Məhkəmə qərarları › İş №2-1(118)-4192/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4192/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4192/2025 23.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpağa dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Talabıqışlaq Bələdiyyəsinin 20 oktyabr 2001-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı və 20 noyabr 2006-cı il tarixli torpaqların alqı- satqısına dair aktı ilə satılmış 0.08 ha və Quba rayon Talabıqışlaq Bələdiyyəsinin 16 sentyabr 2006-cı il tarixli, 18 saylı iclas protokolunun qərarı və 20 noyabr 2006- cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0.04 ha torpaq sahəsinin iddiaçının mərhum əri X4 məxsus olması barədə arayışların verilməsi öhdəliyin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Quba rayon Talabıqışlaq bələdiyyəsinin 20 oktyabr 2001-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı və 20 noyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,08 ha və Quba rayon Talabıqışlaq bələdiyyəsinin 16 sentyabr 2006-cı il tarixli, 18 saylı iclas protokolunun qərarı və 20 noyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,04 ha torpaq sahəsini 1 il ərzində özgəninkiləşdirməklə X4 məxsus olması barədə arayışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 20 oktyabr 2001-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı ilə iddiaçının mərhum əri X3 adına Quba rayonu Talabıqışlaq kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göstərilən torpaq sahəsinin dəyəri olan 720000 manat məbləğində pul mərhumun əri Famil İdrisov tərəfindən 18 dekabr 2001-ci il tarixdə rəsmi qəbzə bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin qərar əsasında 20 noyabr 2006-cı il tarixdə Talabıqışlaq bələdiyyəsinin sədri G.İ.Qeybullayevin, Quba rayon torpaq şöbəsinin müdiri A.A.Xudaverdiyevin və iddiaçının mərhum əri F.M.İdrisovun iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Bundan əlavə Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 16 sentyabr 2006-cı il tarixli, 18 saylı iclas protokolunun qərarı ilə iddiaçının mərhum əri X3 adına Quba rayonu Talabıqışlaq kəndi ərazisindən 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göstərilən torpaq sahəsinin dəyəri olan 36 manat məbləğində pul iddiaçının əri Famil İdrisov tərəfindən 11 sentyabr 2006-cı il tarixdə rəsmi qəbzlə bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin qərar əsasında 20 noyabr 2006-cı il tarixdə Talabıqışlaq bələdiyyəsinin sədri G.İ.Qeybullayevin, Quba rayon torpaq şöbəsinin müdiri A.A.Xudaverdiyevin və əri F.M.İdrisovun iştirakı ilə torpaqların alqısatqısına dair akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Hər iki torpaq sahəsi bir-birinə bitişik yerləşməklə bir hasarın içindədir. Torpaq sahələri qərarlarla satıldığı vaxtdan iddiaçının qanuni istifadəsindədir. 2010-cu ilin ortalarında iddiaçının əri X5 işsizlikdən Rusiya Federasiyasına getmiş və orada özünə iş tapıb yaşamışdır. O, mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib getmiş və ailənin dolanması üçün maddi yardım göstərmişdir. 15 yanvar 2023-cü il tarixdə iddiaçının əri X5 yaşadığı Rusiya Federasiyası İvanovo vilayətinin İvanovo şəhərində vəfat etmiş və onun cənazəsini Quba rayonu Talıbıqışlaq kəndinə gətirərək burada dəfn etmişdir. 22 iyul 2024-cü il və 28 sentyabr 2024-cü il tarixlərdə iddiaçı bütün lazımi sənədləri əlavə etməklə 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi ərizələr ilə müraciət edərək, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 20 oktyabr 2001 -ci il tarixli, 17 saylı qərarı və 16 sentyabr 2006-cı il tarixli, 18 saylı qərarı, 20 noyabr 2006-cı il tarixli torpaqların alqısatqısına dair aktları ilə Quba rayonu Talabıqışlaq kəndi ərazisindən verilmiş 0.08 ha və 0.04 ha torpaq sahələrinin iddiaçının mərhum əri X4 məxsus olması haqqında ölən şəxsin adına arayışların verilməsini xahiş etmişdir. Həmin ərizələrə 5 saylı Xaçmaz Ərazi İdarəsinin rəisi Qərib Həsənovun imzası ilə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2- 15256/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-15941/2024 saylı məktublarla rədd cavabları verilmişdir. Cavabdehin həmin arayışların verilməsindən imtinası qanunsuz və əsassızdır. Belə ki, Quba rayon Talabıqışlaq bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 17 saylı qərarı ilə 0,08 ha torpaq sahəsinin və 16 sentyabr 2006-cı il tarixli, 18 saylı qərarı ilə 0.04 ha torpaq sahəsinin satılması qərara alınarkən iddiaçının mərhum əri X5 Azərbaycan Respublikasının vətəndaşı olmuş və torpaqların alqı- satqısına dair 20 noyabr 2006-ci il tarixli aktda onun şəxsiyyət vəsiqəsinin nömrəsi göstərilmişdir (AZE 03500580, Quba rayon Polis Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmişdir). İddiaçının əri X1 Rusiya vətəndaşlığına aid pasportu alsa da o, Azərbaycan Respublikası vətəndaşlığından çıxmamış və ya çıxarılmamışdır. xx.xx.2010-cu il tarixdə onun adına Quba rayon Polis Şöbəsi tərəfindən AZE 07622617 saylı Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Beləliklə, Quba rayon Talabıqışlaq bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı ilə iddiaçının əri X4 0,08 ha torpaq sahəsi və 16 sentyabr 2006-cı il tarixli, 18 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi satılarkən o, Azərbaycan Respublikasının vətəndaşı olmuş, 15 yanvar 2023-cü il tarixdə vəfat edənədək Azərbaycan Respublikası vətəndaşlığından çıxmamış və ya çıxarılmamışdır. Cavabdehin imtina məktublarında bələdiyyə tərəfindən tərtib edilmiş yerquruluşu xəritəsindən sxemlərin Quba rayon Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilməməsinə istinad etməsi əsassızdır. Burada vətəndaş olaraq iddiaçının əri X3 heç bir günahı yoxdur. Ona görə də, cavabdehin imtinası tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Dövlət Reyestri haqqında Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

4. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, ünvan 3i ərazisində yerləşən 0,08 mərhum X4 məxsus olması haqqında ölən şəxsin adına arayışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət ölən şəxsin adına arayışın verilməsi ilə bağlı müraciət etdiyiniz Quba rayonu, Talabıqışlaq bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 17 saylı iclas protokolu əsasında ayrılmış 0,08 ha torpaq sahəsinin mülkiyyətçisinin xarici ölkə vətəndaşı olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5.2-ci maddəsinə uyğun olaraq, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində mülkiyyət hüququnun subyektləri Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxslərdir. Həmin Məcəllənin 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Bildiririk ki, 0,08 ha torpaq sahəsinə dair təqdim edtiyiniz, bələdiyyə tərəfindən tərtib edilmiş 1:10000 və 1:2000 miqyaslı yerquruluşu xəritəsindən çıxarışlar Quba RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfində təsdiq edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən, ərizənizin icrasından imtina olunur.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun ştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi torpaq mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. X5 ilə İddiaçı arasında nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında nikah 16 avqust 1999-cu il tarixdə bağlanmışdır.

13. VГ-ЖГ 477496 nömrəli ölüm haqqında şəhdətnamədən görünür ki, X5 15 yanvar 2023-cü il tarixdə vəfat etmişdir.

14. Quba rayon Talabıqışlaq bələdiyyəsinin verdiyi 27 sentyabr 2024-cü il tarixli, 91 nömrəli arayışdan görünür ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsi tərəfindən X4 ondan ötəri ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 3-48-DA-6F/2-J-450-39/2A24 nömrəli arxiv arayışına əsasən, X4 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Talabıqışlaq bələdiyyəsinin 20 oktyabr 2001-ci il tarixli 17 saylı iclas protokolunun 17.2 saylı qərarı qüvvədədir və çıxarışın verilməsinə etiraz etmirik.

15. Quba rayon Talabıqışlaq bələdiyyəsinin verdiyi 02 fevral 2024-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsi tərəfindən X4 ondan ötəri ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 3-48-DA-6F/2-1-82--39/2024 nömrəli arxiv arayışına əsasən X4 fərdi yaşayış evinin tikintisi məqsədi ilə Talabıqışlaq bələdiyyəsinin 16 sentyabr 2006-cı il tarixli 18.1 və 18.2 saylı qərarları qüvvədədir və çıxarışın verilməsinə etiraz etmirik.

16. Dövlət arxivinin Quba filialı tərəfindən təqdim edilmiş Quba rayonu Talabıqışlaq bələdiyyəsinin X4 aid 16 sentyabr 2006-cı il tarixli, 18 saylı iclas protokolundan çıxarış və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

17. Dövlət arxivinin Quba filialı tərəfindən təqdim edilmiş Quba rayonu Talabıqışlaq bələdiyyəsinin X4 aid 20 oktyabr 2001-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarış və ona əlavə edilmiş sənədlərdən görünür ki, X4 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

18. Torpaqların alqı-satqısına dair aktlardan görünür ki, ünvan 3i ünvanında yaşayan X4 0,08 ha və 0,04 ha torpaq sahəsi satılmışdır.

19. Quba rayonu, Talabıqışlaq bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarışlardan görünür ki, ünvan 3i ərazisində X4 0,08 ha və 0,04 ha torpaq sahəsinin ayrılması təsdiq edilmişdir.

20. Məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təqdim edilmiş müayinə aktından görünür ki, sözügedən məktubla əlaqədar mübahisəli torpaq sahəsində olduq və iddiaçının iddia etdiyi torpaq sahələrinin koordinatları GPS aləti vasitəsi ilə naturadan (yerdən) götürülmüşdür. Müayinə zamanı mübahisəli hal qeydə alınmamışdır. İddiaçı tərəfindən iddia olunan 0,08 ha torpaq sahəsinin daxilində fərdi yaşayış evi və köməkçi həyət tikililəri mövcuddur. Kameral araşdırma nəticəsi olaraq bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahələri 0.08 ha və 0.04 ha təşkil edir. Bildiririk ki, iddiaçı tərəfindən iddia olunan torpaq sahələrinin yerləşmə mövqeyi ilə Quba rayon Talabıqışlaq bələdiyyəsinin təsdiq etdiyi 1:10000-lik və 1:2000-lik sxemlərdə göstərilmiş torpaq sahələrinin yerləşmə mövqeyləri ilə uyğunluq təşkil edir. Torpaq sahəsi baza məlumatlarında olan xəritə materiallarına əsasən, heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür və heç bir mühafizə zolağında yerləşmir. Torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri üzərində heç bir mülkiyyət hüquqları tanınmamışdır. Sözügedən torpaq sahələri baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) əsasən, X6 kateqoriyalı olub uqodiyası fərdi yaşayış kimi göstərilmişdir. Mübahisəli torpaq sahəsinə dair tərəfimizdən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir.

IV. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 5.2-ci maddəsinə əsasən, mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 48.3-cü maddəsinə əsasən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. 49.4-cü maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir; 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

26. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət 28. qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyətiorqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

28. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

30. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

34. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməlolunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

V. Məhkəmənin mövqeyi

35. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

36. Məhkəmə tərəfindən müəyyən edildi ki, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 20 oktyabr 2001-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı ilə iddiaçının mərhum əri X3 adına Quba rayonu Talabıqışlaq kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göstərilən torpaq sahəsinin dəyəri olan 720000 manat məbləğində pul mərhumun əri Famil İdrisov tərəfindən 18 dekabr 2001-ci il tarixdə rəsmi qəbzə bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin qərar əsasında 20 noyabr 2006-cı il tarixdə Talabıqışlaq bələdiyyəsinin sədri G.İ.Qeybullayevin, Quba rayon torpaq şöbəsinin müdiri A.A.Xudaverdiyevin və iddiaçının mərhum əri F.M.İdrisovun iştirakı ilə torpaqların alqı-satqısına dair akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Bundan əlavə, Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 16 sentyabr 2006-cı il tarixli, 18 saylı iclas protokolunun qərarı ilə iddiaçının mərhum əri X3 adına Quba rayonu Talabıqışlaq kəndi ərazisindən 0,04 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Göstərilən torpaq sahəsinin dəyəri olan 36 manat məbləğində pul iddiaçının əri Famil İdrisov tərəfindən 11 sentyabr 2006-cı il tarixdə rəsmi qəbzlə bələdiyyənin bank hesabına ödənilmişdir. Həmin qərar əsasında 20 noyabr 2006-cı il tarixdə Talabıqışlaq bələdiyyəsinin sədri G.İ.Qeybullayevin, Quba rayon torpaq şöbəsinin müdiri A.A.Xudaverdiyevin və əri F.M.İdrisovun iştirakı ilə torpaqların alqısatqısına dair akt tərtib olunmuş, iştirakçılar tərəfindən imzalanmaqla bələdiyyə və torpaq şöbəsinin möhürləri ilə təsdiq olunmuşdur. Hər iki torpaq sahəsi bir-birinə bitişik yerləşməklə bir hasarın içindədir. Torpaq sahələri qərarlarla satıldığı vaxtdan iddiaçının qanuni istifadəsindədir. 2010-cu ilin ortalarında iddiaçının əri X5 işsizlikdən Rusiya Federasiyasına getmiş və orada özünə iş tapıb yaşamışdır.

37. Məhkəmə hesab edir ki, cavabdehin imtinanın dəlili kimi göstərmiş yerquruluşu xəritəsindən çıxarışlar Quba RİH-nin Tikinti və Memarlıq şöbəsi tərəfində təsdiq edilməməsi mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Həmin sənədlərin tərtibatı müvafiq orqanların səlahiyyətlərinə aid olmuşdur. Hazırda iddiaçı bu səbəblərdən mülkiyyət hüququndan məhrum edilə bilməz.

38. Məhkəmə cavabdehin torpaq sahəsinin mülkiyyətçisinin xarici ölkə vətəndaşı olması dəlilinə münasibətdə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Belə ki, Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.

39. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır, lakin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Başqa sözlə, torpaq islahatı zamanı iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsi əvəzsiz olaraq ona verilmiş, torpaq sahəsi əvəzsiz olaraq ona verildiyindən mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir.

40. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına qanuni gözləntisinin hazırki halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanını verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.

41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

44. Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla icarəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Topraq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən “ədalətli balans” a xidmət edir.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

46. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 20 oktyabr 2001-ci il tarixli, 17 saylı iclas protokolunun qərarı və 20 noyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,08 ha və Quba rayonu Talabıqışlaq bələdiyyəsinin 16 sentyabr 2006-cı il tarixli, 18 saylı iclas protokolunun qərarı və 20 noyabr 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktı ilə satılmış 0,04 ha torpaq sahəsini 1 il ərzində özgəninkiləşdirməklə X4 məxsus olması barədə arayışların verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X7-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar