Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4186/2023 22.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şabran rayon Polis şöbəsinə qarşı “İddiaçı xx.xx.2022-ci il saat 13:00-dan, xx.xx.2022-ci il saat 12:00-a qədər Şabran rayon Polis şöbəsində olması(saxlanması) barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və mübahisənin düzgün həll edilməsi üçün həmin tarixlərdə iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-** mobil nömrələr üzrə telefonun anten dairəsinin müəyyən edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini İlhamə Tapdıqovanın şikayəti əsasında xx.xx.2022-ci il tarixində saat 13:00 Şabran rayon Polis şöbəsinə gətirilmişdir və adiyyəti üzrə müəyyən araşdırma aparıldığdan sonra ertəsi günü, yəni xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində sərbəst buraxılmışdır. Lakin Şabran rayon Polis şöbəsi iddiaçının qeyd edilən tarixlərdə və zaman kəsiyində şöbədə saxlanmağı faktını təkzib edir və bununla da, yəni İnzibati orqanın həqiqəti təhrif edən hərəkəti nəticəsində iddiaçının əmək hüquqları və qanunla qorunan maraqları pozulmuşdur. Belə ki, iddiaçının rəsmi müraciətinə cavab olaraq inzibati orqan bildirir kı, “X1 xx.xx.2022-ci il tarixdə saat 13:02-də məlumatına əsasən iddiaçı, onunla birlikdə müvafiq araşdırma aparmaq məqsədi ilə saat 15 radələrində Şabran rayon Polis şöbəsinə gətrilmiş və zəruri araşdırma aparıldığdan sonra hər ikisi həmin günü, başqa sözlə xx.xx.2022-ci il tarixdə təxminən saat 18 radələrində, yəni 3 saatdan sonra sərbəst buraxılmışdır”. İnzibati orqanın həqiqəti təhrif etməsini, yəni qeyd edilən tarixlərdə və göstərilən zaman kəsiyində iddiaçının Şabran rayon Polis şöbəsində olma (saxlanılma) faktını, üzərindən götürülən və polis şöbəsində saxlanılan mobil telefonun anten dairəsinə (məlumatlarına ***-***-**-**, ***-***-**-**) əsasən müəyyən etmək olar. İnzibati orqanın həqiqəti təhrif edən hərəkəti nəticəsində onun əmək hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğuna görə İPM-nin 35-ci (İddianın mümkünlüyü) maddəsinin tələbinə görə hazırda irəli sürülmüş məcburetmə haqqında iddia mümkün sayılmalıdır. Habelə İPM-nin 46-cı maddəsinin mənasına görə mübahisənin düzgün həll edilməsi üçün xx.xx.2022-ci il tarixində saat 13:00-dan, xx.xx.2022-ci il tarixində saat 12:00-a qədər iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-** nömrələr üzrə mobil telefonun anten dairəsinin müəyyən edilməsinə dair iddiaçını vəsatəti təmin edilməlidir. AR İPM-nin 12-ci (İşin hallarının araşdırılması prinsipi) maddəsinə əsasən “Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər”. Habelə AR İPM-nin 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsinin mənasına görə “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur”. Bu Məcəllənin 33-cü ( Məcburetmə haqqında iddia) maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara,həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir.Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddiaya münasibətində qeyd edir ki, Bakı şəhəri, Binəqədi rayonu, 1ci Mədən, korpus 37 ünvanında yaşayan X3 xx.xx.2022-ci il tarixdə saat 13-02-də DİN-nin 102 məlumat xidmətinə zəng edərək, Şabran rayonu Rəhimli kəndinin ərazisində yerləşən “Bağçalı” otelində cinsi təcavüzə məruz qalması barədə verdiyi məlumat əsasında şöbənin əməliyyat qrupu dərhal hadisə yerinə getmiş və hadisə yerində otelin 512 nömrəli otağında İlhamə Tapdıqova ilə birlikdə olan şəxs İddiaçı olduğuna görə müvafiq sənədləşmə aparıldıqdan sonra məlumatın araşdırılması üçün sonuncu İlhamə Tapdıqova ilə birlikdə saat 15 radələrində Şabran RPŞ-nə gətirilmiş və zəruri araşdırma aparıldıqdan sonra hər ikisi həmin günü təxminən saat 18 radələrində sərbəst buraxılmışlar. Araşdırma nəticəsində toplanmış material üzrə RPŞ-nin İB-nin rəisi, polis polkovnikleytenantı Etiqad Bayramov tərəfindən xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, lakin İddiaçınm əməlində Azərbaycan Respublikası İXM-nİn 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın əlamətləri aşkar olunduğuna görə barəsində müvafiq qaydada inzibati tədbir görülmüşdür. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Təqdim edilmiş sənədlərdən görünür ki, Şabran rayon X4 Bölməsinin rəisi, polkovnik leytenantı, Etiqad Bayramovun 06 oktyabr 2022-ci il tarixli Qərarı ilə İddiaçı əməlində cinayət tərkibi aşkar olunmadığı səbəbindən onun barəsində cinayət təqibinin və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(031)-619/2022 saylı Qərarı ilə İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Göründüyü kimi mübahisə inzibati orqanın cinayət təqibi ilə bağlı fəaliyyəti ilə əlaqədar yaranmışdır. İnzibati icraat haqqında Azərbaycan Respublikasının qanunun üçüncü maddəsi həmin qanunun tətbiqi dairəsini müəyyən etmişdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 3.2. Bu Qanun inzibati orqanların: 3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; 3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələbinə görə qanunda başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələrdə həyata keçirilir. Göründüyü kimi qanunverici inzibati mübahisələrin məhkəmə aidiyyətinin başqa qaydalarının qanunda nəzərdə tutula biləcəyini istisna etmir. Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənən hüquq münasibətləri mahiyyəti etibarı ilə publik hüquq səhəsinə aid olsa da, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi qanunun tətbiq dairəsini müəyyən edərək, həmin qanunun normalarının inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 15.3-cü bəndindədə qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, cinayət təqibi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-4186/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4186/2023
22.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver