Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-415/2021 26.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının vəkili (01.06.2021-ci il tarixinədək nümayəndəsi olmuş) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi və həmin torpağa iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Aqrar İslahatı Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə Məlhəm kəndi ərazisində İddiaçı mülkiyyətinə 0.21 ha həyətyanı torpaq sahələri verilmişdir. Buna dair JN-468A (kod:********) saylı "Torpağın mülkiyyətə verilməsinə dair"' Şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsinin İddiaçı mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət olunmuşdur. Cavabdehin 22.09.2020-ci il tarixli **********2 Nədi məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. İmtinanı onunla əsaslandırmışdırlar ki, “İslahat zamanı Şamaxı rayon Məlhəm kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında X2, X12 və İddiaçı adları qeyd olunmuşdur. Lakin, onların adlarına ləğv edilmiş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-466A, JN-467A, JN-468A kod ********* nömrəli şəhadətnamələrin ikinci nüsxələrinin arxiv sənədlərində və qeydiyyat kitabında qeydləri olmasına baxmayaraq, elektron baza xəritəsində öz əksini tapmamışdır. Faktiki torpaq sahələrinin yerləri sizin iştirakınızla Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən bır daha yenidən ölçülmüşdür. Naturada göstərdiyiniz torpaq sahələrinin koordinatları başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Həmin ərazidə yerləşən iki torpaq sahəsinin üzərində Şamaxı rayon Məlhəm Bələdiyyəsinin müvafiq qərarları əsasında mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bir torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir, Bir torpaq sahəsinə isə torpaq sahəsinin planı və ölçüsü sənədi işlənilmişdir. Tərəfinizdən göstərilən torpaq sahələrinin birinin üstündən yüksək gərginlikli elektrik xətti keçir. Bu səbəbdən sözügedən torpaq sahələrinin üzərində mülkiyyət hüquqlarının qeydiyyatı mümkün olmamışdır” Bu imtinanı əsassız hesab edərək hüquqlarının qorunması məqsədilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçının 01.06.2021-ci il tarixinədək nümayəndəsi və vəkili olmuş Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Bildirilir ki, İddiaçı və onun iddia ərizəsində qeyd olunan digər şəxslər X3 və X10 adları İslahat zamanı Şamaxı rayon Məlhəm kəndi ərazisindən torpaq almaq hüququ olan subyektlərin siyahısında qeyd olunmuşdır. Onların adlarına ləğv edilmiş DTXK- nın Şamaxı rayon şöbəsi tərəfindən tərtib olunmuş JN-466A, JN-467A, JN-468A, kod ********* nömrəli şəhadətnamələrin ikinci nüsxələri arxiv sənədlərində mövcuddur və qeydiyyat kitabında qeydləri vardır. Lakin, həmin şəhadətnamələr elektron baza xəritəsində öz əksini tapmırlar. JN-466A, JN-467A, JN-468A, kod 41017028 nömrəli şəhadətnamələr elektron baza xəritəsində qeyd olunmadığına görə, şəhadətnamələrdə göstərilən torpaq sahələrinin koordinatlarına dair məlumatlar mövcud deyil. İddiaçı və iddia ərizəsində qeyd olunan digər şəxslər X3 və X10 nümayəndəsi X11 tərəfindən göstərilən torpaq sahələri isə elektron baza xəritəsində 0.12 ha hissədə ləğv edilmiş DTXK tərəfindən X5 adına torpaq sahəsinin planı və ölçüsü, 0.12 ha hissədə X7 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla, 0.12 ha hissədə X4 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla, 0, 12 ha hissədə X1 adına olan JN-570H, kod 41017028 nömrəli şəhadətnamə ilə üst-üstə düşür. İddiaçı iddia etdiyi torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə, onun ərizəsinin icrası mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 2**********2 saylı, 22.09.2020-ci il nömrəli imtina məktubu, **********07 saylı, 17.11.2020-ci il il nömrəli etirazı, DTXK Şamaxı rayon şöbəsi tərəfindən verilmiş JN-468A kod 41017028 nömrəli şəhadətnamənin surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən verilmiş 09/229 nömrəli, 24.09.2021-ci il tarixli mütəxəssis rəyinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində Şamaxı rayonu Aqrar İslahat Komissiyasının 04 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə torpaq sahəsinin ayrıldığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının sabibliyində olan torpaq sahəsi DƏDRX-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 2**********2 saylı, 22.09.2020-ci il nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbində göstərilənləri aydınlaşdırmaq məqsədilə məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, İddiaçı Şamaxı rayon Aqrar islahatı Komissiyasının 04.12.1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisindən ayrılmış 0,21 ha torpaq sahəsinə verilmiş JN-468A (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə elektron baza məlumatlarında öz əksini tapmadığından həmin torpaq sahəsini naturada müəyyən etmək mümkün olmamış və İddiaçı Şamaxı rayon Aqrar İslahatı Komissiyasının 04.12.1998-ci il tarixli 17 saylı qərarı ilə Şamaxı rayonu Məlhəm kəndi ərazisindən ayrılmış 0.21 ha torpaq sahəsinə verilmiş JN-468A (********) saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən iddiaçının naturada iddia etdiyi və göstərdiyi torpaq sahəsi elektron baza məlumatlarına əsasən başqa şəxslərin mülkiyyətində və sahibliyində olan **********91 saylı “Hüquqların Dövlət Qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” və **********0192 nömrəli plan-ölçü sənədi ilə üst-üstə düşür. Göründüyü kimi ekspert rəyininə əsasən iddiaçıya ayrılmış torpaq sahəsi halhazırda hüquqi cəhətdən yüklü olduğundan, yəni digər şəxslərin torpaq sahələrinin bir hissəsi ilə üst-üstə düşdüyündən iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 311 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən Kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ******************** olan Kapital Bank ASC Xətai filialına, VÖEN **********, Hesab AZ23AİİB******************** olan "xxxx" MMC-nin hesabına ödənilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi və həmin torpağa iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Şamaxı rayonu, Məlhəm kənd ərazisində yerləşən 0,21 ha torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi və həmin torpağa iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatların dəyəri olaraq 311 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən "xxxx" MMC-nin hesabına ödənilməsi nəzərə alınsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-415/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-415/2021
26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver