Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-419/2021 27.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X11 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “24.11.2006-cı il tarixli 4ə-996 saylı alqısatqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu, Əski-İqrik kənd bələdiyyəsinin 10.04.2006-cı il tarixli qərarı ilə, kənd ərazisindən fərdi yaşayış evinin tikilməsi ilə bağlı Quba rayonu, Əski-İqrik kənd sakini E.Məmmədova 0,10 ha torpaq sahəsi ayrılmış və 25.09.2006- cı il tarixli Torpaqların alqı-satqısına dair aktla həmin torpaq sahəsi ona ayrılmaqla Quba rayon Torpaq şöbəsində 1258 nömrə ilə qeydiyyata alınmışdır. 24.11.2006-cı il tarixdə qeyd olunan torpaq sahəsi Quba rayon Notariat kontoru vasitəsi ilə iddiaçıya satılmışdır. Bundan sonra iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edilmiş və Quba RİH Başçısının 28.03.2007-ci il tarixli Sərəncamı ilə təqdim etdiyi lahiyə əsasında iddiaçıya fərdi yaşayış evinin tikilməsinə razılıq verilmişdir. 2007-ci ilin sentyabr ayında qəbul komissiyası tərəfindən inşa edilmiş evin istismara verilməsi barədə aktda hazırlanmışdır. Hazırda, mülkiyyətində olan torpaq sahəsinin və fərdi yaşayış evinin qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Lakin idarənin 25.10.2020 tarixli məktubu ilə evinin və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədləri iddiaçıya verməkdən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X8 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı səlahiyyətli nümayəndəsi X10 rayonu Əski İqriq kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 08.10.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 15.10.2020-ci il tarixli **********81 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Quba rayonu Əski İqriq kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş 09.10.2020- ci il tarixli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan 0.10 ha torpaq sahəsini X3 Quba rayon dövlət notariat kontoru tərəfindən təsdiqlənmiş 24.11.2006-ci il tarixli 4Ə-996 reyesr nömrəli yarımçıq tikilinin alqısatqı müqaviləsi əsasında almısınız. Məlumat üçün bildiririk ki, E. M. Məmmədov 0.10 ha torpaq sahəsini Quba rayon Əski İqriq bələdiyyəsinin 10.04.2006-ci il tarixli 04 saylı qərarı əsasında əldə elmiş və mülkiyyət hüquqlarını dövlət reyesttrində qeydiyyata alınmadan sizə satmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Bu səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi barədə qəbul komissiyasının 2008-ci il tarixli Akta əsasən Quba rayonu, Əski-İqrik kəndində inşası başa çatdırılmış İddiaçı məxsus fərdi yaşayış evi tikinti norma və qaydalarına, sanitar gigiyenik və yanğın təhlükəsizliyi tələblərinə uyğun verildiyindən təyinatına uyğun istifadə üçün yararlı hesab edilmiş və istismara qəbul edilmişdir. Quba rayon İcra Hakimiyyəti Başçısının 28 mart 2007-ci il tarixli 87 saylı Sərəncamına əsasən X6 29 yanvar 2007-ci il tarixli ərizəsi, 0.1 ha torpaq sahəsində olan yarımçıq tikintinin alqı-satqısına dair 24 noyabr 2006-cı il tarixli müqavilə və mütəxəssis komissiyasının 14 fevral 2007-ci il tarixli akt-rəyi nəzərə alınmaqla ona Əski-İqrik kəndinin ərazisində yerləşən 0.1 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaqların alqı-satqısına dair 25 sentyabr 2006-ci il tarixli aktdan görünür ki, Quba rayon Əski-İqriq bələdiyyəsi ərazisində 0.10 ha torpaq sahəsinin X1 barədə 10 aprel 2006cı il tarixli “04” saylı qərar əsasında həmin akt tərtib edilmişdir. Quba rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş 24.11.2006-cı il tarixli 4Ə-996 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.10 ha torpaq sahəsində yerləşən yarımçıq tikilini X2 Mahir Qüdrət oğluna satmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddiaçı, 24.11.2006-cı il tarixli 4ə-996 saylı alqı-satqı müqaviləsi ilə əldə etdiyi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh tərəfindən aparılan araşdırma zamanı isə müəyyən edilmişdir ki, X9 0.10 ha torpaq sahəsini Quba rayon Əski İqriq bələdiyyəsinin 10.04.2006-ci il tarixli 04 saylı qərarı əsasında əldə etmiş və mülkiyyət hüquqlarını dövlət reyestrində qeydiyyata alınmadan İddiaçı satılmışdır. Cavabdeh inzibati orqanın imtinasının əsasını bu hal təşkil edir. İş materialları ilə müəyyən olunur ki, Quba rayon Əski-İqriq bələdiyyəsi ərazisində 0.10 ha torpaq sahəsinin X1 barədə 10 aprel 2006-cı il tarixli “04” saylı qərar qəbul edilmişdir. Quba rayon Notariat Kontoru tərəfindən təsdiqlənmiş 24.11.2006-cı il tarixli 4Ə- 996 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında 0.10 ha torpaq sahəsində yerləşən yarımçıq tikilini X2 Mahir Qüdrət oğluna satmışdır. Lakin iddiaçıya daşınmaz əmlak satmış X4 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilən normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən daşınmaz əmlakın alqı satqı müqaviləsi qanunvericiliyin tələblərinə cavab vermədiyi üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdədə bəyan olunan hüquqlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluq müəyyən edilmiş və inzibati orqan əsaslı olaraq imtina etmişdir. Buna görədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi Quba rayonu Əski-İqrik kənd ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ilə yanaşı həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. İş materiallarından görsənir ki, iddiaçıya həmin torpaq sahəsində müvafiq dövlət orqanı tərəfindən tikinti aparılmasına icazə verilmiş və müvafiq olaraq istismara qəbul edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı təqdim edilən sənədlər qeydiyyat üçün əsas təşkil etmədiyi üçün, iddiaçının vahid əmlak kimi torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi əsaslı hesab oluna bilməz. Lakin məhkəmə qeyd edir ki, hazırda təqdim edilən sənədlər əsasında iddiaçının mülkiyyət hüququnun qeydə alnması əsasları yaranmasada, onun müəyyən hüquqularının yaranması və mülkiyyət hüququn qeydiyyatı üçün zəruri olan digər sənədləri əldə etmək imkanın olması istisna edilmir. Hər bir halda iddiaçının təqdim etdiyi sənədlər mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün kifayət etmədiyi üçün məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-419/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-419/2021
27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver