Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4165/2025 28.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, mütəxəssis X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. AZE seriyalı, ******** nömrəli “Azərbaycan Respublikası Vətəndaşın Şəxsiyyət Vəsiqəsi”ndən görünür ki, İddiaçı 5 iyun 1964-cü il tarixdə doğulmuşdur.
2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 2 sentyabr 2024-cü il tarixli, 10 nömrəli arayışından görünür ki, İddiaçı 1 may 2018-ci il tarixdən halhazıradək əl ilə qaynaq aparan elektrik qaynaqçı işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 28 il, işlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri asfalt-beton zavodunda əl ilə elektrik qaynaq işlərinin aparılması olaraq göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bəndinə göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsinə uyğundur.
3. "xxxx" firmasının 4 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, İddiaçı 8 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2012-ci il tarixə kimi "xxxx" firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır.
4. "xxxx" Şirkətinin 30 oktyabr 2024-cü il tarixli,10/01 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" şirkətində 1 oktyabr 2004-cü il tarixdən (əsas: Əmr 11 nömrəli, 1 oktyabr 2004-cü il tarixli) 20 sentyabr 2007-ci il tarixədək (əsas: Əmr 15 nömrəli, 20 sentyabr 2007-ci il tarixli) olan dövrdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. İşlədiyi vəzifə üzrə şirkətdə sosial sığorta (əmək) stajı 2 il 11 ay 20 gün təşkil edir. Çalışdığı əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsi və şirkətdəki əmək fəaliyyəti dövründə zərərli və ağır əmək şəraitində yerinə yetirdiyi işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının “35. Ümumi peşələr” bölməsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə uyğundur və güzəştli şərtlə əmək pensiyasına çıxmaq üçün əsas verir.
5. "xxxx" Şirkətinin 30 oktyabr 2024-cü il tarixli,10/02 nömrəli arayışından görünür ki, İddiaçı 1 oktyabr 2004-cü il tarixdən 20 sentyabr 2007-ci il tarixədək "xxxx" şirkətində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 2004-2005-ci illər üzrə aylıq vəzifə maaşı göstərilmişdir.
6. İddiaçı dair “e-Sosial” fərdi şəxsi hesab məlumatlarından elektron çıxarışda yanvar 2006-cı il – dekabr 2024-cü il tarixədək olan kapital göstərilmişdir.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin İddiaçı dair fərdi şəxsi hesabdan çıxarışda "xxxx" Şirkətində 2006-2007-ci illər üzrə, "xxxx" Firmasında 2008-2012-ci illər üzrə, fiziki şəxs X2 2014-cü il üzrə, "xxxx" MMC-də 2012-2014-cü illər üzrə ödənilən məcburi dövlət sosial sığorta haqları göstərilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 dekabr 2024-cü il tarixli, 3-17-1/2-M-309527/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" firmasının İddiaçı dair 4 sentyabr 2024-cü il tarixli arayışında 8 yanvar 2008-ci il – 1 sentyabr 2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmağı heç bir sənədə əsasən öz təsdiqinin tapmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" firmasının 4 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də 8 yanvar 2008-ci il – 1 sentyabr 2012-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəbdən də, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 29 gün (1 oktyabr 2004-cü il – 31 avqust 2007-ci il, 1 may 2018-ci il – 30 sentyabr 2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
9. "xxxx" Firmasının 20 avqust 2025-ci il tarixli arayışından görünür ki, İddiaçı 8 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2012-ci il tarixə kimi "xxxx" firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır.
10. İddiaçı məxsus 29 oktyabr 1983-cü il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti.
11. İddiaçı məxsus 19 sentyabr 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.
12. Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən İddiaçı verilmiş Б seriyalı, 689890 nömrəli diplomun surəti.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 23 aprel 2025-ci il tarixli, 3-17-1/2-90985/2025 nömrəli məktubu ilə İddiaçı dair aparılmış inzibati icraat materialları qoşma şəklində göndərilmişdir: - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 2 sentyabr 2024-cü il tarixli, 10 nömrəli (§2) və 11 iyun 2024-cü il tarixli, 05 nömrəli arayışı; - "xxxx" firmasının 4 sentyabr 2024-cü il tarixli arayışı (§3); - "xxxx" Şirkətinin 30 oktyabr 2024-cü il tarixli,10/01 və 10/02 nömrəli arayışları (§4-5); - 16 dekabr 2024-cü il tarixli, 3-17-1/2-M-309527/2024 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktub (§8); - İddiaçı məxsus 29 oktyabr 1983-cü il tarixli, НЗ seriyalı, ******* nömrəli “Hərbi bilet”in surəti (§9); - İddiaçı məxsus 19 sentyabr 1983-cü il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti (§10); - İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 6 noyabr 2024-cü il tarixli “Müraciət vərəqəsi”; - Azərbaycan SSR X4 Təhsili Komitəsi tərəfindən İddiaçı verilmiş Б seriyalı, 689890 nömrəli diplomun surəti (§11).
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
14. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında elektrik qaynaqçısı işlədiyi illərin nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 iyun 1964-cü il təvəllüdlü iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 oktyabr 2004-cü il – 31 avqust 2007-ci il və 1 may 2018-ci il – 30 sentyabr 2024-cü il tarixlər arasındakı dövlər nəzərə alınaraq 9 il 3 ay 29 gün fəaliyyəti müəyyən edilmişdir. 2008-2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında elektrik qaynaqçısı işlədiyi illər nəzərə alınmamışdır. Bu barədə heç bir sənədlə qarşılaşmadığı bildirilsə də, əmək kitabçasında qeyd olunmuşdur.
16. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1, 39.2, 39.3, 39.4, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1, prosessual hüquqi əsası kimi isə İPM-in 33.1, 39.1-ci maddələrinə istinad olunmuşdur.
17. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 60 yaşının tamam olduğu 5 iyun 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 28 avqust 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
18. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
21. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi "xxxx" firmasının ona dair 4 sentyabr 2024-cü il tarixli arayışında 8 yanvar 2008-ci il – 1 sentyabr 2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə elektrik qaynaqçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmasının heç bir sənədə əsasən öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" firmasının 4 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də 8 yanvar 2008-ci il – 1 sentyabr 2012-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir. Göstərilən səbəbdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (9 il 3 ay 29 gün (1 oktyabr 2004-cü il – 31 avqust 2007-ci il, 1 may 2018-ci il – 30 sentyabr 2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir.
22. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 9.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bır növdən başqa novə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ona "xxxx" firmasının direktoru tərəfindən 20 avqust 2025-ci il tarixdə möhür və imza ilə təsdiqlənmiş arayış təqdim olunmuş, bununla da müəyyən edilir ki, iddiaçı əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Əlavə olaraq həm qaz, həm əl ilə qaynaq işlərinin apardığını, işi barədə məlumatın ətraflı qeyd edilməməsi onun təqsirin olmadığını qeyd etmişdir.
24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, həmçinin qeyd etmişdir ki, iddiaçının 60 yaşdan pensiya almaq hüququ vardır. Bildirmişdir ki, təqdim edilən əmək kitabçasında qeyd olunan sahə müvafiq siyahıda mövcud olmamışdır.
25. Məhkəmə iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, iddiaçının çalışdığı 2008- 2012-ci illər üzrə dövr əmək kitabçasına sonradan əlavə edilmiş, qaynaqçı sözü əlyazma ilə qaynaqaparan sözünə dəyişdirilmiş, digər illərə dair mübahisə mövcud deyildir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
27. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
28. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
29. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
30. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
33. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (-) v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; (-) ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; (-) Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. (-) Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; (-)
35. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; (-) 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”:
35. Ümumi peşələr: (-) qaz qaynaqçıları (-) əl ilə qaynaq aparan elektrik qaynaqçıları (-)
37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər.
Maddə 15. Çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri 15.1. İnzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. (-)
Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi:
38. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
39. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
40. İddiaçı tərəf tələbinin əsası kimi 2008-2012-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" firmasında elektrik qaynaqçısı vəzifəsində işlədiyinə baxmayaraq, həmin müddət güzəştli iş stajına daxil edilməmiş, nəticədə əsassız olaraq güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
41. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az, yəni 9 il 3 ay 29 gün təşkil edir. Belə ki, iddiaçının "xxxx" firmasında əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmasının heç bir sənədə əsasən öz təsdiqinin tapmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" firmasının 4 dekabr 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də 8 yanvar 2008-ci il – 1 sentyabr 2012-ci il tarixləri arasındakı dövrü güzəştli iş stajına daxil etmək mümkün deyildir.
42. Göründüyü kimi, iddiaçının ümumi sığorta stajı mübahisələndirilmir. Cavabdeh orqan yalnız ümumi stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması ilə bağlı tələbin ödənilmədiyinə əsaslanır. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən etirazın dəlilləri ilə razılaşmır.
43. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" şirkətində 1 oktyabr 2004-cü il tarixdən 20 sentyabr 2007-ci il tarixədək olan dövrdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş, işlədiyi vəzifə üzrə şirkətdə sosial sığorta stajı 2 il 11 ay 20 gün təşkil edir.
44. Bundan əlavə, iddiaçının Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxs "xxxx" MMC-də 1 may 2018-ci il tarixdən hal-hazıradək əl ilə qaynaq aparan elektrik qaynaqçı vəzifəsində işlədiyi müəyyən edilir.
45. Cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının "xxxx" firmasında əmək fəaliyyəti dövrü ilə əlaqədar məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin firmada 8 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2012-ci il tarixə kimi əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Bu hal "xxxx" firmasının 4 sentyabr 2024-cü il və 20 avqust 2025-ci il tarixli arayışları, həmçinin təqdim edilmiş iddiaçının fərdi şəxsi hesabından ödənilən məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar ilə öz təsdiqini tapmışdır.
46. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 fevral 2021-ci il tarixli, 2-1(102)-349/2021 nömrəli qərarına əsasən, “Nazirlər Kabinetinin təsdiq etdiyi 2 saylı Siyahıda Ümumi peşələr adlanan XXXİİİ bölmədə 2320000-11620 kodu ilə qaz qaynaqçıları, 23200000-19906 kodu ilə göstərilən qaynaq aparan elektrik qaynaqçıları peşələri, habelə xx xxxxxx 2007-ci ildə təsdiq edilən siyahıda Ümumi peşələr adlanan 35-ci bölmədə qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi əksini tapmışdır. 51. Göründüyü kimi, hər iki siyahıda istər qaz qaynaqçısı, istərsə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi göstərilmiş, iddiaçı da 12 il 6 aydan artıq qaynaqçı peşəsində işləmişdir. 52. Odur ki, iddiaçının güzəştli şərtlə pensiya hüququ verən peşədə azı 12 il 6 ay işləməsi sübuta yetirdiyinə görə onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yarandığından bu hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.”
47. Belə ki, göstərilən müvafiq qanunvericiliyinin məzmununu, həmçinin güzəştli staj barədə arayışı nəzərə alaraq məhkəmə müəyyən edir ki, iddiaçının 8 yanvar 2008-ci il tarixdən 1 sentyabr 2012-ci il tarixədək "xxxx" firmasında iş dövrü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci bəndinə uyğun olduğu üçün, güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
48. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
49. Beləliklə, məhkəmə araşdırılması nəticəsində iddiaçının azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.
50. İşin yuxarıda müəyyən edilmiş hallarından aydın şəkildə görünür ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu 5 iyun 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova