 45-də 2017-ci ilin martında, yəni 01 iyul 2017-ci ilə qədər pensiya hüququ yaranmış şəxsə münasibətdə yeni normanın hansı qaydada tətbiq edilməsi izah edilmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçının müraciətindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı müraciətinin əsaslılığını sübut edə bilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, AR Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017-ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması və istifadə edilməmiş sığorta kapitalının olmasını nəzərə alaraq, AR Prezidentinin sərəncamı əsasında əmək pensiyasının sığortaolunanın fərdi uçot məlumatları bazasında xx.xx.2017ci ildən hazırki vaxta qədər toplanan sığorta kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla və ümumi kapitalın 90 faizi götürülməklə 23904.35 manat) əsasında pensiyanın yenidən hesablanaraq, təyin edilmiş pensiyaya əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva