Məhkəmə qərarları › İş №2-1(118)-417/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-417/2020

06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-417/2020 06.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinin iddiaçının işlədiyi illərin iş stajına daxil edilməsindən imtinasının qeyri-qanuni hesab edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı əmək pensiyasının yenidən hesablanması üçün DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmiş, lakin həmin şöbənin xx xxxxxx 2019-cu il tarixli, **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.2019-cu il tarixədək fasiləsiz 47 il iş stajı var. Onun sosial kartında 29 min manat pul yığılmışdır. Bütün bunlara baxmayaraq DSMF-nin Sumqayıt şəhər şöbəsində iddiaçıya 44 il iş stajı hesablanmışdır. Bunun müqabilində 369.27 manat təqaüd verilir. xx xxxxxx 2020-ci il tarixində keçirilən məhkəmə iclasında İddiaçı iştirak etmiş və bildirmişdir ki, onun pensiyası az hesablanmışdır. Onun yanında işləyən bir-çox işçisi ondan çox pensiya alır. Cavabdehə şikayət edəndən sonra onun pensiyası az miqdarda artırılmışdır. Lakin o bu məbləğlə razılaşmayıb, yenidən müraciət etsədə, onun pensiyasını artırmamışlar. İddiaçı hesab edir ki, onun işlədiyi dövrlərin hamısı nəzərə alınaraq pensiyası artırılmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı 2006-cı il yanvar ayının 1-dən sonra sosial sığorta stajı olduğuna görə iddiaçıya avtomatik pensiya təyinatı aparılmış,2006-cı il yanvar ayının birinə qədər 25 il sosial sığorta stajı nəzərə alınmışdır. Vətəndaş müraciət etdikdən sonra xx.xx.2006-cı il tarixədək 37 il 2 ay 13 gün sosial sığorta stajı nəzərə alınaraq yenidən hesablama aparılmışdır. Lakin, iddiaçı təkrar müraciət etmişdir. İddiaçıya qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı, 2006-cı il yanvar ayının 1-dən sonra isə fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı nəzərə alınmışdır. Ona görədə iddianı əsassız hesab edirlər və rədd edilməsini xahiş edirlər. Məhkəməyə yuxarıda adı qeyd olunan sənədlər təqdim edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsi yaşa görə əmək pensiyasının məbləğini aşağıdakı kimi müəyyən edir. 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.[39] 10.3. Yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən, Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) pensiya sığorta kapitalının (PSK) gözlənilən pensiya ödənişi müddəti aylarının sayına nisbəti kimi (SH=PSK/T) müəyyən edilir. Həmin Qaydaların 4.2.2-ci bəndinə əsasən yaşa görə pensiyanın təyin olunması üçün ilk növbədə müraciət edən şəxslərin pensiya kapitalı hesablanır. Bu məqsədlə onun 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. 2006-cı il 01 yanvar tarixindən sonra isə müraciət edən şəxsin fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı hesablanır. İddiaçıya məxsus pensiya işi materiallarından da görünür ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun olaraq yenidən hesablama aparılmış, qeyd olunan qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı, 2006-cı il yanvar ayının 1-dən sonra isə fərdi hesabının sığorta hissəsindəki pensiya kapitalı nəzərə alınmış, iddiaçıya yaşa görə əmək pensiyası hesablanarkən cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə riayət edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar