Məhkəmə qərarları › İş №2-1(118)-4147/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4147/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4147/2024 15.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “pensiyanın ödənilməsi” tələbinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: a) İddiaçı tərəfindən təqdim olunmuş və iş materialına əlavə edilmiş sənədlər:

1. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş 5 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, 2021-ci ilin may ayından 2023-cü ilin aprel ayına kimi, cəmi 24 ay üçün ona ödənilməli olan 17.328 manat pul vəsaitinin ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin 26 may 2023-cü il tarixli, ********** nömrəli “Əlillik haqqında arayış”dan görünür ki, 24 aprel 2023-cü il tarixdə İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin olunmuşdur.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

3. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021-ci ilin may ayından 2023-cü ilin aprel ayına kimi, cəmi 24 ay üçün iddiaçıya ödənilməli olan 17.328 manat pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddia tələbinin əsasları: - iddiaçı həm şəkər xəstəsidir, həm açıq ürək əməliyyatı keçirtmişdir, həm də böyrəyi xəstədir. 2006-cı ildən 2021-ci ilin aprel-may ayına kimi İİ-ci qrup əlil kimi pensiya almışdır. Pensiya dayandırıldıqdan sonra dəfələrlə müraciət edilsə də, yalnız 2023-cü ilin aprel ayının 25-i əlillik dərəcəsi bərpa olunmuşdur. Hətta yeni müayinədən sonra xəstəlik dərəcəsi ağırlaşdığı üçün İ-ci qrup əlillik təyin edildi. Lakin əlillik bərpa olunduqdan sonra qanunsuz olaraq pensiyanın dayandırıldığı illərin pensiya pulu iddiaçıya ödənilməmişdir. Bu səbəbdən də 2021-ci ilin may ayından 2023-cü ilin aprel ayına kimi ödənilməmiş pensiya haqqının ödənilməsinə ehtiyac vardır. - Qanunvericiliyə əsasən, qanunsuz olaraq pensiya dayandırılarsa, ödənilməmiş məbləğlər yeni məzənnə ilə ödənilməlidir. İddiaçı hesab edir ki, ona ödənilməli olan 24 ayın pensiyası İ-ci qrup əlillik pensiyası kimi ödənilməlidir. Hazırda 322 manat pensiya, 300 manat təqaüd, 100 manat baxıcı pulu alır. Cəmi 722 manat edir. Həmin məbləği 24 aya vurduqda, 17.328 manat edir. Odur ki, həmin vəsaitin ödənilməsinə zərurət meydana gəlmişdir. - Bununla bağlı cavabdeh orqana müraciət edilsə də, bugünədək müsbət cavab alınmamışdır. Bu səbəbdən də mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. İddia tələbinin maddi hüquqi əsası kimi “Əlilliyin qiymətləndirilməsi qaydası haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2-ci maddəsinə istinad olunmuşdur.

6. Məhkəmə tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım edilərək, hazırkı iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi hazırki mübahisədə cavabdeh olmadıqlarını, iddianın yanlış cavabdehə qarşı qaldırıldığını bildirmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

13. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

15. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

16. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

17. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

18. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal” məktubunda qeyd olunmuşdur ki, “54. Digər bir məsələ, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna 2 iyul 2021-ci il tarixdə əlavə edilmiş 3.3-1-ci maddənin tətbiqi ilə bağlıdır. Həmin maddə onu nəzərdə tutur ki, 6 ay ərzində əlilliyin qiymətləndirilməsi həyata keçirilmişsə, birbaşa qanunun göstərişinə görə şəxsə 6 ay daxilində əlilliyin hansı tarixdən təyin edilməsindən asılı olmayaraq o, əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Ona görə də, 6 ay ərzində aparılmış əlillik təyinatı zamanı əlilliyə görə edilən ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir. Bu halda, şəxsin üzərinə əlilliklə bağlı qərarın tarixinin dəyişdirilməsinə dair iddia qaldırmaq vəzifəsi qoyula bilməz. Ödəməni həyata keçirən orqanlar onlara təqdim edilmiş əvvəlki və sonrakı əlillik təyinatına dair qərarların tarixlərini nəzərə almaqla qanunun göstərişinə əsasən müddətin bitdiyi tarixdən ödəməni aparmalıdırlar. Əgər müddətin bitdiyi tarixdən ödəmələr aparılmamışsa və ya natamam aparılmışsa, bu halda, ödəməni həyata keçirən orqanlara qarşı iddia qaldırılmalıdır.

55. “Əmək pensiyaları haqqında” Qanunun 41-ci maddəsi itə bağlı nəzərə alınmalıdır ki, həmin norma “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən pensiyanın bərpa ediləcəyini nəzərdə tutur. Yuxarıda da qeyd edildiyi kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 6 ay ərzində aparılmış əlillik təyinatının hüquqi nəticəsini belə müəyyən edir ki, şəxs əlilliyin müddətinin bitdiyi əvvəlki tarixdən əlilliyi olan şəxs sayılır. Beləliklə, qanunvericilik onu tələb edir ki, 6 ay ərzində aparılmış növbəti əlillik təyinatı zamanı ödəmələr qərarın tarixindən asılı olmayaraq müddətin bitdiyi tarixdən davam etdirilməlidir.

56. Əgər əlillik təyinatı 6 aydan sonra baş tutubsa, bu halda, ödəməni həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Şəxslər isə bu zaman özlərinin pozulmuş hüquqlarını (məsələn, onlar vaxtında müraciət etsələr də, qərar onlardan asılı olmayan səbəblərdən 6 aydan sonra verildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırmalıdırlar. Belə iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr aparılmalıdır. Bu halda, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəməni həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz.

57. Bu kateqoriyadan olan işlər üzrə müzakirə predmetinə çevrilmiş digər bir məsələ əlilliyinin qiymətləndirilməsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion səlahiyyəti olub-olmaması ilə bağlıdır ki, bu, həm də həmin orqanın etiraz və şikayətlərində irəli sürdüyü əsas arqumentlərdən biridir. İnzibati orqan mövqeyini onunla əsaslandırır ki, məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi, ləğv olunması və ya bərpa olunması özündə hüquqi və tibbi əsasları ehtiva edən qanunvericiliklə tənzimlənmiş prosedurlar əsasında aparıla bilər və bu prosedurların heç biri məhkəmə tərəfindən icra olunmamalıdır.

58. Sözügedən hüquqi məsələ ilə bağlı Ali Məhkəmənin bir sıra qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsasən əlilliyin müəyyən olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin müəyyən olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan müəyyən qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməməlidir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, şəxsin faktiki sağlamlıq vəziyyəti inzibati orqan tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin müəyyən olunması isə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, həmin orqan ona əlillik dərəcəsini təyin etməyə (sağlamlıq imkanlarının pozulmasının faiz göstəricisini müəyyən etməyə) borcludur. Yəni, əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, bu barədə qərar qəbul edilməsi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin diskresion deyil, mütləq (qapalı) səlahiyyəti kimi nəzərdə tutulmuşdur.”

21. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə icmal” məktubunda qeyd olunanları nəzərə alaraq iddiaçının nəzərinə çatdırır ki, əlillik təyinatı 6 aydan sonra baş tutduğu üçün, ödəməni həyata keçirən orqanların vəzifəsi məhz təyinat tarixindən ödəməni həyata keçirməkdən ibarətdir. Bu zaman o, pozulmuş hüquqlarını (məsələn, onlar vaxtında müraciət etsələr də, qərar onlardan asılı olmayan səbəblərdən 6 aydan sonra verildikdə) müdafiə etmək üçün əlilliyin təyinat tarixinin dəyişdirilməsinə dair inzibati orqana qarşı iddia qaldırmalıdır. Yalnız iddia uğurlu olduqdan sonra əlilliyin təyinat tarixi dəyişdirilməli və müvafiq olaraq ödəmələr aparılmalıdır. Bu halda, əlilliyin təyinat tarixi dəyişdirilmədən ödəməni həyata keçirən orqanlara qarşı qaldırılmış iddialar təmin oluna bilməz.

22. İş materialından görünür ki, iddiaçı 2021-ci ilin may ayından 2023-cü ilin aprel ayına kimi, cəmi 24 ay üçün iddiaçıya ödənilməli olan 17.328 manat pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bu işlərdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır.

23. İddiaçının ünvanına göndərilmiş hüquqi yardıma dair məktubda onun diqqətinə çatdırılmışdır ki, məhkəmə iclası “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarı və İPM-in13-cü maddəsinə əsasən, iddianın mümkünlük şərtlərinin araşdırılması və müvafiq hüquqi yardım göstərilməsi məqsədilə təyin edilmişdir.

24. İddia ərizəsinin məzmunundan və ərizəyə qoşma şəklində əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etməmişdir.

25. Qeyd olunmalıdır ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddiadır və İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir.

26. Hazırki işdə isə iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməmişdir.

27. Beləliklə məhkəmə qeyd edir ki, inzibati iş üzrə məhkəmə hətta cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə iddiaçıya hüquqi yardım etmiş olsa idi belə (baxmayaraq ki, prosesin mahiyyətinə dair onun ünvanına məktub göndərilmişdir), iddiaçı məhkəməyə qədər Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmədiyi üçün, iddia həmin vaxt da bu səbəbdən mümkün sayılmayacaqdır.

28. Məhkəmə hesab edir ki, “hüquqi yardım” formal xarakter daşımamalı, məqsədli və faydalı olmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə iddiaçıya qeyd olunan halların aradan qaldırılması ilə yenidən məhkəməyə mümkünlük şərtlərinə cavab verəcək şəkildə iddia ərizəsi ilə müraciət etmək hüququnun olduğunu izah edir.

29. Bununla da, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

30. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

NƏTİCƏVİ HİSSƏ

31. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia ərizəsi mümkün hesab edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar