Məhkəmə qərarları › İş №2-1(118)-414/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-414/2020

07.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-414/2020 07.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinə qarşı “iddiaçıya müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, əlil olmuş, həqiqi hərbi xidmət qulluqçusu kimi pensiyanın təyin edilməsi üçün müəyyən edilmiş qaydada “məlumat vərəqəsi”nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” iddiasına dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxxxx 1972-ci il tarixində Xaçmaz şəhərində anadan olmuşdur. xx.xx.1990-cı il tarixində Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən SSRİ Silahlı Qüvvələri sırasına müddətli həqiqi hərbi xidmətə çağrılmış və xx.xx.1992-ci il tarixində müddətli hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.1992-ci il tarixində Azərbaycan Respublikasında mövcud olan mürəkkəb hərbi siyasi vəziyyətlə əlaqədar səfərbərlik elan olunmuşdur və o Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının tabeliyində olan N nömrəli hərbi hissəsinə növbəti göndərişdə Dağlıq Qarabağa döyüş əməliyyatları zonasına göndərilməklə hissənin şəxsi heyətinin siyahısına daxil edilmişdir. xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi N nömrəli hərbi hissədə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinə kimi N () nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmişdir. Hərbi hissələrin erməni hərbi birləşmələrinə qarşı Ağdam istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. xx xxxxxxx 1992-ci il tarixində Ağdam şəhəri uğrunda gedən döyüş əməliyyatları zamam yaralanaraq ağır xəsarətlər alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi Həkim Komissiyasında xx xxx 1993-cü ilə kimi uzun müddət müalicə olunub. X2 xx.xx.1993-cü il tarixli 99 nömrəli əmrinə əsasən N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 114 nömrəli əmrilə xx xxxx 1993-cü il tarixindən SQ-nin Əsasnaməsinə əsasən hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılaraq ( səhhətinə görə ) hərbi hissədən azad edilib, Xaçmaz RNK-ya göndərilmişdir. Hal-hazırda o birinci qrup müharibə əlilidir. Əlilliyi də müddətli həqiqi hərbi xidmət müddətində deyil, məhz həqiqi hərbi xidmət dövründə olmuşdur. Belə ki, müddətli həqiqi hərbi xidmətdən sonrakı xidməti, səfərbərliklə əlaqədar olaraq xidmət dövrü həqiqi xidmət dövrünə aiddir. Ona hərbi qulluqçu sırasından əlil olan şəxs kimi pensiyanın təyin edilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına müraciətinə xx.xx.2017-ci il tarixli, 13-14/819-X66 saylı məktubla bildirilmişdir ki, onun Daxili İşlər Nazirliyinin Daxili Qoşunların sırasına müddətdən artıq xidmət keçməyi barədə məlumat olmadığına görə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi ona pensiyanın təyin edilməsi mümkün deyildir. Bu cavab əsaslandırılmış olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək,bildirmişdir ki, İddiaçı hərbi xidmətdə olması öz təstiqini tapmasına baxmayaraq onun müddətdən artıq xidmətdə olmasına dair Daxili Qoşunların arxivində məlumat yoxdur. Tələb ounan “məlumat vərəqəsi” yalnız müddətdən artıq xidmət etmiş şəxslərə verilir. Ona görədə iddiaçının tələbinin təmin edilməsi mümkün deyil.qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, 76 nömrəli arxiv arayışın notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi TSEK xaçmaz rayon şöbəsi tərəfindən verilmiş, xx.xx.1995-ci il tarixli, 544 nömrəli müayinə aktından Çıxarışın notarial qaydada təsdiqlənmiş surəti , Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, 13-14/819-X66 saylı imtina məktubun notarial qaydada təsdiqlənmiş surəti , Yaşayış yerindən arayış, SX № ******* nömrəli Hərbi Biletin və 163 nömrəli çağırış vərəqəsinin notarial qaydada təsdiqlənmiş surətləri, İddiaçı adəna Xaçmaz rayon hərbi komisarlığı tərəfindən verilmiş HZ ******* saylı hərbi biletə verilmiş xidməti uçot kartoçkasının notarial qaydada tətiq edilmiş surəti 3N saylı və N saylı hərbi hissə komandirlərinin Əmrlərindən çıxarışlar daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Belə ki, yuxarıda sadalanan iş materiallarından görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixə qədər Sovet ordusunda hərbi xidmətdə olmuşdur. xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci ilə tarixinədək N nömrəli hərbi hissədə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək N () nömrəli hissədə həqiqi hərbi xidmət etmişdir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının x xxxxxx 1992-ci il tarixli Qanunun (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş və xx xxxxxx 2011-ci il tarixində qüvvədən düşmüşdür) 2-ci maddəsinə əsasən, hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir. Həmin Qanunun 5-ci maddəsinə görə, həqiqi hərbi xidmətin növləri aşağıdakılardır: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara—qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər—əsgərlər, matroslar və çavuşlar aiddirlər. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri ) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Həmin Qanunun 13-cü maddəsinə görə, hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə-qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa). “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi haqqında xx xxxx 1992-ci il tarixli Milli Məclisin Qərarının 2-ci bəndinə görə keçmiş SSRİ-nin və MDB-nin Silahlı Qüvvələrində müddətli hərbi xidmətdə olmuş və yaxud ehtiyatda olan zabit rütbəli Azərbaycan Respublikasının vətəndaşları müddətli hərbi xidmətə çağırışdan azad edilirlər. Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci ilin aprel-iyun aylarında həqiqi hərbi xidmətə çağırılması və həqiqi hərbi xidmətin müəyyən olunmuş müddətini başa çatdırmış əsgərlərin, matrosların, serjantların, starşinaların ehtiyata buraxılması haqqında xx xxxxx 1992-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin fərmanın 1-ci bəndi qeyd edir ki, 1965-1974-cü illərdə anadan olmuş, çağırış gününədək 18 yaşı tamam olan, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa qoşun birləşmələrində xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 1992-ci ilin aprel-iyun aylarında aşağıdakı müddətə həqiqi hərbi xidmətə çağırılsın: Xəzər Donanması gəmilərinin matrosları və starşinaları üçün - iki il; qalan əsgərlər, serjantlar və starşinalar üçün -bir il altı ay. 603 MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən MDBnin Birləşmiş Silahlı Qüvvələrindən 1991 və 1992-ci illərdə tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilər həqiqi hərbi xidmətə çağırılsınlar. Həmin Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətləri respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılsın. Yuxarıda sadalanan hüquq normalarının tələbinə əsasən, məhkəmə hesab edir ki, iddaçı İddiaçı oğlunun xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci ilə tarixinədək N nömrəli hərbi hissədə, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək N () nömrəli hərbi hissələrində olan xidməti müddətli həqiqi xidmət kimi qiymətləndirilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddiaçı Daxili İşlər Nazirliyinin xətti ilə pensiyasının təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, əlil olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi pensiyanın təyin edilməsi, müəyyən edilmiş qaydada məlumat vərəqinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X5 İş Departamentinə təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə həvalə edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Daxili İşlər Nazirliyinin xətti ilə pensiyanın təyin olunması üçün müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, əlil olmuş həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi pensiyanın təyin edilməsi, müəyyən edilmiş qaydada məlumat vərəqinin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun X4 İdarəsinə (Hərbi Qulluqçular və X5 İş Departamentinə) təqdim edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə həvalə edilsin. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar