Məhkəmə qərarları › İş №2-1(118)-4143/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4143/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4143/2023 17.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “cavabdehin üzərində iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54-də yerləşən 35 saylı mənzilindən əvvəlki mülkiyyətçinin qardaşı Tağıyev Tərlan Xasay oğlunun qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-4143/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Tağıyev Tərlan Xasay oğlu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən iki otaqdan ibarət olan, Sumqayıt şəhəri, 10-cu m- ron,ev 54-də yerləşən 35 saylı mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. Mənzili xx.xx.2015- ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əvvəlki mülkiyyətçi X2 almışdır və 8 (səkkiz) ildən artıqdır ki, ailə üzvlərimlə orada yaşayır. Mənzilin alqı-satqısı üçün mülkiyyətçinin bütün ailə üzvləri, o cümlədən, həmin vaxt Rusiya Federasiyası Moskva vilayətinin Balaşixa şəhərində yaşayan qardaşı Tağıyev Tərlan Xasay oğlu xx.xx.2015-ci il tarixdə razılıq vermiş, və sonuncunun ərizəsi Moskva vilayəti, Balaşixa şəhər notarial dairəsinin natariusu X3 tərəfindən təsdiq edilmişdir.Alqı-satqı müqaviləsinin 1.1-ci maddəsinə əsasən satıcı (X4) Sumqayıt şəhəri,10-cu m-ron,ev 54-də yerləşən 35 saylı mənzili alıcının (İddiaçı) mülkiyyətinə vermək, 2.2.2-ci maddəsinə əsasən üçüncü şəxslərin hüquqlarından azad mənzil vermək, 2.2.4-cü maddəsinə əsasən müqavilənin təsdiq olunduğu vaxtdan 1 (bir) ay müddətində qeydiyyatda olan bütün şəxslərlə birlikdə satdığı mənzildən qeydiyyatdan çıxmaq öhdəliyi götürmüşdür. Lakin satıcı üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, qardaşı Tağıyev Tərlan Xasay oğlu 2015-ci ildən hal-hazıradək qeydiyyatdan çıxmamışdır. X1 və ailə üzvlərinin,həmçinin,Tağıyev Tərlan Xasay oğlunun hansı ünvanda faktiki yaşamaları barədə məlumatı yoxdur. Mənzildə qeydiyyatda qalan Tağıyev Tərlan Xasay oğlunun mənzilin əvvəlki mülkiyyətçisinin qardaşı olması, mənzilin 2015-ci il tarixdə satılması və onun həmin ünvanda yaşamaması Sumqayıt şəhər MKTB 16 saylı MKS-in xx.xx.2023-cü il tarixli, 595 saylı arayışı ilə təsdiq olunur. Göründüyü kimi əvvəlki mülkiyyətçinin ailə üzvləri,o cümlədən Tağıyev Tərlan Xasay oğlu mənzilin satılmasına dair rəsmi qaydada razılıq vermiş, xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil mənim mülkiyyətimə keçmiəklə həmin şəxslər mənzilə mülkiyyət, həmçinin istifadə hüquqlarını itirmişlər və 8 (səkkiz) ildən artıqdır ki, orada yaşamırlar. Buna baxmayaraq Tağıyev Tərlan Xasay oğlu, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək qeydiyyatdan çıxmamışdır və qeydiyyatda qalması ilə mənim mənzil üzərində mülkiyyət hüquqlarımı pozur. Göstərilənlərə əsasən Tağıyev Tərlan Xasay oğlunun mənzilə qeydiyyatdan çıxarılması barədə Sumqayıt şəhər Polis idarəsinə ərizə ilə müraciət etmiş, həmin orqandan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbini,eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyini nəzərə alaraq sonuncunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə İnzibati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olması barədə xx.xx.2023-cü il tarixli cavab almışdır. Göründüyü kimi Tağıyev Tərlan Xasay oğlu hazırda mülkiyyətində olan mənzilə mülkiyyət hüquqlarını,həmçinin istifadə hüquqlarını itirməsinə baxmayaraq,yalnız əvvəlki mülkiyyətçinin qardaşı kimi formal qeydiyyatda qalmış,lakin onun qeydiyyatdan çıxarılması barədə Sumqayıt şəhər Polis idarəsinin müvafiq qurumuna müraciətim təmin olunmamış, pozulmuş hüquqları bərpa edilməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinin iddiaya qarşı heç bir etirazı yoxdur. İddiaçının iddiası ilə əlaqədar qərar qəbul olunarsa tərəflərindən icra olunacaqdır. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Sumqayıt şəhər Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfat Birliyi 16 saylı Mənzil- Kommunal Sahəsi tərəfindən tərtib edilmiş 595 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Tağıyev Tərlan Xasay oğlu ünvan 3 ünvanında qeydiyyatdadır. - RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 3 (Yeni qaydalarla Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, 86, M2, m2) İddiaçı mülkiyyətindədir. Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə Tağıyev Tərlan Xasay oğlu qeydiyyatdadır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan şəxsin mənzildə qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin mənzildə yaşamır. Həmin şəxs məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxs iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Tağıyev Tərlan Xasay oğlunun Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54-də yerləşən 35 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Tağıyev Tərlan Xasay oğlunun Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 54-də yerləşən 35 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar