Məhkəmə qərarları › İş №2-1(118)-4174/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4174/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4174/2024 30.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “əməkhaqqının atımla ödənilməsi və dövlət qurumlarının ona vurduğu ziyana görə 5000 manat maddi təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.02006-cı ildən xx.xx.2017-ci ilədək işləyərkən aldığı 58.121,42 manat gəlirin 10 faizini və dövlət qulluqçuların hərəkətsizliyi nəticəsində ona dəymiş ziyanın əvəzi olaraq 5000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ona verilməsini Nazirlər Kabinetindən tələb etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Ona görə də məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iddiaçıya hüquqi yardım edilərək, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsində Nazirlər Kabinetinin səlahiyyətləri onun diqqətinə çatdırılmış və Nazirlər Kabineti tərəfindən vurulmuş zərərin qarşılanması üçün müstəqil hesabının olmaması və qeyd olunan zərərlə bağlı məsələlərinin həlli ilə bağlı Nazirlər Kabinetinə daxil olan müvafiq icra hakimiyyəti orqanları tərəfindən həll edildiyi diqqətinə çatdırılmış, lakin iddiaçı onun yaşadığı kəndin adının qeyd olunan siyahıya salınmaması ucbatından aldığı əmək haqqı və sonradan aldığı pensiya məbləğinə təsir etməsində Nazirlər Kabinetini təqsirli bilərək düşdüyü zərəri Nazirlər Kabinetindən tutulmasını məhkəmədən xahiş etdi. Belə olan halda məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı xx.xx.02006-cı ildən xx.xx.2017-ci ilədək Təhsil Nazirliyinin nəzdində əmək fəaliyyəti ilə məğul olmuş və onun əmək pensiyasına edilmiş əlavələrin məbləğindən narazıdır. Bununla bağlı Nazirlər Kabinetinə müraciət etmiş və NK tərəfindən iddiaçının müraciətinin həll edilməsi müvafiq qurumlara tapşırılmışdır. İddiaçı hazırkı tələbi birbaşa Nazirlər Kabinetinə ünvanlayaraq, məsuliyyətin həmin qurumun daşımasını iddia edir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi düzgün cavabdehə ünvanlanmamışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yanında yuxarı İcra Hakimiyyəti orqanıdır. Nazirlər kabinetinin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsində təsbit edilmişdir.Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti:-Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;- Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;- dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;- dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir;- nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;-Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir. Göründüyü kimi Nazirlər Kabineti üzərinə düşən vəzifəni yerinə yetirərək, iddiaçının müraciətlərini müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına yönlətdirmişdir. Belə olan halda hazırkı cavabdeh iddiaçının müvafiq tələblərini həyata keçirməkdə məsuliyyət daşımır və NK-nın cavabdeh qismində olması yolverilməzdir. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Ona görə də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı “əməkhaqqının atımla ödənilməsi və dövlət qurumlarının ona vurduğu ziyana görə 5000 manat maddi təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar