Məhkəmə qərarları › İş №2-1(118)-4136/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4136/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4136/2025 25.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X4-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyun 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 04 saylı qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən torpaq sahəsində tikinti məqsədilə İddiaçı verilmiş 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış sahəsinin üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla iddiaçının adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu Çuxuryurd kənd bələdiyyəsindən xx.xx.2007-ci il tarixdə yaşayış evi tikmək məqsədilə 0,12 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin onun adına ayırlmasına dair Çuxuryurd kənd bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 04 saylı qərarla alqı-satqı edilməsinə dair akt imzalanmışdır. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin toıpaq sahəsinin onun adına ayrılmasına dair qanunamüvafiq qaydada bələdiyyəyə müraciət etmiş və həmin torpaq sahəsinin onun adına ayrılmasına dair müvafiq rəy verilmişdir. Torpağın alqı-satqısı üçün həmin dövr nəzərdə tutulmuş məbləği ödəmiş və oa ödənişi təsdiq edən qəbz təqdim edilib. Hazırda sözügedən torpaq sahəsinin üzərində yerləşən yaşayış evində yaşayır. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən adına ayrılmış torpaq sahəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planından çıxarışda da ona ayrılmış torpaq sahəsinin yeri aydın şəkildə əks olunmuşdur. Daha sonra, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən tikinti məqsədləri üçün xx.xx.2007-ci il tarixli, 04 saylı qərarından çıxarışdan görünür ki, iddiaçıya ayrılmış 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciət olunmuşdur. Sözügedən torpaq sahəsi ilə bağlı bütün vergilər də ödənilmişdir. Əmlak üzərində tam sahiblik hüququnun təmin olunmaması mülkiyyət hüquqlarını pozur və bu hüquqların dövlət reyestrində qeydiyyatına əngəllər yaradır.

3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, Çuxuryurd bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 04 saylı qərarı ilə həyətyanı məqsədilə İddiaçı mülkiyyətinə satılmış 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi Torpaq islahatını əks etdirən baza (DVG) elektron baza xəritəsində digər vətəndaşa məxsus əkin (pay) torpağı sahəsi ilə kəsişir. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına görə və torpaq sahəsinin faktiki koordinatları digər şəxsə məxsus pay torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə ərizənin icrası mümkün olmamışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

11. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 04 nömrəli qərarından görünür ki, bələdiyyənin perspektiv inkişafı ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı/şərti yararsız torpaq sahəsində tikinti məqsədi üçün İddiaçı 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

12. Çuxuryurd bələdiyyəsi və Azərbaycan Respublikası DT və XK-nin Şamaxı rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu planından çıxarışdan görünür ki, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

13. Seriya BYB 26 nömrəli, 16 fevral 2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin hesabına 240 manat torpağın dəyəri ödənilmişdir.

14. xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Çuxuryurd bələdiyyəsi ərazisindən 0,12 ha torpaq sahəsi İddiaçı satılmışdır.

15. Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış layihədən görünür ki, Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində bir mərtəbəli fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir.

16. Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 0,12 ha torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,12 hektardır, torpaq sahəsi qonşu torpaqlar və yol ilə əhatə olunub. Fərdi yaşayış evi inşa edilmişdir. Torpaq sahəsinin faktiki koordinatları aşağıdakı kimidir: 1) 299806,5750; 4510849,1606, 2) 299766,3186,; 4510851,1862, 3)299766,6632; 4510849,1606 4) 299807,0733, 4510878,9120.

17. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-41/2-1126/2025 nömrəli məktubdan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən sözügedən torpaq sahəsinə dair tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunmuş koordinatlara əsaslanaraq, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Araşdırma nəticəsində aşağıda qeyd olunanlar müəyyən edilmişdir: Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DWJ məlumatları - torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə materialları) əsasən iddiaçının faktiki istifadəsində olan Şamaxı rayonu Çuxuryurd kəndi ərazisindəki 0,12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməklə 0,05 ha hissəsi JN-121 nömrəli Dövlət aktına əsasən pay torpağı ilə 0,07 ha hissəsi su tutarla (göl) üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan Şamaxı rayonu Çuxuryurd kəndi ərazisindəki 0,12 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları faktiki istifadə vəziyyətinə uyğun hazırlanmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyəti göstərilməklə X1 adı qeyd edilmişdir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsinə reyestr nömrəsi **********28 olan çıxarış verilmişdir. Həmin çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti cavab məktubuna əlavə olunmuşdur. Torpaq sahəsinə dair müayinə (baxış) aktının surəti və yerləşmə mövqeyini əks etdirən ortofoto görüntüsü cavab məktubuna əlavə olunmuşdur. Əlavə olaraq bildirilir ki, DWJ məlumatlarında JN-121 nömrəli Dövlət aktı ilə mülkiyyətə 2,17 ha torpaq sahəsi verilsədə elektron uçot (TEKUİS) məlumatlarında sözügedən torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun olaraq 1,63 ha torpaq sahəsi işlənmişdir.

18. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şamaxı rayon Çuxuryurd bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli 04 saylı qərarında İddiaçı adı aşkar olunmamışdır.

IV. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd.

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

22. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

25. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

26. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

28. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

29. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

IV. Məhkəmənin mövqeyi

30. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

31. Məhkəmə tərəfindən müəyyən edildi ki, Şamaxı rayonu Çuxuryurd kənd bələdiyyəsindən xx.xx.2007-ci il tarixdə yaşayış evi tikmək məqsədilə 0,12 ha torpaq sahəsi idiaçıya ayrılmışdır. Həmin torpaq sahəsinin onun adına ayrılmasına dair Çuxuryurd kənd bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli, 04 saylı qərarla alqı-satqı edilməsinə dair akt imzalanmışdır. Sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olduğundan həmin torpaq sahəsinin onun adına ayrılmasına dair qanunamüvafiq qaydada bələdiyyəyə müraciət etmiş və həmin torpaq sahəsinin onun adına ayrılmasına dair müvafiq rəy verilmişdir. Torpağın alqı-satqısı üçün həmin dövr nəzərdə tutulmuş məbləği ödəmişdir. Hazırda sözügedən torpaq sahəsinin üzərində yerləşən yaşayış evində yaşayır. Fərdi yaşayış evinin layihəsi Şamaxı Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmış və tikintisi başaa çatmışdır. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən adına ayrılmış torpaq sahəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu planından çıxarışda da ona ayrılmış torpaq sahəsinin yeri aydın şəkildə əks olunmuşdur.

32. Cavabdehin imtinanın dəlili ondan ibarət olmuşdur ki, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, Çuxuryurd bələdiyyəsinin xx.xx.2007-cı il tarixli, 04 saylı qərarı ilə həyətyanı məqsədilə İddiaçı mülkiyyətinə satılmış 0.12 ha torpaq sahəsinin yerləşdiyi ərazi Torpaq islahatını əks etdirən baza (DVG) elektron baza xəritəsində digər vətəndaşa məxsus əkin (pay) torpağı sahəsi ilə kəsişir. Torpaq sahəsi təyinatı üzrə ayrılmadığına görə və torpaq sahəsinin faktiki koordinatları digər şəxsə məxsus pay torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə ərizənin icrası mümkün olmamışdır.

33. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi mütəxəssisi Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən sözügedən torpaq sahəsinə dair tərtib olunmuş müayinə (baxış) aktında qeyd olunmuş koordinatlara əsaslanaraq, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və araşdırma nəticəsində aşağıda qeyd olunanlar müəyyən edilmişdir ki, Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına (DWJ məlumatları - torpaq islahatının nəticələrini özündə əks etdirən xəritə materialları) əsasən, iddiaçının faktiki istifadəsində olan Şamaxı rayonu Çuxuryurd kəndi ərazisindəki 0,12 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməklə 0,05 ha hissəsi JN-121 nömrəli Dövlət aktına əsasən pay torpağı ilə, 0,07 ha hissəsi su tutarla (göl) üst-üstə düşür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən iddiaçının faktiki istifadəsində olan Şamaxı rayonu Çuxuryurd kəndi ərazisindəki 0,12 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aid olmaqla hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üstüstə düşmür. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatları faktiki istifadə vəziyyətinə uyğun hazırlanmışdır. Torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyəti göstərilməklə X1 adı qeyd edilmişdir.

34. Məhkəmə torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarında iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyəti göstərilməklə X1 adının qeyd edilməsi ilə bağlı qeyd edir ki, X2 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd olunur ki, İddiaçı işi ilə bağlı hazırda tikdirdiyi evin altında olan torpağı İddiaçı almışdır. Həmin torpağı bələdiyyə sənədi ilə İddiaçı adına olsa da, üzərindəki ev onun vəsaiti ilə tikilib. Buna baxmayaraq, sənədin İddiaçı adına verilməsinə etiraz etmir. Gələcəkdə İddiaçı ilə alqı-satqı edəcək və həmin torpaq sahəsinə dair heç bir iddiası və tələbi yoxdur.

35. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olması öz təsdiqini tapmışdır. Eyni zamanda, həmin rəylə cavabdehin mübahisəli torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahələrinin koordinatları ilə üst-üstə düşməsi kimi dəlili təkzib edilmişdir.

36. Məhkəmə həmçinin qeyd edir ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 16 fevral 2007-ci il tarixli, 04 nömrəli qərarı və əlavə edilmiş sənədlərin əsilləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədin mötəbərliliyini şübhə altına alacaq hər hansı bir hal müəyyən edilmir.

37. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006cı il 29 mart tarixli Qərarı, § 93).

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən göründüyü kimi Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Abşeron rayon Masazır bələdiyyəsinin 16 iyul 2007-ci il tarixli 26 nömrəli qərarı iddiaçının torpaq sahəsi üzərində hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir.

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

46. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən vahid çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X4-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar