Məhkəmə qərarları › İş №2-1(118)-4140/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4140/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4140/2024 28.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələblərinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1276 nömrəli attestatından görünür ki, İddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 17 iyul 1979-cu il tarixdə elektrik qaynaqçısı sənəti üzrə tam kursunu bitirmişdir.

2. 17 sentyabr 1979-cu il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası”.

3. НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”dən göünür ki, İddiaçı 23 noyabr 1980-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmiş, 23 noyabr 1982-ci il tarixdə ehtiyata buraxılmışdır.

4. "xxxx" ASC-nin 14 yanvar 2022-ci il tarixli, GM-SSH-001 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışan dair” arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əl qaynaqçısı vəzifəsində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda 30 avqust 1979-cu il tarixdən 14 oktyabr 1980-ci il tarixədək (1 il 1 ay 14 gün), 23 noyabr 1980-ci il tarixdən 23 noyabr 1982-ci il tarixədək hərbi xidmətə çağrılmış (2 il), hərbi xidmətdən sonra fəaliyyətini həmin müəssisədə 11 yanvar 1983-cü il tarixdən 27 dekabr 2005-ci il tarixədək əl qaynaqçısı kimi çalışmışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 26 il 00 ay 00 gün (əmək kitabçasına əsasən) təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Metallurgiya istehsalı sahəsində əl qaynaqçısından ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 3.2 bəndinin “a” yarımbəndinə əsasən əl ilə qaynaqçı vəzifəsi ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir və güzəştli şərtlərlə yaşa görə pensiya hesablanması hüququ verilir. Azərbaycan Respublikası DƏK-nin 21 oktyabr 1998-ci il tarixli 1328 saylı sərəncamına əsasən zavod "xxxx" ASC çevrilmişdir.

5. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 1 fevral 2022-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq bugünə 50.640 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 19.876,26 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

6. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 23 fevral 2023-cü il tarixli, 3-17-1/2-M-36547/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən ИТ-l ******* nömrəli əmək kitabçasında 30 avqust 1979-cu il - 14 oktyabr 1980ci il və 11 yanvar 1983-cü il - 27 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin 14 yanvar 2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi və həmin tarixdən istehsal fəaliyyətinin olmadığı, sözügedən arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az (18 il 10 ay 24 gün (30 avqust 1979-cu il – 14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il – 23 noyabr 1982-ci il, 11 yanvar 1983-cü il – 21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17.503,28 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. "xxxx" ASC-nin 4 iyul 2024-cü il tarixli, GM/SSH-004 nömrəli məktubundan görünür ki, “Santexdetal” zavodu 1998-ci ildə auksion satışı zamanı alınıb və Azərbaycan Respublikasının DƏK-nin 21 sentyabr 1998-ci il tarixli, 1328 saylı qərarı ilə "xxxx" X13 Cəmiyyətə çevrilib, 14 oktyabr 1998-ci il tarixli, PK-601 saylı əmrlə X13 Cəmiyyətə X3 təyin edilib və hal-hazırada X9 Cəmiyyətin sədri vəzifəsində çalışır. Qeyd edilir ki, 1998-ci il tarixdən bu günə kimi zavod "xxxx" X13 Cəmiyyəti kimi fəaliyyət göstərir. İddiaçı bu zavodda 30 avqust 1979-cu il tarixdən 27 dekabr 2005-ci il tarixədək ventilasiya sexində sinkli və qara metalların əl elektrik qaynaqçısı vəzifəsində çalışmışdır.

8. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 6 noyabr 2024-cü il tarixli, 3-48-DA-10F/2-751-2024 nömrəli məktubundan görünür ki, Sumqayıt Santexnik Hissə ASC-nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilmədiyindən, vətəndaş İddiaçı iş stajı barədə məlumatın verilməsi mümkün olmamışdır.

9. "xxxx" ASC-nin 1 noyabr 2024-cü il tarixli, GM/SSH-004 nömrəli məktubundan görünür ki, "xxxx" X13 Cəmiyyəti 1998-ci ildən hal-hazıra kimi fasiləsiz olaraq fəaliyyət göstərir. İddiaçı bu zavodda 30 avqust 1979-cu il tarixdən 27 dekabr 2005-ci il tarixədək davamlı olaraq ventilasiya sexində sinkli və qara metalların əl elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. O dövrə aid olan sənədlər təhvil-təslim olunmadığından tələb edilən sorğunun cavablandırılması mümkün olmamışdır.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

10. 15 iyul 2023-cü il tarixli “X1 30 avqust 1979-cu il-14 oktyabr 1980, 11 yanvar 1983cü il-27 dekabr 2005-ci il tarixlər ərzində “Azsantexmontaj” trestində işləməsinə dair” Akt.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

11. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 4 iyun 2024-cü il tarixli, 3-17-1/2-130519/2024 nömrəli məktubu ilə “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi - ******* nömrəli əmək kitabçasında 30 avqust 1979-cu il - 14 oktyabr 1980-ci il və 11 yanvar 1983-cü il - 27 dekabr 2005-ci il tarixləri arasındakı dövrlər ərzində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin ona dair 14 yanvar 2022-ci il tarixli, GM/SSH-001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən adıçəkilən şəxsin iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi və həmin tarixdən istehsal fəaliyyətinin olmadığı, sözügedən arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 15 fevral 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Bu səbəbdən də, onun ümumi iş stajı 18 il 10 ay 24 gün (30 avqust 1979-cu il - 14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il - 23 noyabr 1982-ci il, 11 yanvar 1983-cü il - 21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40.320 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 19.043,57 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qoşma ilə aşağıdakı sənədlər göndərilmişdir: - Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 23 fevral 2023-cü il tarixli, 3-17-1/2-M-36547/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§6); - "xxxx" ASC-nin 14 yanvar 2022-ci il tarixli, GM-SSH-001 nömrəli “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışan dair” arayış (§4); - НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet” (§3); - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 1276 nömrəli attestatı (§1); - 17 sentyabr 1979-cu il tarixli, ИТ-l seriyalı, ******* nömrəli “Əmək kitabçası” (§2); - Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 1 fevral 2022-ci il tarixli, **********6 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubu (§5).

12. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3 oktyabr 2024-cü il tarixli, 3-17-1/2-239312/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 19 il 9 ay 10 gün (1 sentyabr 1978-ci il-17 iyul 1979-cu il (peşə təhsil dövrü), 30 avqust 1979-cu il-14 oktyabr 1980-ci il, 23 noyabr 1980-ci il-23 noyabr 1982-ci il (hərbi xidmət dövrü), 11 yanvar 1983-cü il-21 oktyabr 1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 25 oktyabr 2024-cü il tarixli, 3-29-63/2-M-8xx-xx/2024 nömrəli arayşından görünür ki, İddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli X14 Məktəbinin “Əl qaynağı” ixtisasına qəbul olmuş və 25 iyul 1979-cu il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 1276 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 55 yaşının tamam olduğu 15 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbinin dəlilləri işin hallarına istinad edilməklə (§1-9) onunla əsaslandırılmışdır ki, iddiaçının 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək olan iş stajını müəssisənin işləməməsi ilə bağlı mülahizələr əsasında qəbul etməmişlər. Bu isə doğru deyil. Çünki, müəssisə bu günə qədər fəaliyyət göstərir, müəssisənin çevrilməsi də əmək kitabçasına qeyd olunmuş və əmək fəaliyyətinə 27 dekabr 2005-ci ilə kimi davam etdirmişdir. Cavabdeh təşkilatın gətirdiyi dəlillər formal mülahizələrdir və heç bir əsası yoxdur. Hesab edir ki, 55 yaşının tamam olduğu 15 avqust 2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

16. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13, 69, “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1-ci maddələrinə istinad olunmuşdur.

17. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 yaşının tamam olduğu 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 10 sentyabr 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

18. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

21. Etirazın əsasları: İddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletin, 14 yanvar 2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışın surətinə əsasən: - 30 avqust 1979-cu il tarixdən 14 oktyabr 1980-ci il tarixədək; - 23 noyabr 1980-ci il tarixdən 23 noyabr 1982-ci il tarixədək; - 11 yanvar 1983-cü il tarixdən 21 oktyabr 1998-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla, ümumi və güzəştli sığorta stajı 18 il 10 ay 24 gün təşkil edir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövləri Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda işlədiyini iddia etdiyi 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005ci il tarixədək 7 il 2 ay 6 gün ümumi və güzəştli əmək fəaliyyəti dövrlərindən və 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövrdən ibarətdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasına əsasən, Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda elektrik qaynaqçısı, sözügedən müəssisənin 14 yanvar 2022-ci il tarixli GM/SSH-001 nömrəli arayışında isə həmin dövrlər ərzində əl qaynaqçısı peşəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı əmək kitabçasında qeyd olunan 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək (7 il 2 ay 6 gün) mübahisələndirilən əmək fəaliyyəti dövləri aşağıdakı səbəblərdən sığorta stajına daxil edilməmişdir. 1) İddiaçının sığorta stajı barədə yerində yoxlama aparılmış, 15 fevral 2023-cü il tarixli birgə akt tərtib olunmuşdur. Həmin aktın məzmunu ilə “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi, həmin tarixdən istehsal fəaliyyətinin olmadığı və arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir. Bununla bağlı qeyd edilir ki, sözügedən akt "xxxx" ASC-nin sədri Eldar Cəfərovun iştirakı ilə aparılmış qarşılıqlı yoxlama zamanı tərtib edilmiş və aktda qeyd olunan məlumatların həqiqiliyi onun tərəfindən təsdiq edilmişdir. Belə ki, iddiaçının 21 oktyabr 1998ci il tarixdən fəaliyyəti olmadığı bildirilən "xxxx" ASC-də işlədiyini və müəssisədən 14 yanvar 2024-cü il tarixli güzəştli arayış təqdim edərək işlədiyini iddia etməsi əsassız və qanunsuzdur. 2) İddiaçının təhsil aldığı 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək (10 ay 17 gün) olan dövrə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən təsdiqedici sənəd olaraq 1276 nömrəli attestatın surəti təqdim edilsə də, attestatın surətində iddiaçının əyani təhsil alması barədə məlumat əks olunmamışdır. Bununla bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tanxli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4-cü maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən müəyyən edilir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

22. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 iyul 2023cü il tarixli, 2-1(102)-1578/2023 nömrəli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, prosessual hüquqi əsası kimi İPM-in 47.2-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

23. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilmməsini xahiş etmişdir.

25. Məhkəmənin 10 sentyabr 2024-cü il tarixli iclasında iştirak edən şahid X8 ifadə verərək, iddiaçı ilə 1985-ci ildən 2005-ci ilə qədər birlikdə işlədiyi müəssisədən 2005-ci ildə işdən çıxmasını, özünün pensiya aldığını, həmin müəssisədə hamı eyni formada iddiaçı daxil olmaqla əl ilə elektrik qaynaqçısı işlədiyini, müəssisənin adı dəyişilərək fəaliyyət göstərdiyini, müəssisənin rəhbərinin Eldar adlı şəxs olduğunu bildirmişdir.

26. Məhkəmənin 10 sentyabr 2024-cü il tarixli iclasında iştirak edən şahid X2 ifadə verərək, iddiaçı ilə birlikdə 2006-cı ilə qədər qaynaqçı işləməsini, iddiaçının 2006-cı ilə qədər fasiləsiz işləməsini, müəssisənin rəhbərinin kim olduğunu xatırlamamasını, işdən çıxan zaman rəhbər Sərxan bəy olduğunu, tərəfindən pensiyanın almamasını, zavodun hal-hazırda işləyib-işləmədiyi barədə məlumatın olmamasını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

27. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

28. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

30. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

31. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

32. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...

33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

M a d d ə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər

9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

M a d d ə 1. Əsas anlayışlar (-) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-)

M a d d ə 22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. (-)

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları

“4. Sosial sığorta stajının hesablanması

4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: ...

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; …”

35. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. ...

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri

Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası

İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

36. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarı

1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

37. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 10. Peşə təhsili müəssisəsi ... 10.7. Peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ...

39. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

40. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

41. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

42. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının 1 yanvar 2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının1 yanvar 2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının (2 nömrəli siyahı üzrə) mövcud olması.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir.

44. İş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. Bu arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir.

45. Hazırkı inzibati iş üzrə iddiaçı əvvəlki qanunvericilikdə pensiya kapitalı anlayışının olmaması və 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək olan iş stajının müəssisənin işləməməsi ilə bağlı dəlilinin əsassız olmasına istinad edərək, ona 57 yaşının tamam olduğu 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

46. Cavabdehin etirazı isə iki dəlildən ibarətdir: 1) “Santexdetal” zavodunun 21 oktyabr 1998-ci il tarixdən "xxxx" ASC-yə çevrildiyi, həmin tarixdən istehsal fəaliyyətinin olmadığı və arayışda qeyd olunan məlumatların əmək kitabçası əsasında tərtib olunduğu müəyyən edilmişdir; 2) attestatın surətində iddiaçının əyani təhsil alması barədə məlumat əks olunmamışdır. Bu səbəbdən qeyd olunan 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək (7 il 2 ay 6 gün) mübahisələndirilən əmək fəaliyyəti dövləri sığorta stajına daxil edilməmişdir.

47. Cavabdeh tərəf hesab edir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi və güzəştli sığorta stajı 18 il 10 ay 24 gün təşkil edir. İddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda işlədiyini iddia etdiyi 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək 7 il 2 ay 6 gün ümumi və güzəştli əmək fəaliyyəti dövrlərindən və 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövrlər təşkil edir.

48. Beləliklə, 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək olan dövr "xxxx" ASC-yə çevrildiyi, həmin tarixdən istehsal fəaliyyətinin olmaması ilə, 1 sentyabr 1978ci il tarixdən 17 iyul 1979-cu il tarixədək olan dövr isə əyani təhsil alması barədə məlumatın olmaması ilə əsaslandırılmışdır.

49. İPM-in: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir.

50. Nəzərə alınmalıdır ki, çəkişməli məhkəmə hüququ prinsip etibarilə mülki məhkəmə tərəflərinə məhkəmənin qərarına təsir etmək üçün hətta milli hüquq xidmətinin müstəqil üzvü tərəfindən təqdim edilmiş bütün sübutlar və müşahidələrlə tanış olmaq və onlara dair şərh vermək imkanını nəzərdə tutur (Ruiz-Mateos İspaniyaya qarşı, § 63; McMichael Birləşmiş Krallığa qarşı, § 80; Vermeulen Belçikaya qarşı, § 33; Lobo Portuqaliyaya qarşı, § 31; Kress Fransaya qarşı [BP], § 74). Məhkəmənin özü çəkişmə prinsipinə riayət etməlidir (Clinique des Acacias və digərləri Fransaya qarşı, § 38; Andret və digərləri Fransaya qarşı (qərardad).

51. Məhkəmə hər iki tərəfin dəlilləri çərçivəsində araşdırma apararaq aşağıdakıları bildirir:

52. 21 oktyabr 1998-ci il tarixdən 27 dekabr 2005-ci il tarixədək olan dövr ilə bağlı. "xxxx" ASC tərəfindən təqdim edilmiş arayışlardan müəyyən edilir ki, iddiaçı əl qaynaqçısı vəzifəsində Azsantexmontaj trestinin nəzdində “Santexdetal” zavodunda 30 avqust 1979-cu il tarixdən 14 oktyabr 1980-ci il tarixədək (1 il 1 ay 14 gün), 23 noyabr 1980ci il tarixdən 23 noyabr 1982-ci il tarixədək hərbi xidmətə çağrılmış (2 il), hərbi xidmətdən sonra fəaliyyətini həmin müəssisədə 11 yanvar 1983-cü il tarixdən 27 dekabr 2005-ci il tarixədək əl qaynaqçısı kimi çalışmışdır. İşlədiyi vəzifə üzrə iş stajı 26 il təşkil edir. 1998-ci il tarixdən bu günə kimi zavod "xxxx" X13 Cəmiyyəti kimi fəaliyyət göstərir. İddiaçı bu zavodda 30 avqust 1979-cu il tarixdən 27 dekabr 2005-ci il tarixədək ventilasiya sexində sinkli və qara metalların əl elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. O dövrə aid olan sənədlər təhviltəslim olunmadığından tələb edilən sorğunun cavablandırılması mümkün olmamışdır.

53. Eyni zamanda, cavabdeh etirazında bildirir ki, qeyd olunan məlumatlar yalnız əmək kitabçası əsasında tərtib olunmuşdur, bu səbəbdən də həmin məlumatları mötəbərli hesab etmir. Lakin qanunvericiliyin müddəalarına əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsi). Cavabdehin həmin əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyinə əsaslı şübhələr olsa belə, tərəfindən mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbirlər görülməmişdir. Odur ki, məhkəmə hazırkı dəlili əsassız hesab edir.

54. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayışlardan müəyyən edildiyi kimi, “Santexdetal” zavodu 1998-ci ildə "xxxx" X13 Cəmiyyətə çevrilmiş, 1998-ci il tarixdən bu günə kimi zavod "xxxx" X13 Cəmiyyəti kimi fəaliyyət göstərdiyi üçün, bunun əksini isə sübuta yeitrə bildmədiklərindən, etirazda qeyd ediln dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

55. 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövr ilə bağlı. Məhkəmə tərəfindən iş materialında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 17 iyul 1979-cu il tarixdə elektrik qaynaqçısı sənəti üzrə tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin arayışı ilə də müəyyən olunur ki, iddiaçı 1 sentyabr 1978-ci il tarixdə 17 nömrəli X14 Məktəbinin “Əl qaynağı” ixtisasına qəbul olmuş və 25 iyul 1979-cu il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 1276 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Eyni zamanda, qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

56. Belə ki, hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən onun qiyabi formada peşə təhsilin alınması qeyri-mümkündür.

57. Bununla da müəyyən olunur ki, cavabdeh orqanın 1 sentyabr 1978-ci il tarixdən 17 iyul 1979-cu il tarixədək təhsil aldığı dövrlər ilə bağlı dəlili də əsassız olmuşdur.

58. Məhkəmə prosesi gedişində sorğuya cavab olaraq “müvafiq məlumatın göndərilməsi haqqında” məktubda iddiaçının ümumi iş stajının 1 yanvar 2006-cı il tarixədək 19 il 9 ay 10 gün təşkil etdiyi bildirilmişdir. Bura daxil edilən dövrlər: - 1 sentyabr 1978-17 iyul 1979-cu il (peşə təhsili dövrü), - 30 avqust 1979-14 oktyabr 1980-ci il; - 23 noyabr 1980-23 noyabr 1982-ci il (hərbi xidmət dövrü); - 11 yanvar 1983-21 oktyabr 1998-ci il.

59. Göründüyü kimi, etirazda qeyd edilən peşə təhsilini əhatə edən dövr ümumi iş stajına daxil edilmişdir.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.

61. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

62. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia əsaslı olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilməsi öhdəliyi cavabdehlərə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

63. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 15 avqust 2018-ci il tarixdən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar