Məhkəmə qərarları › İş №2-1(118)-418/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-418/2022

01.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-418/2022 01.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafeyva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia qaldıraraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1955-ci il təvəllüdlü olmaqla Qusar rayonun Samur qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Əmək fəaliyyətinə 1972-ci ildə başlamış, 24 dekabr 1972-ci il tarixli 327 saylı əmrə əsasən, Qusar rayonun sabiq “Oktyabr İnqilabı” sovxozuna çilingər işinə təyin olunmuş, 1978-ci ilin noyabr ayına kimi çilingər işləmiş, 20 noyabr 1978-ci il tarixli 372 saylı əmrə əsasən, həmin sovxozda sürücü təyin edilməklə çilingər işindən azad olunmuş və 30 sentyabr 1998-ci il tarixə kimi həmin sovxozda sürücü işləmiş, 30 sentyabr 1998-ci il tarixli 65 saylı əmrə əsasən sovxozda aparılan aqrar islahatları ilə əlaqədar sürücülük işindən azad olunmuşdur. 2020-ci ilin iyul ayında müvafiq sənədləri təqdim etməklə cavabdeh təşkilatdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh, yəni DSMF Qusar rayon şöbəsi 13 iyul 2020-ci il tarixli **********5 saylı məktubu ( Qərarı ) ilə yaşa görə əmək pensiyasının təyin edilməsini qeyri mümkün hesab etmişdir. İmtina məktubu tərəfindən işə daxil olma əmrləri və əmək haqqları barədə rəsmi məlumatın olmaması ilə əsaslandırılmışdır. İddiaçı DSMF Qusar rayon şöbəsinin yuxarıda sözügedən məktubu ( Qərarı ) ilə razı deyil, ona görə də 2021-ci ilin oktyabr ayının əvvəllərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına əlavə sənədlər təqdim etməklə pensiya işinə ikinci dəfə baxılmasını xahiş etmiş. Cavabdeh təşkilat 11 oktyabr 2021-ci il tarixli **********4 saylı məktubla ( Qərarla ) yaşa görə əmək pensiyasını təyin etməkdən imtina etmiş, təqdim etdiyi sənədləri nəzərə almamışdır. Cavabdeh təşkilatın 11 oktyabr 2021-ci il tarixli **********4 saylı Qərarını da qanunsuz və əsassız hesab edir. Belə ki, 01 mart 1996-cı il tarixdə Qusar rayonunun Samur sovxozunun (sabiq Oktyabr İnqilabı) inzibati binasında baş vermiş yanğın nəticəsində sənədlər məhv olunmuşdur. Sonradan müvafiq Komissiya tərəfindən sovxoz fəhlələrinin adlı siyahısı bərpa olunmuş, yanğından xilas olunmuş sənədlər əsasında həmin siyahıda bir sıra məlumatlar verilmişdir. Həmin siyahı üzrə 313 nömrə ilə o, yəni İddiaçı qeyd olunmuş, dekabr 1972-ci ildən sürücü işləməyi qeyd edilmişdir. Yanğından xilas olunan sənədlər əsasında adına əmək kitabçasının dublikatı tərtib edilmiş, həmin dublikatda sovxoza 1972-ci ildə çilingər işinə qəbul edilməsi barədə, 1978-ci ildə çilingər işindən sürücülük işinə keçirilməsi barədə, həmçinin 1998-ci ildə işdən azad olunmağı barədə rəsmi əmrlər qeyd edilmiş, 1996-cı ildən 1998-ci ilə kimi hesablanmış əmək haqqı barədə Arxiv arayışı mövcuddur. Başqa hər hansı bir təşkilatda işləməmişəm, təqdim etdiyi sənədlərlə sübuta yetirilir ki, ümumi əmək stajı 25 il 9 ay 7 gün təşkil edir, hesab edir ki, həmin iş stajına görə ona yaşa görə əmək pensiyası təyin edilməlidir. (fəhlələrin bərpa edilmiş adlı siyahısı, əmək kitabçasının dublikatı, yanğın haqqında 13 sentyabr 2021-ci il tarixli 37/37-21 1 saylı arayış və 1996-1998-ci illər üzrə əmək haqqı barədə 18.03.2020-ci il tarixli 106 saylı arxiv arayışı əlavə olunur ). DSMF Qusar rayon şöbəsinin 13 iyul 2020-ci i) tarixli **********5 saylı və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının 11 oktyabr 2021-ci il tarixli **********4 saylı qərarlarını qanunsuz və əsassız sayır, şərh olunan qərarların etibarsız sayılmasına, iddiaya əlavə olunmuş sənədlərdə əks olunmuş iş dövrünün sosial sığorta stajına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının üzərinə qoyulmasını zəruri sayır. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aşağıdakı xüsusatlara görə iddiaçının tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Cavabehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyası 64 yaş 06 aydan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır. 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olması nəzərə alınmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Lakin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh orqan da şübhə yaradan hal mübahisələndirilən dövrlər üzrə müvafiq qeydlər aparılsa da, həmin dövrlər müəssisə rəhbərinin imzası ilə təsdiq olunmamış və Qusar rayonunun sabiq “Oktyabr İnqilabı” adına sovxozun kadr üzrə inspektoru tərəfindən dublikat yazılaraq təsdiqlənmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyası təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Bu səbəbdən tərəflərindən Qusar rayon Dövlət Arxivinə sorğu göndərilmişdir. Lakin sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı sabiq “Oktyabr İnqilabı” adına sovxozun direktorunun 30.09.1988-ci il tarixli, 65 saylı əmri ilə müəssisədə aparılan aqrar islahatla əlaqədar 30.09.1998-ci ildən işdən azad edilmişdir. Lakin işə daxil olma əmrləri, o, cümlədən 1996-cı il tarixədək əmək haqqı cədvəlləri barədə hər hansı məlumat olmadığı üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Həmçinin 30.12.2021-ci il tarixli 519/70 nömrəli arxiv arayışından göründüyü kimi, iddiaçı 1996, 1997, 1998-ci il tarixlərdə müəyyən aylarda əmək haqqı almamışdır. Əmək pensiyaları Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15.05.2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pesiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Əlavə olaraq qeyd etmək lazımdır ki, İddiaçı sosial sığorta stajı arxiv arayışı əsasında qəbul edilsə belə, onun stajı 24 il 9 ay 6 gün təşkil edəcəkdir. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit edilmiş digər hüquqlarla bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsinin və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - ИТ-İ ******* saylı əmək kitabçasının surətindan görünür ki, İddiaçı 24 dekabr 1972ci ildən 30 sentyabr 1998-ci ilə qədər “Oktyabr inqilabı” adına üzümçülük sovxozunda işləmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 18.03.2020-ci il tarixli, 106 saylı arxiv arayışında, Samur İstehsal və Emal müəssisəsinin şəxsi hesab kitablarına əsasən İddiaçı 1996-1998-ci illərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - 17 dekabr 1987-ci il vəziyyətinə “Oktyabr İnqilabı” adına üzümçülük sovxozunda işləyən fəhlələrin adlı siyahısının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı dekabr 1979-cu il tarixdən həmin sovxozda işləmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX Qusar rayon X2 İdarəsinin 13 sentyabr 2021-ci il tarixli məktubundan görünür ki, 01 mart 1996-cı il tarixində Qusar rayonunun Tahircal palasa kəndində Samur sovxozunun (sabiq Oktyabr İnqilabı) inzibati binasında yanğın baş vermişdir. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin 162 saylı, 18 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 30.11.1974-cü ildən 12.1976-cı ilədək keçmiş SSRİ silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivinin 30.12.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, X4 Üzümçülük sovxozunun 07 mart 1995-ci il tarixli 28 nömrəli əmri ilə 1993/1994-cü illər hesabına növbəti məzuniyyətə buraxılmış, 65 saylı 30 sentyabr 1998-ci il tarixli əmrlə işdən azad edilmişdir. Həmin arxiv çıxarışında eyni zamanda qeyd edilmişdir ki, rayon arxivində saxlanılan keçmiş Oktyabr İnqilabı üzümçülük sovxozunun sənədlərindən görünür ki, sonradan həmin sovxoz Samur üzümçülük sovxozu və sonda X6 və emalı müəssisəsi kimi adlandırılmış, lakin bu barədə rayon arxivində saxlanılan sənədlərdə və əmrlər kitabında heç bir məlumat aşkar edilmədi. Oktyabr İnqilabı sovxozu, Samur üzümçülük sovxozu və X6 müəssisəsinə aid olan əmr kitabları 17.11.1987-ci ildən, 1988, 1989, 1990, 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997 və 1998-ci illəri, şəxsi hesab kitabları isə 1996, 1997, 1998-1999-2000-ci illəri əhatə edir. 17.11.1987-ci ilə qədər olan şəxsi hesab kitabları rayon dövlət arxivinə təhvil verilməmişdir. - Cavabdehin iddiaçıya ünvanladığı 11 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMAHİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edir. Eyni zamanda iddiaçının 24.12.1972-ci ildən 30.09.1998-ci ilədək sovxozda işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək pensiyaları haqqında Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının 24.12.1972-ci ildən 30.09.1998-ci ilədək “Oktyabr İnqilabı” sovxozu və Samur üzümçülük sovxozunda işləməsi dövlət arxivinin yuxarıda adları qeyd olunan arayışları ilə də təsdiq olunur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan dövrlər, onun əmək stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar